YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlıq nümunəsi...

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını vurğulayıb. Dövlətimizin başçısı həmin Zirvə görüşündə bu barədə deyib: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.”

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilmişdir. Bu görüşün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Dövlətimizin başçısı İlham Əliyev toplantıda geniş nitq söyləyərək ilk növbədə qardaş Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində çoxlu insan itkisi ilə əlaqədar kədərini ifadə edib və qardaş ölkəyə hər cür maddi və mənəvi dəstək verildiyini qeyd etmişdir. Cənab Prezident bildirib ki, “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.”  

Bəli, bu əsil qardaşlıq nümunəsidir. Ölkə başçısının qeyd etdiyi kimi “Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.”

44 günlük müharibədə əvvəldən axıra kimi Azərbaycanın yanında olan, siyasi və mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyənin bu çətin günlərində  yanında olmaq, yaralarını sarmaq ilk növbədə bir qardaş borcu, vəfa borcu olduğunu xatırladan cənab İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf edərək müttəfiqlik münasibətlərinə çevrildiyini xüsusi vurğulamışdır. Ölkə başçısı qeyd etmişdir ki, “2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.”

Bütün bu münasibətlərin, əlaqələrin qurulmasında, inkişafında, Türk birliyinin yaradılmasında Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın xidmətlərinin danılmaz olduğunu qeyd edən cənab İham Əliyev onun bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəyini bildirmiş, 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərinin sübutu kimi dəyərləndirmişdir.

Cənab Prezident daha sonra qeyd etmişdir ki, “30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.” Bu yaralaın sarınması, bütün infrastrukturun sıfırdan qurulması, insanların yenidən öz doğma yurdlarına qayıtması üçün kifayət qədər böyük rəqəmlərlə ifadə olunan vəsait və illərlə vaxt lazımdır. Lakin biz bu çətinliklərin də öhdəsindən gələcəyik, çünki bizim yanımızda türk qardaşlarımız var. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunması, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması da bunu sübut edir.

Bu gün dünyaya haray salan erməni toplumu ancaq öz hüquqlarından danışmağı sevir. Lakin  doğma yurd-yuvalarından  didərgin saldıqları, qaçqına çevirdikləri yüz minlərlə Azərbaycan türkünün pozulmuş hüquqlarından nə onlar danışır, nə də ermənilərin havadarları. Məhz buna görə də Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Ölkə başçısı bu məsələnin aktual olduğunu, qarşılıq prinsipinə əsaslandığını qeyd edərək demişdir: “Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.”

Göründüyü kimi, Zirvə toplantısıda Türkiyə Cümhuriyyətinə qardaşlıq  yardımı, Türk Dövlətləri Təşkiatının daha da güclənməsi üçün mücadilə yolları əsas müzakirə mövzusu olmuş, bu toplantıda Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlətimizin mövqeyini qardaş xalqlara münasibətimizi bir daha bəyan etmişdir. Zirvə görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar, eləcə də Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması türkdilli ölkələr arasında əməkdaşlığı genişləndirəcək, həmrəyliyi möhkəmləndirəcək və bu da TDT-nin daha güclü və nüfuzlu təşkilata çevrilməsinə şərait yaradacaq.