YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflərimiz də, mövqeyimiz də dəyişməzdir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

1961-ci ildə Belqradda yaradılan  Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sisteminin önəmli təsisatıdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük qurumdur. Müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirir. Hərəkat qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayır. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi təməl prinsipləri özündə ehtiva edir. Qoşulmama Hərəkatının tribunası Azərbaycana hər zaman imkan verib ki, Ermənistanın təcavüzkar siyasətini buradan ifşa etsin, həqiqətləri dünya ictimaiyyətinə çatdırsın. Bundan başqa, işğaldan əziyyət çəkən dövlət kimi verdiyi mesajlar, səsləndirdiyi faktlar bəşəriyyətin dinc yanaşı yaşaması üçün sübhdən başqa alternativin olmadığı gerçəkliyi üzərinə aydın işıq salıb.

2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik edib. Üstəlik, Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul ediblər.

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın sədrliyi dönəmində dünyada baş verən proseslərə və pandemiyadan sonrakı bərpa prosesinin gedişinə münasibət bildirib.

Cənab Prezident qeyd edib ki, hərəkatın sədri kimi “Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən Qoşulmama Hərəkatı kifayət qədər mühüm işlərə imza ata bilib. Pandemiya dövründə Azərbaycanın ortaya qoyduğu səylər olduqca gərəkli idi. Ölkəmiz hesab edirdi ki, COVID-19-la mübarizədə qlobal cəhdlər səfərbər olunmalıdır. Çünki xəstəlik hamı üçün ciddi bir təhdidə çevrilib, mübarizədə güclü əməkdaşlıq zərurəti var.”

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınıb. Az zaman içərisində yaradılmış məlumat bazası bir çox ölkələrə vaxtında yardım çatdırılmasına imkan vermişdir. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib.

BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı dünyada gedən proseslərə ciddi təsir etmək imkanına malikdir. Azərbaycanın sədrliyi dönəmində cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif  edilmiş, bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazanmıdır.

70-dən çox dövlət və hökumət başçısının çıxış etdiyi xüsusi sessiya  2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi qeyd edilməklə bərabər, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib.

Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməsi və bu gün də etməkdə davam etməsi bu məsələdə ciddi dönüş yaratdı. Azərbaycan bir dövlət olaraq  tək sözlə yox, əməldə də millətçiliyin hər cür təzahürlərinə qarşı mübarizəsini davam etdirir. Belə ki, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərməsi bu qəbilıdən olan tədbirlərdən biridir.

Cənab Prezident soyuq müharibədən sonrakı dövrü təhlil edərək qeyd etmişdir ki, mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Xüsusən bu prosesin Şərqlə Qərb arasında müharibəyə qədər gətirib çıxarması əslində beynəlxalq sülhü təhdid edən çox təhlükəli bir prosesə çevrilməkdədir. Belə bir şəraitdə sülhün və beynəlxalq səviyyədə ədalətin qorunması zəruridir və Azərbaycan daim bu mövqeyində qalacaqdır. Çünki biz müharibənin də, işğalın da nə olduğunu, hansı fəlakətlər gətirdiyini çox yaxşı bilirik. Təəssüflər olsun ki, BMT bir dünya təşkilatı olaraq öz qərarlarının yerinə yetirilməsində ciddi səy göstərmir.  Bu da  ayrı-ayrı ölkələrin təcavüzkar siyasət yeritməsinə imkan verir. Konkret olaraq Azərbaycana qarşı münasibətdə baş verən prosesə diqqət yönəldən cənab Prezident demişdir: “2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.”

Təəssüf ki, bu gün bəzi ölkələr sözdə suverenlikdən, ərazi bütövlüyünün müdafiəsindən çox danışsalar da əməldə neokolonialist siyasət yürüdürlər. Xüsusən Azərbaycana qarşı mövqeyində Fransa işğalçının yanındadır. Ermənistanı hər cür vasitələrlə müdafiə edən bu dövlət özü də müstəmləkəçi siyasətindən əl çəkmir. Fransız müstəmləkə siyasətinin iyrənc qalıqları olan bu siyasət Qoşulmama Hərəkatını ciddi narahat edir.

Prezident İlham Əliyev Hərəkatın təməl prinsiplərinə istinad edərək bildirmişdir ki, “biz Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq.”

BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə münasibət bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, “Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik.”

Azərbaycanın dövlət başçısı İlham Əliyevin çıxışından çıxan mühüm nəticə ondan ibarətdir ki, hədəflərimiz dəyişməz olaraq qalır. Biz daim ədalətin, beynəlxalq hüququn tərəfindəyik. Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərimiz bundan sonra da davam edəcəkdir.