YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gün gələcək... Və o gün gəldi!

Nurlan QƏLƏNDƏROV

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Prezident İlham Əliyevin mütəmadi olaraq dilindən duyduğumuz “Biz müzəffər xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq” ifadəsi qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlını sonsuz dərəcədə qürurlandırır. Bu iftixarı zamanın hər anında, fəaliyyətin hər məqamında və həyatın hər bir sahəsində hiss edirik, yaşayırıq və yaşadırıq. Yeni əsərlər zəfər ovqatında ərsəyə gətirilir, gənclər beynəlxalq arenada ölkəmizi daha məğrur təmsil edirlər, üçrəngli bayrağımız zirvədə daha əzəmətli dalğalanır, milli təqvimin əlamətdar günləri daha böyük coşqu ilə qeyd edilir. Artıq qarşılamağa hazırlaşdığımız, dostluq, mərhəmət, mədəniyyət bayramı, rifah, birlik və bərəkət rəmzi olan Novruz bayramı da bu baxımdan istisna deyil.  

Ümummilli lider Heydər Əliyev 25 il əvvəl - 1998-ci ildə “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”  söyləmişdi.  Heydər Əliyevin ruhu şaddır. Çünki Onun vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdı. Heydər Əliyev yolunun müzəffər davamçısı, müdrik dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətə - möhtəşəm Qələbəyə imza atdı! Bu gün biz Novruz bayramını 30 ilə yaxın müddət ərzində hərbi-siyasi əsirlikdə qalsa da, sınmayan, əyilməyən və əzilməyən tarixi torpaqlarımızda qeyd edirik...

Cənab İlham Əliyev 31 oktyabr 2003-cü il tarixində andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyə qətiyyətlə bəyan etmişdi. O, Azərbaycana rəhbərlik etdiyi dövrdə güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu. Son sözü isə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu döyüş meydanında söylədi: “Qarabağ Azərbaycandır!”.

Bir sözlə, İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə çatdı! O, bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında ağıllı siyasət yeridə, hədəfə doğru əminliklə irəliləyə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirdi. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilmədi! Haqq savaşını möhtəşəm qələbə - tarixi zəfər ilə yekunlaşdıran Azərbaycan yeni dönəmdə yeni nailiyyətlərə imza atır - dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir. Və tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir. Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu yürüşün davamı - qələbə təntənəsidir.

Qədim dövrdə məşhur bir atalar sözü var idi: min millik yol bir addımla başlayır. Bəli, yol mədəniyyət olduğu kimi, həm də tarixdir. Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq, yaşadırıq... Tarixi abidələri, milli dəyərləri və ənənələri bərpa edirik... Və bu gün Novruz bayramını erməni vandalizmindən xilas etdiyimiz tarixi yurdumuzda qeyd edirik...

Bayram tonqalını Şuşada Cıdır düzündə alovlandıran Müzəffər Ali Baş Komandanımız qeyd etmişdi: “Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”. Bu, ata vəsiyyətini yerinə yetirən qalib Sərkərdənin ürək sözləri, Ümummilli Liderin ideyalarının təntənəsi, xalqımıza Zəfər yolunu bəxş edən Heydər Əliyev yolunun əzəmətidir! Və bütün bunlar onun ifadəsidir ki, İlham Əliyevin sözü imzası qədər keçərli, keçərli olduğu qədər də dəyərlidir!