YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz təşəbbüs göstərdik...

İtaliyanın nüfuzlu “il Giornale” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

“İlham Əliyevin Azərbaycanın inkişafı resepti: sülh müqaviləsi, təhlükəsizlik və investisiya” adlı məqalədə Prezident İlham Əliyevin Forumda beynəlxalq qonaqların müxtəlif məsələlərlə bağlı suallarını cavablandırdığı bildirilib. Azərbaycan Prezidenti vurğulayıb ki, təsirli iqtisadi inkişafa arxalanan sabit ölkə üçün potensial təhlükə yoxdur: “Keçmişdə Azərbaycana olan təhlükə məhz Ermənistan və onun işğalı ilə bağlı idi. Həmin təhlükə 30 il ərzində məhz buradan qaynaqlanırdı və artıq biz bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, biz keçmişimizi unutmamalıyıq. Biz unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi”.

Yazıda Prezident İlham Əliyevin rəsmi Bakının hər hansı ssenariyə hazır olmasının vacibliyini qeyd etdiyi vurğulanır: “Biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür”.

Məqalədə Azərbaycan Prezidentinin Cənubi Qafqazda regional inkişafın əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılı olduğunu vurğuladığı qeyd edilir: “Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Əlbəttə, bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”.

Yazıda Prezident İlham Əliyevin bu fikirlərinə də yer verilib: “Hazırda hamı yeni reallığı nəzərə almalıdır. Çünki 30 illik işğal dövrünü, dağıntılar dövrünü, həmçinin İkinci Qarabağ müharibəsinin reallıqlarını qəbul etmədən həlli düşünmək mümkün deyil. Lakin hazırda beynəlxalq vasitəçilərin səyləri kifayət deyil. Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesdə dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. Çünki düşünürəm ki, Ermənistan son addımını atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sonuncu mühüm məqamdır. Ermənistan bu bəndlə razılaşsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür. Lakin bu olmasa, biz onları məcbur edə bilmərik”.

Azərbaycan Prezidentinin Qarabağda minatəmizləmə prosesinin əhəmiyyətini qeyd etdiyi, bunun həll edilməli olan ən mürəkkəb və vacib məsələlərdən biri kimi vurğuladığı bildirilir. Məqalədə Prezident İlham Əliyevin bu fikirlərinə də yer verilir: “Təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər. Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu”.

Məqalədə Prezident İlham Əliyevin Transxəzər Qaz Boru Kəmərinin Azərbaycanın təşəbbüsü ilə başlayacaq layihə olmadığını, ölkəmizin inkişaf və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı proqramının olduğunu və valyuta ehtiyatlarımızın ümumi daxili məhsulu 10 dəfə üstələdiyini qeyd etdiyi də vurğulanır.