Xəbərlər
Humanizm prinsipi dövlətin siyasətində mühüm yer tutur
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Ölkəmiz sürətlə müasirləşir, yeniləşir, demokratik proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da prioritet olacaq. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Sabitliyin, qanunun aliliyinin təmin olunması demokratiyanın əsas elementləridir. Böyük əminliklə deyə bilərik ki, Azərbaycan demokratik, hüquqi, sivil dəyərlərə sadiqdir və bunu davamlı addımları ilə təsdiqləyir.
Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib. Ümummilli Lider Heyfər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamıza zaman-zaman edilən əlavə və dəyişikliklər də insan amilinə böyük dəyər verildiyini, insan hüquqlarının qorunmasının prioritetliyini təsdiqləyir. 2009-cu ildə keçirilən referendumda “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir. Bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də var. Dövlət başçısı İlham Əliyev bildirir ki, bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir.
1995-ci ildən imzalanan əfv sərəncamları və qəbul edilən Amnistiya aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini təsdiqləyir. Humanizm prinsipi dövlətin siyasətində mühüm yer tutur. Əfv sərəncamlarına, Amnistiya aktlarına uyğun olaraq minlərlə məhbusun azadlığa buraxılması onların cəmiyyətə inteqrasiya olunmalarına, sivil Azərbaycan dövlətinin layiqli vətəndaşı kimi uca adı daşımalarına bir daha imkan yaradır. Bu kimi sərəncamlar, Amnistiya aktları eyni zamanda, vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Dövlətimizin başçısı suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü. Müstəqil Azərbaycan tarixində ən böyük amnistiya kimi dəyərləndirilən bu mühüm addımın ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
