YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni əlaqələri mövcuddur

“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri mühüm əhəmiyyət kəsb edir. Bu tarixi səfər ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək. İki ölkə arasında mövcud münasibətlər daha dərinləşməkdədir. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq münasibətləri hər iki ölkənin milli maraqlarının qorunmasında başlıca amil kimi önə çıxır.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O hesab edir ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, aparılan danışıqlar olduqca vacib əhəmiyyətə malikdir:  “Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlığından bəhs olunub. Eyni zamanda sözsüz ki, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun işlərin aparılması qeyd edilib. Eyni zamanda iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyi vurğulanıb”.

Deputat BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransanın Azərbaycana qarşı böhtan xarakterli iddiasına təşkilatın qeyri-daimi üzvü   Birləşmiş Ərəb Əmirliklərinin mövqeyinin birmənalı olduğunu bildirib: Birləşmiş ərəb Əmirlikləri məhz bu yalan və iftira üzərində qurulmuş böhtan xarakterli sənədə öz etirazını bildirib. Bununla da Azərbaycana dost ölkələrin birmənalı dəstəyi ilə ölkəmizə qarşı növbəti iftiranın da qarşısı qətiyyətlə alınmış olub. Bu əslində bir-birini dost hesab edən ölkələrin sərgiləyəcəyi açıq bir münasibət hesab olunur. Prezident İlham Əliyev məhz səfərdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Ölkəmizin başçısı bu yanaşmanın iki ölkə arasındakı dostluğun və qardaşlığın ifadəsi kimi dəyərləndirib. Sözsüz ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni əlaqələri, xüsusi bir bağlılığı mövcuddur. 2005-ci ildə Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında imzalanan Anlaşma Memorandumu bunun təzahürüdür. Ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Dünyada güclənməkdə olan islamofobiya meyillərinə də Azərbaycanın qəti mövqeyi ortadadır. Bu xüsusda 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü baş tutan “Bakı Prosesi”ndə müsəlman ölkələri ilə Avropa dövlətləri arasında mədəniyyətlərarası dialoqun daha da dərinləşməsi istiqamətində vacib addımlar atılıb. Heç təsadüfi deyil ki, məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir”.

Sevinc Hüseynova Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsində iştirakının və çıxışının vacibliyinə toxunub: “Təsadüfi deyil ki, Azərbaycan 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib. Bununla da ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulmuş olub. Ölkəmizin başçısı bu mötəbər tədbirdə çıxışında məhz Azərbaycanın enerji siyasəti, xüsusilə yeni mərhələdə yaşıl, alternativ enerji siyasəti barədə ətraflı məlumat verib. Bu sahədə ərəb dövlətləri ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Eyni zamanda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyəti bir daha təsdiqlənib. Sözsüz ki, Azərbaycan bərpaolunan enerji mənbələrini tək öz enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmir. Çünki Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib. Ona görə də, Azərbaycan öz enerji tələbatını təmin etməklə yanaşı neft, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bu mənada Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı fərqli gündəliyə malikdir. Ölkəmizdə bu sahənin inkişafı üçün vacib potensial mövcuddur. Məhz bu amil imkan verəcəkdir ki, ölkəmiz özünün enerji siyasətini və ixracını şaxələndirməklə yanaşı iqtisadiyyatın yeni ekoloji, təmiz sektorunun da formalaşmasına zəmin yaranacaq”.

Deputat “Masdar” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmanın vacibliyindən bəhs edib: “Azərbaycanın bu istiqamətdə özünün yol xəritəsi var. Həmin layihə nəticəsində “Masdar” şirkəti ilə əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevrilməsində mühüm töhfə olacaq”.