YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşadan verilən mesajlar

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

İyulun 21-də ölkəmizin mədəniyyət paytaxtında “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir çox məsələlərə aydınlıq gətirdi və baş verən proseslərə öz münasibətini bildirdi. Ölkə başçısının toxunduğu əsas məsələlərdən biri çox yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri idi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Türkiyə Prezidenti Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, ölkəmiz üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan Azərbaycanla çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində xalqımız həmin o mənəvi dəstəyi qardaş Türkiyədən hiss etdi.

İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və ölkələrimiz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Bu, xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Ölkə başçısı qeyd etdi ki, Bəyannamə qarşımızda yeni üfüqlər açır və əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə regionumuzda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.

Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinə də münasibət bildirdi. Ölkə başçısı qeyd etdi ki, ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm təmələ malik idi. Məhz Rusiya tərəfi Ermənistan və Azərbaycan 2020-ci il noyabrın 9-da, Üçtərəfli Bəyanatın razılaşdırılmasının getdiyi bir vaxtda həmin birləşdirici rolu oynamışdı. Bəyannamə imzalanan andan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı kifayət qədər uğurlu olub. Yüksək səviyyədə xeyli təmaslar olub, hökumət başçıları, xarici siyasət qurumları və digər hökumət və ictimai strukturların təmsilçiləri səviyyəsində təmaslar olub.  Bir sözlə, iki ölkə arasında sabit əməkdaşlıq əlaqələri mövcuddur. Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz kiçik nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir. Prezident İlham Əliyev onu da vurğuladı ki, dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçün müxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır. Lakin belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir. Ona görə münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır.

Ölkə başçısı Azərbaycanın beynəlxalq aləmdə artıq yüksək nüfuz sahibi və etibarlı tərəfdaş olaraq tanındığına diqqət çəkərək ölkəmizin qlobal əhəmiyyətli təşəbbüslərindən də bəhs etdi. Prezident İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib. Sirr deyil ki, son zamanlarda Hərəkat tədricən deqradasiyaya uğramışdı və o, praktik olaraq xüsusi davamı olmayan müəyyən məsələlərin müzakirə platformasına çevrilmişdi. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunur. COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatı dünya ictimaiyyətinin bu problemə diqqətinin cəlb olunmasında liderlik nümayiş etdirdi. Azərbaycan sədr kimi, vaksin milliyyətçiliyinə qarşı fəal çıxış edən ölkələrdən biri olub. Ölkəmiz heç kimdən çəkinməyərək, ölkələri öz adları ilə adlandırırdıq – onlar özlərinə lazım olduğundan beş dəfə artıq vaksin alırdılar, baxmayaraq ki, eyni zamanda, bir çox yoxsul ölkələr müdafiə olunmamış qalırdılar. Azərbaycanın təşəbbüsü ilə Hərəkat ölkələrində məlumat bazası yaradılıb, bu bazadan Ümumdünya Səhiyyə Təşkilatı da istifadə edib. Bundan başqa, Azərbaycan humanitar və maliyyə yardımı məqsədilə 10 milyon ABŞ dolları ayırıb və bir çox ölkələrə vaksinlərlə yardım edib.

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda  həmçinin vurğuladı ki, artıq Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir. Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək.

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ermənistanın ölkəmizə qarşı mina terrorunu davam etdirdiyini bildirən ölkə başçısı qeyd etdi ki, minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Bu müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır.

Ölkəmiz isə ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, ərazilərimiz minalardan təmizlənsin. Ölkə başçısı bildirdi ki, bunun üçün avadanlıqlar alınıb, xüsusi maşınlar gətirilib. Yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Özəl şirkətləri dəvət edilib və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıb ki, onlar da bu prosesə qoşulublar. ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin isə Azərbaycana verdiyi xəritə təqribən 400 min minanı əhatə edir.

Bütün bu çətinliklərə baxmayaraq Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin plana əsasən həyata keçirdildiyini Forum iştirakçılarının diqqətinə çatdıran Prezident cənab İlham Əliyev bildirdi ki, artıq 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır. Paralel olaraq Böyük Qayıdış proqramının icrasına başlanılmışdır. Bu mövzuda danışarkən ölkə başçısı vurğuladı ki, təxminən növbəti üç il ərzində 150 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura qayıdacaqlar.