YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə daxil olur

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin xarici siyasətində türk dünyasının birliyi mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. “Gücümüz birliyimizdədir” söyləyən ölkə Prezidentinin bu birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Səsləndirilən çağırışlar sırasında bir ölkənin probleminin digərinin problem kimi qəbul olunaraq həlli yönümündə vahid mövqenin ortaya qoyulması əsas yer tutur. Həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan türkdilli dövlətlərin dəstəyinin bir daha şahidi oldu.

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının nümunəsində digər türkdilli dövlətlərin də birliyinin möhkəmləndirilməsinə səy göstərən Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də özündə bütün məqamları birləşdirir. Həqiqətlərimizin təbliği yönümündə atılan addımlar postmünaqişə dövrü üçün də əsasdır.

Bu günlərdə dövlət başçısı İlham Əliyevin Özbəkistana dövlət səfəri  bir çox məqamlara aydınlıq gətirir. Azərbaycan və Özbəkistan Prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibəti, imzalanmış sənədlərin əhatəsi həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir. İki ölkə arasında 20-dək sənəd imzalanıb. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir.  “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” deyilənlərin təsdiqidir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuata birgə bəyanatlarında ikitərəfli münasibətlərin inkişafının prioritetliyi bir daha önə çəkilərək atılacaq addımların, imzalanan sənədlərin qısa zamanda öz müsbət nəticələrini verəcəyinə əminlik ifadə edilmişdir. O da bildirildi ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün yaradılan möhkəm təməl əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə stimuldur. Özbəkistan Prezidenti “Bizim ümumi səylərimiz və daha yaxınlaşma istəyimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlər açıq, geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi, parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq fəallaşıb. Bir daha demək istəyirəm, budəfəki danışıqlar göstərdi ki, biz xalqlarımızın mənafeyi naminə qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli möhkəmləndirməyə hazırıq” fikirləri ilə iki ölkə arasında imzalanan Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamənin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğunu təsdiqləyir.  

Bu məqam da önə çəkildi ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ümummilli lider Heydər Əliyevin bu ölkəyə səfərinin 25 illiyinə təsadüf edir. Daşkənddə Heydər Əliyev meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.

Möhkəm təmələ əsaslanan bu birliyin yeni prioritetlər üzrə inkişaf etdirilməsi üçün geniş imkanlar yaranır. Səfər çərçivəsində 20-yə yaxın sənədin imzalanması bunun bariz nümunəsidir. Hər bir sənəd əlaqələrin inkişafına böyük dəstəkdir. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlər və imzalanan sənədlər əhəmiyyətli rol oynayır. İki ölkə arasında diplomatik əlaqələrin 1995-ci ildən qurulduğunu nəzərə alaraq o zamandan bu günədək edilən qarşılıqlı səfərlərə diqqət yetirsək görərik ki, hər biri xeyli sayda sənədlərin imzalanması ilə yadda qalıb.  Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin  nizamlanması prosesində daim Azərbaycanın mövqeyini dəstəkləyən, 44 günlük Vətən müharibəsində bu dəstəyini bir daha ifadə edən Özbəkistanın Prezidenti 2021-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə işğaldan azad edilmiş  Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilmiş və ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. O da məlumdur ki, hal-hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Qısa təhlil əsasında qeyd edə bilərik ki, Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafı üçün möhkəm baza mövcuddur. Möhkəm təməl uğurların başlanğıcı olmaqla yanaşı, sonrakı proseslərin də müsbət istiqamətdə daha sürətlə inkişafına stimul verir ki, bunu iki dost ölkənin münasibətlərində aydın görürük.

DİGƏR Xəbərlər Arxiv