YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IX Qlobal Bakı Forumu çərçivəsində "Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya" mövzusunda müzakirələr aparılıb

Azərbaycanın paytaxtında IX Bakı Qlobal Forumu çərçivəsində "Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya" mövzusunda panel iclası keçirilib.

Latviyanın sabiq Prezidenti Valdis Zatlersin (2007-2011) moderatorluğu ilə keçirilən panel iclasında Ermənistanla Azərbaycan arasında uzunmüddətli silahlı münaqişənin və əvvəlki müharibələr nəticəsində tamamilə pozulmuş münasibətlərin necə bərpa edilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik prosesləri, bu əlaqələrin potensial olaraq kimlər tərəfindən pozula biləcəyi və onların cəhdlərinin minimuma endirilməsi, dünya ölkələrinin Cənubi Qafqazda sabitlik və sülhü necə təmin edə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Panel müzakirələrdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstan sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili (2010-2012), Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin (1991-1994), Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev (2012-2017), Rumıniyanın sabiq xarici işlər naziri (2008, 2015-2017), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq katibliyinin Baş katibi Lazar Komanesku və Rusiyanın sabiq Baş nazirinin birinci müavini (1991-1992), Rusiyanın sabiq dövlət katibi (1991-1992) Gennadi Burbilis iştirak ediblər.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması, sülh prosesi üçün təşəbbüslərdən danışıb, son altı ayda qazanılan nailiyyətlərdən bəhs edib. O, iki ölkə arasında münasibətlərin normallaşdırılmasının, sülhün təmin olunmasının regiona rifah və inkişaf gətirəcəyini bildirib. Elnur Məmmədov vurğulayıb ki, sərhədlərin beynəlxalq hüquq çərçivəsində tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi vacibdir. O, həmçinin qeyd edib ki, Cənubi Qafqazın üç ölkəsi regionun inkişafı üçün əməkdaşlıq etməlidir.

Cənubi Qafqaz regionunda nəqliyyat, logistika əlaqələrindən də danışan nazir müavini qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında bu sahədə əməkdaşlıq davamlı xarakter alıb. E.Məmmədov indiyədək iki ölkə arasında bir çox yolların inşa edildiyini, neft və qaz layihələrinin həyata keçirildiyini bildirib.

“Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması üçün öz töhfəsini verib. Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə görüşlər keçirilib. Görüşlərdən sonra delimitasiya komissiyası yaradılıb. Bu il mayın 24-də komissiyanın ilk iclası keçirilib. Biz sülh müqaviləsinin işlənib hazırlanması üçün işçi qrupu barədə Ermənistandan cavab gözləyirik”, - deyə nazir müavini qeyd edib.

Gürcüstan sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili (2010-2012) Qlobal Bakı Forumunda Cənubi Qafqaz bölgəsindəki proseslərdən danışılmasının təqdirəlayiq olduğunu bildirib. Ötən altı ay ərzində Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb.

E.Tkeşelaşvili Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə sülhə doğru müəyyən addımların atıldığını və Gürcüstanın bu danışıqlarda iştirak etməyə hazır olduğunu vurğulayıb.

“Hazırda Cənubi Qafqaz regionunda yeni reallıq mövcuddur. Bu reallıq məhz Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə yaranıb. Artıq ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə ticarətin həcmi artırıla, yeni nəqliyyat layihələri həyata keçirilə bilər”, - deyə Eka Tkeşelaşvili diqqətə çatdırıb.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin (1991-1994) Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması prosesində iştirakından, ölkəsinin bu münaqişənin həlli üçün göstərdiyi səylərdən danışıb. O, Türkiyənin Azərbaycanın torpaqlarının işğalından sonra Ermənistanla sərhədləri bağladığını vurğulayıb.

Sabiq xarici işlər naziri 30 il sonra Azərbaycanın öz ərazilərini azad etməsi və bölgədəki vəziyyətin normallaşdırılması prosesinə də toxunub. Deyib ki, Qafqaz regionunda sabitliyin təmin edilməsi bölgəyə davamlı inkişaf gətirəcək.

“Ermənistan hələlik atəşkəs prinsiplərinə riayət etmir. Laçın dəhlizi açıqdır və fəaliyyət göstərir. Lakin Zəngilan dəhlizi hələ də açılmayıb. Bu proses üzərində çalışmaq və keçirilən görüşlərdə qəbul edilən qərarları yerinə yetirmək vacibdir. Sülh müqaviləsi regiona iqtisadi inkişaf və rifah gətirəcək”, - deyə Hikmət Çətin vurğulayıb.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev (2012-2017) çıxışında Qlobal Bakı Forumunun dünyanın bir çox ölkəsindən rəsmiləri, alimləri bir araya gətirdiyini söyləyib, Azərbaycanın sülh üçün bir nümunə olduğunu qeyd edib.

“Regionda sülhün təmin olunması bölgəyə inkişaf gətirəcək. Münaqişələrin tam həlli üçün sülh müqaviləsinin imzalanması vacibdir. Sülh müqaviləsi Budapeşt Memorandumuna və ya Minsk razılaşmalarına oxşamamalı, dayanıqlı olmalıdır. Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanı inteqrasiya etmək lazımdır. Müasirləşdirilmiş Ermənistana töhfə verən layihələr təklif etməliyik. Ermənistan və Azərbaycan regionun inkişafı üçün əməkdaşlıq etməlidir”, - deyə R.Plevneliev qeyd edib.

O, Türkiyənin Cənubi Qafqaz bölgəsində münaqişənin həllində rolunun böyük olduğunu, münasibətlərin yaxşılaşdırılması üçün təşəbbüs göstərdiyini qeyd edib.

Sabiq Prezident, həmçinin Cənubi Qafqazın inkişafı üçün Çin ilə əməkdaşlığın faydalı olacağını vurğulayıb.

Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku yenidən Bakıda olmasından məmnunluğunu bildirib. O, bu beynəlxalq forumda iştirak etməkdən şərəf duyduğunu söyləyib.

L.Komanesku Qara dəniz bölgəsinin geostrateji mövqeyindən danışıb, Cənubi Qafqaz regionu ilə əməkdaşlıq barədə fikirlərini ifadə edib. O, Cənubi Qafqaz regionunun son illərdə davamlı olaraq inkişaf etdiyini bildirib.

Lazar Komanesku, həmçinin sülh müqaviləsinin imzalanmasının Cənubi Qafqaz ölkələrinin inkişafı üçün münbit zəmin yaradacağına əminliyini bildirib.

Rusiyanın sabiq Baş nazirinin birinci müavini Gennadi Burbilis hazırda regionda dərin, fundamental şəraitin yarandığını bildirib. O, iyunun 16-da Prezident İlham Əliyevin mövcud vəziyyəti nikbinlik və əminliklə Forum iştirakçılarına çatdırdığını qeyd edib.

“Sülhün təmin edilməsi üçün heç bir ciddi əngəl yoxdur. Rusiya sülhün təmin edilməsini dəstəkləyir”, - deyə sabiq dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, artıq səmimi vasitəçilik anlamı var. “Yüzlərlə danışıq aparıla, yüzlərlə hesabat verilə bilər. Lakin nə olursa olsun, proseslər nəticəyönümlü və siyasi etika çərçivəsində olmalıdır”, - deyə Gennadi Burbilis diqqətə çatdırıb.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Konfrans öz işini iyunun 18-də başa çatdıracaq.