YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vasitəçiliyə ehtiyac yoxdur

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Oktyabrın 5-də Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğalı zamanı ölkəmizin qarşılaşdığı problemləri gündəmə gətirdi.

Ermənistanın işğal etdiyi digər ərazilər kimi Ağdam şəhəri də işğal dövründə tamamilə dağıdılıb. 30 il ərzində bütün binalar viran qoyulub, daşları da  oğurlanıb və satılıb. Ermənilər işğalda saxladıqları ərazilərdə yerləşən 67 məsciddən 65-ni tamamilə dağıtmış və təhqir etmişlər. Belə ki, məscidlərimizdə donuz və inək saxlayıblar. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması, eyni zamanda, müharibə cinayətləri hesab olunur. Ermənistanın müharibə cinayətləri bununla məhdudlaşmır. Həmçinin ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar ki, bu da bərpa-quruculuq işlərinin həyata keçirilməsinə maneçilik törədir. Minaların partlaması nəticəsində insanlar həlak olur. Bu da onu göstərir ki, Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir.

Prezident cənab İlham Əliyev öz çıxışında vurğuladı ki, işğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldikdə Ağdama “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” kimi adlar veriblər.

Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il ərzində kağız üzərində qaldı. Beynəlxalq ictimaiyyət tərəfindən heç bir təsir və ya təzyiqinin olmaması Ermənistanı öz işğalçlıq siyasətindən əl çəkməməyə, danışıqlar prosesini sonsuz etməyə ruhlandırırdı. Artıq Azərbaycan Ermənistanın işğalına son qoyub və ərzailərmizi azad edib. Odur ki, daha hər hansı vasitəçiliyə ehtiyac yoxdur. 30 il işğala məruza qalmasına, erməni terrorundan əziyyət çəkməsinə baxmayaraq Vətən müharibəsində Zəfər qazandıqdan sonra ölkəmiz Ermənistana sülh təklif etdi və sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü.

Sülh prosesi ilə bağlı müəyyən nikbinliyin olduğunu qeyd edən ölkə başçısı sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk görüşün də keçirildiyinə diqqət çəkdi. Vaxt itirilmədən sərhədlərin delimitasiyası aparılmalı, iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işlər görülməlidir.  

Prezident İlham Əliyev Qarabağ bölgəsində yaşayan erməni əhalisi Azərbaycanın vətəndaşları olduqlarını bildirərək ölkədaxili məsələlərin heç vaxt beynəlxalq qurumlar və ya ölkələrlə müzakirə edilmədiyini qeyd etdi. Hazırda Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin geri qaytarılması üçün misilsiz işlər görür və artıq Böyük Qayıdış start verilib. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya əsasən əksəriyyət insanlar həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyirlər. Bu cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpasını formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Ağdama səfəri zamanı ölkə başçısının təməlini qoyduğu Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində maksimum iki ildən sonra bir neçə min insan yaşayacaqdır. Bir sözlə, keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri icra olunur. Cəmi səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanının açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.

Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerji potensialının on min meqavat təşkil etdiyini bildirərək, artıq bir neçə su elektrik stansiyasının açılışının baş tutduğunu da qeyd etdi. Bu ərazilərdə su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Bura  günəş və külək elektrik enerjisi də daxildir. Mövcud potensial gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaq.