YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi

1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənilər Azərbaycan torpaqlarının 20%-ni işğal etmişlər, Azərbaycanlılara qarşı soyqırımlar törətmişlər. Başlıbel, Ağdaban və Baqanis-Ayrım qətliamları – ermənilərin yürütdüyü faşizm siyasətinin bariz nümünələridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi həkk olunub. Bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməli idi. 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olaraq yaşamağa məcbur olmuşdur. Bu illər ərzində işğal altında olan ərazilər dağıdılmış, erməni barbarlığı və vandalizmi ilə üz-üzə qalmışdı. Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında maddi və mədəniyyət abidələrini məhv və talan etmək siyasəti yürüdürdü. Erməni vandalları işğal etdikləri ərazilərimizdəki yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, maddi mədəniyyət nümunələrini yox edirdilər.

Uzun illər ərzində Azərbaycan sülh danışıqlarına sadiq qalmış, münaqişənin hər iki tərəfdən itkilərə yol vermədən həlli üçün bütün mövcud imkanları dəyərləndirməyə çalışırdı. Amma gedən proseslər belə bir həqiqəti ortaya çıxarırdı ki, Ermənistanın məqsədi sülh danışıqlarında iştirak etməklə heç də münaqişənin öz həllini tapması deyil. Onlar bununla sadəcə olaraq mövcud status-kvonu qorumaq, ərazidə möhkəmlənmək və zaman keçdikcə işğalı qanuniləşdirmək niyyətində idilər.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların da oxşar məzmunlu qərarları vardı. Amma Ermənistan bunların heç birinə məhəl qoymadı. İşğalçı mövqeyindən əl çəkmədi. Beynəlxalq cinayətlərini nümayişkəranə şəkildə davam etdirdi.

Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu hərəkətlərinə ciddi reaksiya vermədi. Ədaləti qorumaq əvəzinə ikili standartlar mövqeyi göstərdi. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq tribunalarda dəfələrlə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırsa da, əfsus ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Bir çox ölkələrə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə yönəlmiş qətnamələr  27 il icra olunmamış qaldı və bu sahədə ikili standartların olduğunu bir daha sübuta yetirdi. 30 ilə yaxın müddət ərzində Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üzrə mandat daşıyan ATƏT-in Minsk qrupu da, ciddi mövqe sərgiləyə bilmədi,  üzərinə düşən vəzifələrin icrasına nail olmağı bacarmadı. Təsis olunduğu gündən ATƏT-in Minsk Qrupu məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar.Azərbaycan da növbəti hərbi təxribatları dəf edərək düşmən üzərinə əks-hücuma keçməklə Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı.

Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi, Azərbaycan tarixinə şərəfli səhifələr yazdı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Üçtərəfli bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü

44 günlük Vətən müharibəsindəki parlaq Qələbə şanlı ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı. Azərbaycan yaratdı bu reallığı. 27 ildir icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı.

Prezident İlham Əliyevin 2020-ci 2 dekabr tarixinli Sərəncamına əsasən 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmağa başlandı. Bu Sərəncam Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın  ərazi bütövlüyü uğrunda  canlarını fəda etmiş, Şəhidlik zirvəsinə ucalmış  əsgər və zabitlərimizə ali ehtiramın göstəricisidir. ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin.