YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallığı əks etdirmir

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Son illər dünya düzəninin yenidən formalaşdığı bir dövrdə ayrı-ayrı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, hətta dövlətlərin daxili işlərinə müdaxilələrin baş verdiyi müşahidə olunmaqdadır. Hüquq normalarının aşınması nəticəsində beynəlxalq təhlükəsizlik köklü dəyişikliklərlə üzləşir. Belə ki, dünyanın aparıcı beynəlxalq təşkilatlarının qərarları ya icra olunmur, ya da icrasında ikili standartlar tətbiq edilir. Bu gün beynəlxalq təşkilatlardan olan BMT Təhlükəsizlik Şurası artıq səmərəli təşkilat hesab olunmur. Təhlükəsizlik Şurasının bəzi qətnamələri az bir müddət ərzində icra olunduğu halda, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. İlk öncə onu qeyd etmək lazımdır ki, 30 aprel 1993-cü il tarixli 922 nömrəli qətnamə hazırlanarkən BMT Təhlükəsizlik Şurası tərəfindən problemə düzgün qiymət verilməmiş, Qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən reallaşdırıldığı vurğulanırdı. Ümummilli lider Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıtmasından sonra aparılan məqsədyönlü siyasət beynəlxalq aləmdə Ermənistanın işğalçı dövlət imicinin rəsmən tanınması prosesini təmin etdi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan digər 3 qətnamələrdə artıq torpaqlarımızın "yerli ermənilər" tərəfindən deyil Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd olunurdu.  Amma yuxarıda qeyd etdiyimiz kimi BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü təsdiqləyən onlarla fakt var idi və bu faktlar sözügedən ölkənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verirdi. Lakin bütün bunlara baxmayaraq, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etmək istəmədi.

2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verən hadisə idi.

Martın 2-də  Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Prezident İlham Əliyev də öz çıxışında dünyada uzun illər müzakirə olunan mühüm məsələlərədən birinin BMT sistemində aparılan islahatlar olduğunu xüsusi vurğulayaraq BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığını və indiki reallığı əks etdirmədiyini qeyd etmişdir. Prezident İlham Əliyev öz nitqində Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağıraraq, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqları adlandırmışdır.Qoşulmama Hərəkatanın sədri kimi Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmışdır. Bununla yanaşı Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini təklif etmiş, orada daha çox ölkənin təmsil olunmasını vurğulamışdır. Cənab Prezident qeyd etmişdir ki, bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.

Qeyd edək ki, 2020-ci və 2022-ci illərdə də BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbulu nəzərdə tutulsa da, Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək qətiyyət göstərmiş, bəyanatların qəbuluna imkan verməmişdilər.

Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma  konsepsiyalarından istifadə edilərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.