YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağ-mədən sektoru yeni mərhələyə qədəm qoyur

Müşfiq Səfərov

YAP Beyləqan rayon təşkilatının sədri

Son vaxtlar ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcək daha bir neçə dövlət proqramı qəbul olunub. Qəbul edilmiş proqramlar arasında  üç əsas istiqamətə həsr olunanları xüsusi önəm daşıyır. Bunlar kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair dövlət proqramlarıdır.

Sentyabrın 22-də isə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. Bu, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahədir və bununla bağlı dövlət proqramının hazırlanması üçün Prezident İlham Əliyev hələ aprel ayında müvafiq sərəncam imzalamışdır. Sözügedən müşavirədə də dövlətimizin başçısı bu sahənin ölkə iqtisadiyyatı üçün, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını, çox perspektivli olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bu, maliyyətutumlu sahə olsa da, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradacaq. Bütövlükdə təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını daha da gücləndirəcək. Yeni proqram həmçinin regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Necə ki, indiyədək qəbul edilmiş proqramlarda bölgələrin inkişafı xüsusi yer tutub. Hazırda ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bu gün ölkədə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Hətta müəyyən həcmdə elektrik enerjisi ixrac edilir.

Digər infrastruktur layihələri də uğurla həyata keçirilib və bu proses davamlıdır. Xəstəxanalar və məktəblər tikilib, avtomobil və dəmir yolları çəkilib, hava limanları inşa edilib. Qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri də şərtləndirir. “Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək. Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi,” –deyə Prezident İlham Əliyev sözügedən müşavirədə bunları bir daha xatırladıb.

İşğal dövründə təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız da talan edilirdi. Ona görə də indi bu sərvət öz geoloji kəşfiyyat dövrünü gözləyir. İlk növbədə gündəmdəki işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə start verilib.

Dövlətimizin başçısı ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının cəmi 4 il ərzində – 2027-2030-cu illərdə tam icra edilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Prezident İlham Əliyevin təbirincə, yeni proqram, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə tam uyğundur.

Ölkə rəhbəri müşavirədə müasir geoloji üsullarla mövcud yataqların potensial ehtiyatlarının tam dəqiqləşdirilməsi ilə bağlı konkret tapşırıqlar da verib. Qeyd olunub ki, sovet dövründə müəyyən rəqəmlər olsa da, o dövrdən təxminən 40 il keçdiyindən həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar mövcuddur. Eyni zamanda, istər sovet dövründə, istərsə də son illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığını diqqətə çatdıran Prezident İlham Əliyev burada ehtimal olunan yataqların lazımınca öyrənilmədiyini bildirib. Bu məqsədlə gələn ildən muxtar respublikada geoloji kəşfiyyat işlərinə başlanacağı diqqətə çatdırılıb.

Dövlət dəstəyinin ölkəmizin dağ-mədən sənayesinin yüksək potensilandan səmərəli istifadə edilməsinə verdiyi töhfələrdən bəhs edən Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətininin bu sahədəki fəaliyyətinə toxunub. Qeyd olunub ki, qurum hazırda Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının istismara hazırlanması ilə bağlı işlər görür.

Nəticədə, Azərbaycan üçün əsas iqtisadi qazanc həmin resursun ölkə daxilində neçə mərhələdən keçərək nə qədər əlavə dəyər yaratması, neçə yeni müəssisənin fəaliyyətə başlaması, nə qədər məşğulluq formalaşdırması və qeyri-neft ixracına hansı həcmdə töhfə verməsi ilə müəyyənləşəcək. Dağ-mədən sənayesinin inkişafının uzunmüddətli iqtisadi səmərəsi də məhz bu dəyər zəncirinin Azərbaycanda mümkün qədər geniş qurulmasından asılı olacaq.