YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz birlikdə güclüyük!

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Tarixi Zəfərimizdən sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında  əməkdaşlıq daha da genişlənir. Qarşlıqlı səfərlər, eyni zamanda, qurumun keçirilən Zirvə görüşləri əlaqələrin dünəninə nəzər salmaqla qarşıdakı dövrün əsas hədəflərinin müəyyənləşdirilməsində öz sözünü deyir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu günlərdə Ankarada “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü diqqətdən kənarda qala bilməz. Hazırda istər ölkə, istərsə də dünya mətbuatında Ankara Bəyannaməsindən irəli gələn vəzifələr geniş müzakirə edilərək Zirvə görüşünün Türk dünyasının birliyinə verəcəyi töhfələrə diqqət yönəldilir.

Ötən il Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə dövlət başçısı İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bildirdi. “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir” söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdırlar.

Ankarada keçirilən Zirvə görüşündə də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan eyni çağırışları səsləndirməklə Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsində nə qədər maraqlı olduqlarını və bunu əməli fəaliyyətləri ilə təsdiqlədiklərini nümayiş etdirdilər. Zirvə görüşünün açılışında türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunacağını vurğulayan Rəcəb Tayyib Ərdoğan bu baxımdan Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd etdi. Rəcəb Tayyib Ərdoğan bu Fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirdi. Xəzər hövzəsində Türk dünyası ölkələri ilə neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələr birlikdə uğurla həyata keçirilir.  Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.

Göründüyü kimi, türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsi üçün bütün imkanlar mövcuddur. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Öncə regional çərçivədə başlayan əməkdaşlığın illər keçdikcə coğrafiyasının genişlənməsi ölkəmizin etibarlı tərəfdaş kimi nüfuz qazanmasından, hər bir layihəni uğurlu sonluqla başa çatdırmaq üçün səylər göstərməsindən irəli gəlir. Azərbaycan reallığa çevirdiyi layihələrlə Türk dünyasının birliyinə töhfələrinin miqyasını daha da genişləndirir.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə Türk dünyasının  birliyi yönümündə mühüm addımlar atılıb. Bütün dövrlər üçün əsas çağırış “Biz birlikdə güclüyük!”dür. Ankara Bəyannaməsindən irəli gələn vəzifələrin icrasına quruma üzv dövlətlərin hər biri töhfələr verməklə bu birliyi daha da möhkəmləndirəcək, dünya siyasətində rolunu artıracaq.  

DİGƏR Xəbərlər Arxiv