YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: ABŞ ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir

Avqustun 31-də Milli Məclis sədrinin müavini Bahar Muradova ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Bahar Muradova Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji müttəfiqliyə əsaslandığını və onun tarixinin çox qədim olduğunu söyləyib. Milli Məclis sədrinin müavini bildirib ki, ABŞ ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir. Bu münasibətlər təkcə hər iki ölkə rəsmilərinin arasında deyil, eləcə də vətəndaş cəmiyyəti və icmalar arasında getdikcə inkişaf etməkdədir. Bu səfər də ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcək.

Bahar Muradova deyib ki, Azərbaycan Şərqdə ilk demokratik respublika olmaqla əldə etdiyi nailiyyətləri həm ölkəsinin, həm də regionun inkişafı naminə istifadə etməkdədir. Qədim demokratik ənənələri olan ölkələrimizin bugünkü çətin beynəlxalq vəziyyətdə münasibətlərinin getdikcə intensivləşməsi hesab edirəm ki, bizi təhdid edən çağırışlara çox ciddi cavabdır. Bu çağırışlar bizi narahat edir və dünyamızın qarşısında duran hədəflərə çox ciddi maneələr kimi qəbul olunur. Azərbaycan etnik qrupların, müxtəlif dinlərin, ayrı-ayrı xalqların çox rahat, asudə və harmoniya şəraitində yaşadığı tolerant ölkədir.

Milli Məclis sədrinin müavini müasir beynəlxalq aləmdə parlament diplomatiyasının xüsusi rol oynadığını və bu istiqamətdə hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsinin və genişləndirilməsinin önəmini vurğulayıb. Bildirilib ki, bu gün artıq hər iki ölkənin ən müxtəlif bölgələrində bir-biri ilə dost olan, fəaliyyətlərindən xəbərdar olan və bu imkandan da ölkələrimiz arasındakı münasibətlərə müsbət töhfə vermək üçün istifadə edən insanların çevrəsi getdikcə genişlənir.

Azərbaycan ilə münasibətlərə önəm verdiyinə görə qonaqlara təşəkkürünü bildirən Bahar Muradova xatırladıb ki, bu, özünü bir sıra məsələlərdə göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və konkret olaraq Xocalı soyqırımı ilə əlaqədar Nyu-Meksiko ştatı ardıcıl iki sənəd qəbul edib. Bu gün ABŞ-ın 20-yə yaxın ştatı Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar obyektiv mövqe sərgiləyən sənədlər qəbul edib.

Milli Məclis sədrinin müavini deyib ki, Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq parlament seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək.

Azərbaycan ilə Nyu-Meksiko ştatı arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Nyu-Meksiko ştatının dövlət senatoru Meri Key Papen bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. O, hazırda ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini söyləyərək respublikamızın tarixi, hazırkı inkişafı haqqında kifayət qədər məlumat əldə etdiklərini deyib. Nyu-Meksiko ştatının dövlət senatoru burada bir sıra görüşlər keçirdiyini, Bakının müasir görkəminə heyran qaldığını bildirib. Qonaq Nyu-Meksiko ştatının ölkəmizlə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayaraq, xüsusilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılmasının önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.