YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Qarşılıqlı dəstək Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirir

“Dünyanın diqqəti Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları ilə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü kimi dəyərləndirilən dövlət başçısı İlham Əliyevin qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Oyunların açılış mərasimində iştirakına yönəlib. Hər zaman bir yerdə olan iki qardaş ölkənin münasibətlərinin yeni prioritetlər üzrə inkişafında qarşılıqlı səfərlərin rolu inkaredilməzdir. Hər bir səfər münasibətlərdə yeni bir mərhələnin başlanğıcıdır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə  qardaş ölkəyə işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər, V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakı qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin reallaşması istiaqamətində mühüm addımdır. Azərbaycan  Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi və  Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul etdi, siyasi, iqtisadi, mədəniyyət, idman sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulandı.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili, eyni zamanda, diqqəti dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşünə yönəldib: “Beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşlərin ənənə olduğunu önə çəkən cənab İlham Əliyev Azərbaycanın idman ölkəsi kimi tanınmasından, idmançılarımızın yarışlarda yüksək nəticələr əldə etmələrindən bəhs edərək bu Oyunlarda da uğur qazanacaqlarına əminliyini ifadə etdi. O da qeyd edildi ki, Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır.”

“Artıq iki ilə yaxındır ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə, idman yarışlarına qalib ölkə kimi qatılır. Azərbaycan idmançılarının yarışlarda qalib ölkəni təmsil etmələri, əlbəttə ki, böyük məsuliyyətdir.  Dövlət başçısı İlham Əliyevin “İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək” fikirləri idmançılarımıza çağırışdır”,-deyə Əliabbas Salahzadə bildirib.

Millət vəkili onu da əlavə edib ki, 2017-ci ildə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi və idmançılarımız birinciliyi qazandı: “Bu, ölkəmizdə idmanın inkişafına böyük diqqətin və qayğının bariz nümunəsidir. Paytaxt və bölgələrimizdə idman kompleksləri tikilib istifadəyə verilib. Gənclərimizin idmanın hər bir növünə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılır. Daim vurğulandığı kimi, idmanın da bir siyasət olduğunu nəzərə alsaq keçirilən yarışlarda qazanılan yüksək nəticələrin ölkəmizin təqdimatında rolu özünü aydın şəkildə büruzə verir. İdmançılarımızın yarışlarda qələbəsi Dövlət Himnimizin səsləndirilməsi, bayrağımızın yüksəklərdə dalğalanması  ilə müşaiyət olunur ki, bu da Azərbaycanın təqdimatıdır. Cənab İlham Əliyev idmançılarla görüşdə bu əminliyi də ifadə etdi ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və  Vətənə qələbələrlə, uğurlarla qayıdacaqsınız.”     

Əliabbas Salahzadə bir daha diqqəti Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü inkişaf səviyyəsinə  yönəldərək bildirib ki, qarşılıqlı dəstək, etimad əməkdaşlığın günbəgün möhkəmlənməsində əhəmiyyətli rol oynayır: “İki qardaş ölkənin Prezidenlərinin hər bir tədbirdə  diqqəti cəlb edən səmimi görüntüləri, şəxsi münasibətlərdə nümayiş etdirdikləri  əsl qardaşlıq nümunəsi hər birimizi qürurlandırır. Bu etimad, səmimiyyət   birliyimizin  möhkəm təməl üzərində uğurla inkişaf etdirildiyinin aydın mənzərəsini yaradır.   İki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsində də böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”,  Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezislərinin  Türkiyə-Azərbaycan münasibətlərinin əsasında dayandığı xüsusi qeyd olunub. Xalqlarımızın, dövlətlərimizin biri-birinə bağlılığı əlaqələrin daim yeni prioritetlər üzrə inkişafına stimul verir.”