YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Unikal siyasi model

“Son illər ərzində ölkəmizdə dayanıqlı və sağlam siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində əsaslı islahatlar həyata keçirilmiş, qanunlar qəbul edilmişdir . Ümumilikdə bu sahə Prezident İlham Əliyevin təşəbbüsləri əsasında daha da təkmilləşdirilmişdir.  Bunun da nəticəsi olaraq ötən iki il ərzində ölkəmizdə  “siyasi dialoq” məfhumu aktuallaşmış, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələr inkişaf etdirilmiş, siyasi münasibətlərdə köhnə stereotiplər dəyişdirilmiş, qərəzli mövqelərdən çıxış edən tərəflər öz səhvlərini etiraf etmək və siyasi fəaliyyətlərini yeni təmiz səhifədən başlamaq şansını əldə etmişdir. Eyni zamanda, ölkəmizdə son iki il ərzində həyata keçirilən dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasəti, siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması baxımında da böyük əhəmiyyət kəsb etmişdir.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə sağlam siyasi mühitin formalaşdırılması məsələsini xüsusi diqqətdə saxlamışdır. Prezident İlham Əliyev siyasi sistemdə sağlam müxalifətçiliyin əhəmiyyətini qeyd etmiş və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir etmişdir.

Prezident İlham Əliyev 3 mart 2021-ci il tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayında bu fikirləri söyləmişdir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Bütün bu tədbir və təşəbbüslərlə yanaşı ölkəmizdə, siyasi sistemdə partiyaların güclənməsinə və siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərin balansına hesablanmış “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi hazırlanmış və qüvvəyə minmişdir. Qəbul edilmiş yeni qanun layihəsi müasir dövrün tələbləri ilə yanaşı bütünlükdə dünya standartlarına da tam cavab verir. Sözügedən yeni qanun layihəsi ölkəmizdə siyasi mühitinin inkşafına və siyasi sistemin dayanıqlığına böyük təkan verməklə yanaşı  siyasi partiyalar üçün yeni imkanlar da açmış oldu:

“Ümumilikdə bu gün Azərbaycanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında unikal siyasi model sistemi formalaşdırılmışdır”.