YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalətin tərəfdarıyıq

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyev ADA Universitetində "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda 30 ölkəni təmsil edən 60-dan çox siyasi ekspertin suallarını cavablandırdı. Ölkə başçımızın 3 saat müddətində verilən sualları səmimi və faktlarla cavablandırması siyasi ekspertlərin heyrətinə səbəb oldu. Siyasi ekspertlər ölkə başçımızın güclü siyasətçi və diplomat olduğunu vurğuladılar. Prezident İlham Əliyev Azərbaycanın hər zaman sülhün, ədalətin tərəfdarı olduğunu, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olmasını vurğulayıb. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı vaxtlarda belə Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması təklifini irəli sürmüşdür. Ermənistan rəhbərliyi isə sona qədər işğalçılıq siyasətini davam etdirib, Azərbaycana qarşı yeni torpaq iddiaları ilə çıxış edirdi. Ermənistanın Baş naziri Paşinyanın "Qarabağ Ermənistandır" deməsi, Şuşaya gələrək Cıdır düzündə rəqs etməsi, Qarabağdakı separatçıları "müstəqillik" münasibətilə təbrik etməsi sülh prosesini mümkünsüz etdi. Münaqişəni sülh yolu ilə həll etməyə çalışan Prezident cənab İlham Əliyev Ermənistanın bu təxribatçı hərəkətlərindən sonra problemin həll yolunun müharibə olduğunu vurğulamışdır. Bir sıra Qərb dövlətlərinin liderləri müharibənin həll variantının olmadığını vurğulayır, bununla da Ermənistanın işğal siyasətinə haqq qazandırmış olurdular. 2020-ci ildə Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Münaqişənin həll olunmasının hərbi yolla həll edilməsi öz təsdiqini tapdı. Bununla da Azərbaycan regionda yeni reallıq yaratdı. Münaqişənin həll olunması regionda sülhün yaranması yolunda böyük addım oldu. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün Rusiya Federasiyası, Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə bir sıra görüşlər keçirildi. Fransa Prezidentinin də iştirak etdiyi dördtərəfli Praqa görüşündə Ermənistanın Baş Naziri Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dilə gətirdi. Görüşdən bir həftə sonra Fransa Prezidenti Makronun Azərbaycanın ünvanına söylədiyi qərəzli və riyakar fikirləri onun Cənubi Qafqazda sülhün yaranmasına mane olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək Fransanın vasitəçi kimi danışıqlarda iştirakının qeyri mümkün olduğunu vurğuladı. Sülhün yaranmasını əngəlləyən digər məsələ isə müharibədən 3 il keçməsinə baxmayaraq Ermənistanın hələ də öz silahlı qüvvələrini Qarabağdan çıxarmaması idi. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq 2023-cü ilin sentyabrında Qarabağda antiterror tədbirləri keçirdi və separatçılar 24 saat keçməmiş məğlub olduqlarını bəyan etdilər. Azərbaycan Ordusu antiterror tədbirlərini heç bir mülki obyektlərə və dinc insanlara zərər vermədən uğurla həyata keçirtdi. Fransa rəsmiləri və Avropa Parlamentinin bir çox deputatları guya Qarabağda ermənilərin Azərbaycan tərəfindən deportasiyaya məruz qalmaları barədə bəyanatlar səsləndirməyə başladılar. Baxmayaraq ki, BMT-nin xüsusi nümayəndələri Azərbaycan tərəfindən ermənilərə qarşı heç bir zorakılıq törədilməməsi barədə rəy vermişdilər. Qarabağda yaşayan ermənilər öz istəklərilə, eləcə də Qarabağdakı separatçıların təkidi ilə bölgəni tərk etmişdilər. Azərbaycan sərhədçiləri ermənilərin Ermənistana keçmələri üçün onlara hər cür rahat şərait yaratmışdılar. Antiterror tədbirləri zamanı və sonra Azərbaycan dəfələrlə Qarabağda yaşayan ermənilərə evlərini tərk etməməyi, onların təhlükəsizliklərinin təmin olunacağını bildirmişdir. Ölkə başçımız dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələrində vurğulamışdır ki, Qarabağda yaşayan erməniəsilli insanlar Azərbaycan vətəndaşlığını qəbul etsələr Konstitusiyaya uyğun olaraq onların öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamaları üçün bütün şərait yaradılacaq. Hətta onlar bələdiyyə seçkilərində iştirak edib öz nümayəndələrini də seçə bilərlər. Azərbaycanın bu humanist çağırışlarına baxmayaraq Avropa Parlamenti və Avropa siyasətində özünü şoumen kimi aparan Avropa İttifaqının Xarici Məsələlər Komitəsinin sədri Borelli Azərbaycana qarşı qərəzli mövqelərindən əl çəkmək niyyətində deyillər. Bu insanlar öz dayaz düşüncələri ilə anlamırlar ki, Avropa İttifaqı üzv dövlətlərin enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xahişlə müraciət etmişdir. Avropa İttifaqı Şurası və Avropa İttifaqı Komisarlığı ilə Azərbaycan arasında enerji və digər sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycandan Avropanın bir sıra dövlətlərinə təbii qaz ixrac edilir və yaxın vaxtlarda Azərbaycanda hasil ediləcək yaşıl enerji də Avropaya nəql ediləcək. Borelli və onunla həmfikir olan ikiüzlü avropalı siyasətçilər Prezident İlham Əliyevin Forumda çıxışını dinlədikdən sonra böyük siyasətçi, dövlət xadimi və xalqın Liderinin necə olduğunu görüb dərs almalıdırlar.