YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilən qanlı terror aktıdır

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, xalqa qarşı terror aktı törədilən gün və faciə olmaqla yanaşı, eyni zamanda tariximizin şərəfli səhifələrindən biridir. Erməni xislətli Mixayıl Qorbaçovun göstərişi ilə, SSRİ müdafiə naziri Dmitri Yazovun, Daxili işlər naziri Vadim Bakatinin, SSRİ DTK sədrinin müavini Filip Babkovun birbaşa rəhbərlik etdiyi bu hərbi əməliyyat xalqın milli azadlıq hərəkatını boğmaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz edən Azərbaycanı cəzalandırmaq məqsədilə törədilmişdir.

Milli azadlıq hisslərini boğmağa yönəlmiş, məqsədli şəkildə törədilən Qanlı Yanvar hadisələri xalqın iradəsini qıra bilmədi. Əksinə xalqın azadlıq eşqini alovlandırdı, millətin özünüdərk prosesini sürətləndirərək milli kimliyimizin formalaşmasına öz təsirini göstərdi.

Mənfur Sovet  Bakıda və digər şəhərlərimizdə yüzlərlə həmvətənimizi amansız şəkildə qətlə yetirdi. Həmin vaxt heç bir əsas olmadan, qanunazidd şəkildə tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmiş, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridilmişdir. Ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdir.

Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, Kremlin qəzəbindən qorxan  yerli hakimiyyət orqanları xalqın milli faciəsinə laqeyd münasibət göstərərək baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verdi.

O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı terror aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən Ümummilli Lider Heydər Əliyev oldu. Vəziyyətin ağır olduğu həmin günlər heç bir vəzifə səlahiyyəti olmayan, ancaq ürəyi xalqı ilə döyünən Ümummilli Lider Heydər Əliyev SSRİ xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında olmasına, özünün və ailə üzvlərinin həyatına ciddi təhlükələrə baxmayaraq, 1990-cı ilin yanvar ayının 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək sovet və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi və Bakıdakı qırğın haqqında informasiya blokadasını yaran ilk şəxs oldu. O həm də erməni təbliğatını fiaskoya uğratdı. Bu hadisə, ölkəsinin və xalqının taleyini öz həyatından üstün tutan əsl siyasi liderin göstərdiyi böyük cəsarət örnəyidir. Ulu Öndər bunu canından çox sevdiyi Azərbaycan üçün, onun müstəqilliyi  və gələcəyi  üçün etdi.

Heydər Əliyev vətəndaş qeyrəti və vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiya prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi.

1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etmək üçün yaratdığı komissiyanın da işi başa çatdırılmamış qaldı. Yalnız 1990-cı ilin noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri bu faciə ilə bağlı əsil həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. 1994-cü ilin mart ayının 29-da Respublika parlamenti  “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu Öndər 31 mart 1998-ci il tarixdə “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzaladı. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edildi.  Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində həlak olanlara “20 Yanvar şəhidi” fəxri adı verildi.

Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.

Prezident İlham Əliyev azadlıq qurbanlarının  xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verib. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Əvvəllər 500 manat olan bu təqaüd Prezident İlham Əliyevin 13 Yanvar 2023-cü il tarixli  Fərmanına əsasən 2023-cü ilin yanvar ayının 1-dən 600 manat təşkil edir.

Ümumiyyətlə Azərbaycanın tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə çatmasında Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin yüksək və əvəzsiz xidmətləri danılmazdır.

Azərbaycanın gələcəyinə, vətənpərvərlik eşqinə və qəhrəmanlıq tarixinə məşəl olan 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmaq, onları hörmət və ehtiramla yad etmək hər birimizin borcudur. Ona görə ki, hazırki azadlığımız, müstəqilliyimiz və Zəfərimiz naminə ilk canlarını qurban verən  20 Yanvar şəhidləridir. 

30 il sonra 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər isə 20 Yanvar faciəsinin açdığı yaraya məlhəm oldu.

Bu gün torpaqlarımız azad, şəhidlərimizin ruhları şaddır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”