Xəbərlər
Dövlət proqramının uğurla icra olunması ölkə iqtisadiyyatına töhfə verəcəkdir
Vüsar İsmayılov
YAP Binəqədi rayon təşkilatının sədri
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı və şaxələndirilməsi müasir dövrün ən vacib strateji hədəflərindən biridir. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkənin sənaye xəritəsində yeni bir mərhələnin əsasını qoyur. Müşavirədə səsləndirilən fikirlər, müəyyən edilən hədəflər və qarşıya qoyulan vəzifələr Azərbaycanın yaxın gələcəkdə regionun aparıcı metallurgiya və mədənçıxarma mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir.
Ölkəmiz zəngin təbii resurslara, xüsusilə də əlvan və qara metal filizi yataqlarına sahibdir. İşğaldan azad edilmiş ərazilərimizin – Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına inteqrasiyası bu potensialı bir neçə dəfə artırıb. Qızıl, mis, dəmir filizi, gümüş və digər strateji xammal ehtiyatlarının səmərəli istismarı qeyri-neft sənayesinin daxili məhsuldarlığını yüksəltmək üçün əvəzolunmaz imkanlar yaradır.
2027–2030-cu illəri əhatə edəcək Dövlət Proqramı məhz bu resurslardan yalnız xammal kimi deyil, yüksək əlavə dəyər yaradan son məhsul kimi istifadə olunmasını hədəfləyir. Müşavirədə dövlət başçısının vurğuladığı əsas məqamlardan biri də elə bundan ibarətdir: Azərbaycan xammal ixrac edən ölkədən dərin emal olunmuş, rəqabətqabiliyyətli son metallurgiya məhsulları istehsal edən sənaye mərkəzinə çevrilməlidir.
Dövlət Proqramının uğurla icra olunması ölkə iqtisadiyyatına bir çox istiqamətdə töhfə verəcək. Daxili bazarın yerli metal məhsulları ilə təmin edilməsi idxaldan asılılığı kəskin azaldacaq. İstehsal olunan son məhsulların dünya bazarlarına çıxarılması isə qeyri-neft ixracından gələn valyuta daxilolmalarını dəfələrlə artıracaq. Dağ-mədən və metallurgiya kompleksi iri həcmli işçi qüvvəsi tələb edən sahədir. Proqram çərçivəsində regional sənaye klasterlərinin qurulması, xüsusən Daşkəsən, Qazax, Kəlbəcər, Zəngilan kimi bölgələrdə minlərlə yeni və yüksəködənişli iş yerinin açılmasına gətirib çıxaracaq. Metallurgiyanın inkişafı maşınqayırma, tikinti, energetika və nəqliyyat-logistika sektorlarının da paralel inkişafına təkan verəcək.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında hazırlanan və 2027–2030-cu illəri əhatə edəcək bu Dövlət Proqramı Azərbaycanın sənayeləşmə siyasətində keyfiyyətcə yeni bir səhifə açır. Müşavirədə müəyyən edilən strateji kurs göstərir ki, ölkəmiz yaxın illərdə təbii resurslarından maksimal səmərə ilə istifadə edərək, regionda ağır sənayenin və metallurgiyanın modern mərkəzinə çevrilmək əzmindədir.
