YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar medianın diqqət mərkəzindədir

“Uzun illər erməni vandalları işğal etdikləri torpaqlardan tariximizi, mədəniyyətimizi yox etməyə çalışdılar, lakin bacarmadılar. Bu gün artıq həmin torpaqların əsl sahibləri geri dönüblər.  Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən, Şuşa şəhərinə hər bir səfəri bu şəhərin tarixi, siyasi əhəmiyyətini bir daha ortaya qoyur. İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi.  “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Prezident İlham Əliyev Forumda çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Prezident çıxışında qeyd edib ki, Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir: “Mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir. Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-media, media-cəmiyyət münasibətlərində yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri etdi.  Şuşada Qlobal Media Forumunun keçirilməsi ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir. Sual-cavab formatında keçirilən forumda dövlət başçımız dünyada və regionda baş verən siyasi proseslərlə əlaqədar media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yanaşı, bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyini də bildirdi. Prezident İlham Əliyev Ermənistanın sülh imzalamaqdan başqa yolu olmadığını açıq şəkildə bəyan etdi. Bildirdi ki, Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diktə edən tərəf Azərbaycandır. Sülhə nail olunması hər iki ölkənin iqtisadiyyatına ciddi töhfə verəcək. Bu gün sülhün gətirəcəyi iqtisadi dividentlərə möhtac olan tərəf Ermənistandır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır.  Ölkəmiz regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır. Sülh sazişi layihəsinin hazırlanması gündəliyi müəyyən olunub.  Münaqişə bitdikdən sonra Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması, mübahisəli məsələlərin həll edilməsi məqsədi ilə keçirilən bütün görüşlər Prezident İlham Əliyevin yüksək diplomatik məharəti və qətiyyətli siyasəti nəticəsində ölkəmizin xeyrinə yekunlaşır və görüşlərdən sonra qəbul edilmiş bəyanatlar da Azərbaycanın üstünlüyünü təsdiq edir.

Deputat diqqətə çatdırıb ki, bu gün dünya iqtisadiyyatında baş verən çətinliklər, böhranlar onu göstərir ki, ölkəmizin iqtisadiyyatı daha dayanıqlıdır. Ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda öz büdcəsi hesabına genişmiqyaslı quruculuq işləri aparır. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.  Eyni zamanda, həmin ərazilərdə yeni hərbi hissələr də yaradılıb ki, bu da həm Ermənistana, həm də işğalçı ölkənin havadarlarına ciddi mesajdır. Azərbaycanın nəqliyyat infrastrukturu müasirdir və yükdaşıma potensialı çox yüksəkdir. Dövlət başçımız bildirib ki, təbii və iqlim şəraitinə, turizm potensialına, kənd təsərrüfatı və həmçinin bərpaolunan enerji mənbələri resurslarına, potensialına görə Qarabağ və Şərqi Zəngəzur bizim ümumdaxili məhsulda ciddi artıma səbəb olacaqlar. Növbəti ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisi başa çatacaq ki, artıq, 50 meqavatdan çoxu istismara verilib. Qarabağda su elektrik stansiyalarının istifadə səmərəliliyi Azərbaycanın hər hansı digər bölgəsi ilə müqayisədə dəfələrlə yüksəkdir. Kəlbəcər-Laçın zonasında külək enerjisinin nəhəng potensialı mövcuddur. Cəbrayıl rayonunda isə bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq. Həmçinin, dövlət başçımız qeyd edib ki, bəzi Amerika şirkətləri artıq Azərbaycanın bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir. Külək Xəzər dənizində də böyük gəlir gətirəcək. Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik.

Prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdir. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Zəngəzur dəhlizi vasitəsilə türkdilli dövlətlərin inteqrasiyasının sürətləndirilməsi, Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişafı həyata keçiriləcəkdir: “Azərbaycanın nəqliyyat infrastrukturu müasirdir və yükdaşıma potensialı çox yüksəkdir. Biz Mərkəzi Asiya ölkələri ilə rabitə və nəqliyyat əlaqələrinin qurulması üzərində işləyirik. Asiyadan gələn yüklər Xəzər dənizindən keçməklə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxmalıdır. Bu yol Mərkəzi Asiya ölkələri üçün ən mühüm nəqliyyat marşrutlarından biri olacaq”.

K.Bayramov əlavə edib ki, azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan birgə Bəyannamə Azərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. Bununla da Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması bundan sonra da hər iki ölkənin imkanlarının səfərbər ediləcəyini rəsmən təsdiqlədi. İki qardaş ölkə başçısı tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bir çox vacib müddəalara aydınlıq gətirdi: “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik”.