YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas hədəf müstəqilliyimizi daha da gücləndirməkdir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər, xüsusilə Prezidentimizin dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. İtaliyanın Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzinin  “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirdiyi 48-ci Beynəlxalq Çernobbio Forumuna dövlət başçısı İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqin, həmçinin beyin mərkəzi tərəfindən əsas qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq səviyyədə möhkəmlənən mövqelərini əks etdirməklə yanaşı, həm də dövlətimizin başçısının şəxsi nüfuzunu ifadə edir.

Prezident İlham Əliyev 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək bu sahədə ölkəmizin əhəmiyyətini və rolunu daha aydın şəkildə izah etdi. Məlumdur ki, hazırda Azərbaycan dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə diqqət mərkəzindədir. Beynəlxalq birliyin etiraf etdiyi kimi, ölkəmiz artıq regionun enerji mərkəzinə çevrilib. İndi dünyada bu istiqamətdə baş verən böhranın aradan qaldırılmasında Azərbaycanın malik olduğu potensial çox yüksək dəyərləndirilir. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasətinin ən bariz göstəricisidir. Cənub Qaz Dəhlizinin enerji böhranının yaşandığı bir dönəmdə Avropanın enerji təminatında əhəmiyyəti çox böyükdür. Onu da qeyd edim ki, bu layihənin reallaşdırılması ölkəmizin gücünü və qüdrətini bir daha ortaya qoyur. Layihənin uğurla həyata keçirilməsində Azərbaycan öz üzərinə düşən vəzifələri nümunəvi şəkildə icra edir, öz öhdəliklərinə hər zaman sadiqlik sərgiləyir və etibarlı tərəfdaş olaraq dünya dövlətləri tərəfindən təqdir olunur.

Forumda dövlətimizin başçısı yaxın regionda baş verən geosiyasi prosesləri, belə bir şəraitdə Azərbaycanın müstəqil dövlət kimi daha da güclənməsinin vacibliyinə dair fikirlərini səsləndirdi. Belə bir dövrdə milli maraqlara söykənən, müstəqil siyasət yürütmək və milli dövlətini qorumaq qlobal çağırışdır. Prezident İlham Əliyev Azərbaycanın heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmadığını diqqətə çatdırıb və vurğulayıb ki, Azərbaycanın beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşmış öz siyasəti var. Beləliklə, Azərbaycan artıq sabit siyasi mövqeyə, həmçinin sabit iqtisadiyyata malikdir. Müstəqil olmaq üçün isə əsaslı maliyyə yatırımları edilib. Qarşıda dayanan əsas hədəf isə müstəqilliyimizi daha da gücləndirməkdən ibarətdir. Azərbaycan vətəndaşları 30 ildən çoxdur ki, müstəqil dövlətdə yaşayır və məqsədimiz bu müstəqiliyi daim qorumaq, gücləndirməkdir. Prezidentin bu fikirləri dünyada baş verən proseslərdə Azərbaycanın tərəfsiz qalması və yaşanan münaqişələrdə maraqlı tərəf olmadığı kimi də qiymətləndirilə bilər. Çünki dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq və proseslərin hansı axınla gedəcəyi, Ukraynada müharibənin nə qədər müddət davam edəcəyi və savaşın sonunun necə bitəcəyi, dünyadakı güc balansının hansı şəkildə olacağı kimi amillərdən asılıdır. Bu kontekstdə müstəqil ölkə olaraq Azərbaycanın xarici amillərdən müdafiə olunması əsas məsələlərdəndir. Buna görə də yeni qlobal düzənin regionumuza təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarında nələr əldə edəcəyimiz və yeni nəsillərin gələcəyinin necə olacağı dövlətimiz üçün çox önəmlidir. Çünki Azərbaycan 30 il boyunca münaqişə və işğalla üzləşən, beynəlxalq hüquq normalarının pozulmasından əziyyət çəkən ölkə olub. İndi isə sülh imkanları yaranıb. Bu imkanı qarşı tərəf də dəyərləndirməyi bacarmalıdır. Regionda baş verən prosesləri müstəqil Azərbaycan diktə edir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir! Xalqımız bütün tarixi şəraitlərdə öz dövlətini göz bəbəyi kimi qoruyacaq!