YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda sülhün, əmin-amanlığın təmin olunması üçün...

Azərbaycan bütün imkanlardan istifadə edir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Bəşəriyyət üçün ən önəmli olan dəyərlərdən biri sülhdür. Azərbaycan xalqı bütün dünyada sülhsevər bir xalq kimi tanınmış, tolerantlığı, multikultural dəyərləri ilə dünya xalqlarına örnək olmuşdur. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra da Azərbaycan dövləti məğlubiyyətə məhkum olan Ermənistan tərəfinə əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırış kimi beş prinsipdən ibarət sülh gündəliyini təqdim etmişdir. Tarixdə bütün müharibələr sülh ilə sona çatıb. İllərdən bəri müharibə şəraitində yaşayan, erməni vandallarının torpaqlarımıza təcavüzü nəticəsində qaçqın, məcburi köçkün problemləri ilə üzləşən Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Təbii olaraq Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda aparılan danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırır.

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə yenidən görüşündən sonra Azərbaycan televiziyalarına müsahibə verən dövlətimizin başçısı hələ çox əvvəldən bildirdiyi fikirləri bir daha dilə gətirdi ki, Ermənistan tərəfinin də xoş məramı olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər.

Doğrudur, xarici işlər nazirlərinin birinci görüşü keçirildi, lakin konkret nəticələr verməyən görüşü belə sülh müqaviləsinin imzalanması yolunda atılan müsbət addım hesab etmək olar. Bununla belə qeyd etmək yerinə düşər ki, Azərbaycan tərəfinin elan etdiyi beş prinsiplə bağlı görüşdə iştirak edən tərəflərin heç birinin sualı olmamışdır. Bütün tərəflərə aydındır ki, bu beş prinsip münasibətlərini normallaşdırmaq istəyən dövlətlərin əsaslanmalı olduqları prinsiplərdir. Buna görə də müharibə, düşmənçilik səhifəsini qapatmaq üçün sülh müqaviləsinin beş prinsipi tez bir müddətdə paraflanmalı və bu prinsiplər əsasında sülh müqaviləsinin beynəlxalq hüquq çərçivəsində mətni hazırlanmalıdır.

Lakin sülh danışıqlarının getdiyi bir zamanda Ermənistanın 2020-ci ilin noyabr ayının 10-da götürdüyü öhdəlik olan kommunikasiyaların açılaraq Azərbaycana avtomobil yolu marşrutunun verilməsi məsələsinin öz həllini tapmaması biabırçı faktdır. Ümumiyyətlə, Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil.

Praqada keçirilən görüşün sonunda qəbul edilən “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır” ifadəsi də daxil olan birgə Bəyanat ölkəmizin maraqlarını təmin edir və bunu Azərbaycanın növbəti diplomatik qələbəsi adlandırmaq olar. Çünki suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Azərbaycanla sərhəddə Aİ-nin etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcək mülki missiyasının göndərilməsinə razılıq verməklə Ermənistan tərəfi sərhədlərin delimitasiyasına razılıq vermiş oldu. Ümumilikdə götürdükdə, Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu.