YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqazın sürətlə inkişaf edən müasir şəhəri

Estoniyanın nüfuzlu “baltija.eu” xəbər portalında müəllifi İrina Kaplyukun olan “Bakı - səyyah xəritəsində yer kimi” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Estoniyadakı səfirliyindən bildiriblər ki, müəllif ölkəmizin paytaxtı Bakının Qafqazın ən böyük və ən qədim, eyni zamanda, ən sürətlə inkişaf edən müasir şəhərlərindən birinin olduğunu qeyd edib.

İrina Kaplyuk Bakının memarlıq şah əsəri olan, məşhur arxitektor Zaha Hadidinin layihələndirdiyi Heydər Əliyev Mərkəzinin 2014-cü ildə London Dizayn Muzeyi tərəfindən “2014-cü ilin dizaynı” mükafatına layiq görüldüyünü bildirib.

Müəllif Bakının əsas cazibəsi olan “İçərişəhər” haqqında da məlumat verib. Məqalədə oxucuların diqqətinə çatdırılıb ki, “İçərişəhər”də yerləşən məşhur memarlıq abidələri - Qız qalası, Qala divarları, “Şirvanşahlar” saray kompleksi və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur. Həmçinin vurğulanıb ki, 2000-ci ildə “İçərişəhər” Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

Bakı bulvarından da söhbət açan müəllif buradakı müxtəlif dekorativ bitkilər və nadir ağac növləri barədə məlumat verib, onun dünyada ən uzun bulvar olduğunu, ərazisində “Bakı Venesiyası” adlandırılan su şəhərciyinin yerləşdiyini oxucuların diqqətinə çatdırıb.

Müəllif Abşeron yarımadasının ən heyrətamiz cəlb edici yerlərindən olan “Atəşgah” və “Yanardağ”dan da bəhs edib.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Bakıda Müasir İncəsənət Muzeyinin yaradıldığını, burada Azərbaycanın xalq rəssamları ilə yanaşı, P.Pikasso, S.Dali, M.Şaqal kimi dahi klassiklərin əsərlərinin də nümayiş etdirildiyi diqqətə çatdırılıb.