YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı faciəsi milli iradəmizi sarsıtmadı

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin qisası döyüş meydanında alındı. Mənfur düşmən Xocalı soyqırımını törətməklə xalqımızın gözünü qorxutmaq istəsə də buna nail ola bilmədi. Bu faciə hər birimizi yaralasa da milli iradəmizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya nümayişi oldu. Xalqımız Vətən, torpaq sevgisini  dəmir yumruq kimi birliyində, həmrəyliyində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə həyata keçirməkdə təsdiqlədi. Ən yüksək tribunalardan “Xalqımız heç zaman işğalla barışmayacaq”, “Qarabağ Azərbaycandır və nida işarəsi” kimi bəyanatlar səsləndirən cənab İlham Əlivin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində bu çağırışlar  reallıqda öz təsdiqini tapdı. Bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, yenidən qurulur, bərpa edilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Bu gün Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır. 

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda qəhrəmanlıq dolu tariximizin faciəli səhifələrini fərəqləyir, onların unudulmamasına çağırışlar edilir, beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində fəaliyyətimizi davam etdiririk.  Tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 32-ci  ili tamam olur. Əvvəldə də qeyd etdiyimiz kimi, ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə  xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur  düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Faciənin ildönümlərində paytaxtın Azadlıq meydanından Xocalı abidəsinə doğru  on  minlərlə insanın iştirakı ilə   Xocalı soyqırımı qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti  dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb. Bir gecədə yerlə-yeksan edilmiş Xocalı şəhərinin adı  indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.  Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etdi və onun dinc əhalisinə amansızcasına divan tutdular. Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  başlandı. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın   24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli lider Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində  sükut dəqiqəsi elan edilib.  2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirib. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 30-dan artıq ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Azərbaycan dövləti, xalqı Xocalı faciəsi qurbanlarının xatirəsini əziz tutur, daim yad edir. Onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Onlar erməni vəhşiliklərinin şahidləridirlər.

DİGƏR Xəbərlər Arxiv