YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan inamla irəliləyir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.

Dövlət bayrağı Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindəndir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi

bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

İndi bayrağımız dünyanın 180 - dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmaqdadır. Azərbaycan Respublikası üçrəngli dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.

Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.