YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəticələr uğurludur

Anar Məmmədov

Milli Məclisin deputatı

11 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirədə çıxış edən cənab Prezident bir çox mühüm məsələlərə toxundu. Cari ilin ilk altı ayının nəticələri deməyə əsas verir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir.

Ölkə başçısı müşavirədə çıxışı zamanı görülmüş işlər, əldə olunan nəticələr haqqında geniş məlumat verdi, həmçinin qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi,  cari dövr ərzində də dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atılan addımlar uğurlu olub, nəticədə altı ay ərzində qeyri-neft sektoru 3 faizdən çox artıb, maliyyə vəziyyətimiz büdcədə dürüstləşmə aparacaq qədər yaxşılaşıb. 2023-cü ilin altı ayının yekunları göstərdi ki, iqtisadi artım iqtisadiyyatın demək olar bütün sektorlarını əhatə etməkdədir. Qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artıb. Eləcə də, xarici dövlət borcu azalıb. Eyni zamanda Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Bir sözlə, 2023-cü ilin ilk altı ayının göstəriciləri bir daha isbatlayır ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Heç şübhəsiz ki, ötən altı ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır və onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr uğurla icra edilib. Əldə olunan iqtisadi yüksəliş isə birbaşa aparılan islahatların nəticəsidir.   Məhz, bütün sahələrdə şəffaflaşmanın həyata keçirilməsi, korrupsiya ilə ciddi  mübarizənin aparılması, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə sektorunda nizam-intizamın təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi Azərbaycanda inkişaf tendensiyasının keyfiyyətcə yeni mərhələsini labüdləşdirib. Xüsusən də istər pandemiyadan əvvəlki, istərsə də sonrakı müddətdə, postmünaqişə dövründə Azərbaycan iqtisadi və sosial sahələrdə qarşısında duran bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. 2018-ci ildən sonra ölkədə 3 böyük sosial paketin icra olunması, həssas qrupların təqaüdlərinin, əhalinin maaşlarının artırılması, dünyadakı geosiyasi böhranın doğurduğu təsirlərə baxmayaraq, heç bir sosial layihənin ixtisar edilməməsi bir daha Azərbaycanın uğurlu inkişafından, düzgün siyasətin həyata keçirilməsindən xəbər verir.

Cənab Prezident çıxışında Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırdı. Bir daha şahid olduq ki, Azərbaycanın müdafiə və təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində saxlanılan əsas istiqamətlərdir. Güclü ordu bu gün dövlətlərin milli maraqlarının qorunmasında ən ciddi amillərdən biri kimi çıxış edir. Bu gün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard manatdan çoxdur. Bu, Ermənistanın dövlət büdcəsi xərclərinin 50 faizindən artıqdır. Təsadüfi deyil ki, biz regionun ən güclü ordusuna sahib ölkəsiyik. Bütün bunlar milli təhlükəsizliyimizin daha etibarlı qorunmasına imkan yaradır. 

Bu gün azad edilmiş torpaqlarda da həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır. Azərbaycana edilən təyziqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya imzalamasından sonra dərhal bərpa işlərinə başlaması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq. Cənab Prezidentin də ifadə etdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi və hərbi potensialımızın güclənməsi əsas prioritetlər olaraq qalır və son 6 ayda bu istiqamətlərdə də ciddi irəliləyişlər var. Birinci mərhələdə yenidən qurulması nəzərdə tutulan 100 yaşayış məntəqəsindən 30-nun - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında cənab Prezident şəxsən iştirak edib və proses sürətlə və keyfiyyətli formada davam edir. Digər tərəfdən, büdcə dürüstləşməsi zamanı əlavə edilən 3 milyard manatdan çox vəsaitin 1,8 milyardı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə,1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə ayrılmaqla prosesdə dövlətin iradəsi ifadə olunub.

Prezident müşavirədə hazırda əhalini narahat edən, belə demək mümkünsə, ən ciddi və ən xırda görünə bilən məqamlara belə toxundu. Bu, ilk növbədə dövlət başçısının xüsusən problemləri yaradan şəxslərə mesajı kimi də dəyərləndirilə bilər.

Ümumilikdə cənab Prezidentin 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.