YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağ-mədən sektoru: resurs, istehsal, dəyər

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl islahatlar inkişaf tempinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun rolunun artırılmasına geniş imkanlar yaradıb. Yeni istehsal sahələrinin fəaliyyətə başlaması, sənaye potensialının gücləndirilməsi və ölkənin təbii resurslarından səmərəli istifadə dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi strateji əhəmiyyət daşıyır.

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dağ-mədən və metallurgiya sənayesinin 2027–2030-cu illər üzrə inkişafına dair Dövlət Proqramının əsas istiqamətlərinin təqdim olunması bu sahənin qarşıdakı dövrdə daha sistemli və kompleks şəkildə inkişaf etdiriləcəyini göstərir. Müşavirədə cənab Prezident tərəfindən 2026-cı ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artımın qeydə alındığının vurğulanması əldə olunan uğurlu nəticələri nümayiş etdirir. Neft hasilatının təbii səbəblərdən azalması fonunda qeyri-neft sahələrinin inkişafı iqtisadi artımın yeni mənbələrinin formalaşdırılmasını və mövcud sənaye potensialından daha səmərəli istifadəni zəruri edir.

Davamlı olaraq qəbul edilən dövlət proqramlarının bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm xüsusiyyətlərindən biridir. Kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı, sənaye və digər sahələr üzrə həyata keçirilən tədbirlər yalnız ayrı-ayrı sektorların inkişafına deyil, bütövlükdə iqtisadiyyatın dayanıqlılığının artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı da bu kompleks yanaşmanın mühüm tərkib hissəsidir və ilk növbədə yeni istehsal istiqamətlərinin yaradılması, yerli xammal bazasının genişləndirilməsi və emal imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Bu sahəyə investisiyaların artırılması sənaye müəssisələrinin fəaliyyətinin genişlənməsinə, məhsul istehsalının və ixrac imkanlarının artmasına, eləcə də ölkənin sənaye kooperasiyasının güclənməsinə şərait yaradacaq, eyni zamanda, yerli xammalın daha çox emal olunması əlavə dəyərin ölkə daxilində formalaşmasına imkan verəcək.

Sahənin inkişafının mühüm istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafına göstərəcəyi təsirdir. Yeni müəssisələrin yaradılması əlavə iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına və əhalinin məşğulluq imkanlarının genişlənməsinə şərait yaradacaq. Bununla yanaşı, mədən sənayesinin inkişafı logistika, nəqliyyat, tikinti, texniki xidmət, avadanlıq təchizatı və digər əlaqəli sahələrə olan tələbatı artıracaq. Beləliklə, yalnız ayrı-ayrı müəssisələrin deyil, onların ətrafında formalaşan daha geniş iqtisadi fəaliyyət zəncirinin inkişafı mümkün olacaq. Proqramın icrası çərçivəsində dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edəcək.

Nəticə etibarilə, qeyri-neft sektorunda müşahidə olunan artım, yeni dövlət proqramlarının qəbul edilməsi və dağ-mədən və metallurgiya sənayesinin inkişafına yönələn tədbirlər Azərbaycanın iqtisadiyyatının daha şaxələndirilmiş və dayanıqlı strukturunun formalaşdırılmasına şərait yaratmaqla, təbii sərvətlərin iqtisadi dəyərinin artırılmasına, gələcək nəsillər üçün ekoloji və iqtisadi imkanların qorunmasına xidmət edəcək.