YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlıları ölkəmizin haqq səsini layiqincə müxtəlif sivilizasiyalara çatdırır

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirdiyi uğurlu beynəlxalq, diplomatik, siyasi fəaliyyət nəticəsində Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edərək, əzəli Qarabağımızı işğaldan qurtardı və xalqımıza misli görünməmiş sevinc yaşatdı. Prezident İlham Əliyev qətiyyəti, dönməzliyi və müdrikliyi ilə 30 illik həsrətə son qoyaraq Azərbaycana uğur, Qarabağ torpaqlarına yeni nəfəs, qalibiyyət və zəfər gətirdi. Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Dünya Azərbaycanlılarının V Qurultayının məhz Qarabağın tacı olan Şuşada keçirilməsi də çox böyük tarixi əhəmiyyətə malikdir. Qurultay yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk dəfə toplaşdığı məkan oldu. Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi bütün dünyada yaşayan soydaşlarımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Azərbaycan diaspor təmsilçiləri qalib xalqın nümayəndələri kimi Qarabağda bir araya gələrək, diaspor tarixində bir ilkə imza atdılar.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr xeyli genişlənib və diasporla iş dövlət siyasətinə çevrilib. Azərbaycanda diaspor quruculuğuna hələ ümummilli lider Heydər Əliyevin dövründə və onun rəhbərliyi altında başlanılıb. Heydər Əliyevin rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında dünya azərbaycanlılarının I qurultayı keçirilib, məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Həmin qurultayda Ulu Öndər söylədi ki, bizim əsas hədəfimiz Qarabağı işğaldan azad etmək, xalqı öz əzəli, doğma torpaqlarına qovuşdurmaqdır. Heydər Əliyev bu prosesin gerçəkləşəcəyinə inanırdı. Çünki düzgün, məntiqli strategiya qurmuşdu, məqsədyönlü siyasət yürüdürdü və həmin strategiya, siyasət növbəti illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. İllər boyunca Azərbaycan daha da gücləndi, beynəlxalq nüfuzumuz daha da artdı və nəticə etibarilə biz həqiqətən də Heydər Əliyevin söylədiyi və arzuladığı dövrə qədəm qoyduq, Qarabağımıza qovuşduq. Müstəqillikdən ötən illər ərzində Azərbaycan diaspor təşkilatları ciddi inkişaf yolu keçib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Fərman imzalayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə azyaşlı uşaqlar üçün "Qarabağ" adlı Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında yeni mərhələnin başlanğıcı qoyulub, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub.

Müzəffər Ali Baş Komandan İlham Əliyev diaspor nümayəndələri ilə görüşündə, Zəfər qurultayının əhəmiyyəti, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələr, milli birliyimizin əhəmiyyəti, eləcə də, regionda baş verən proseslər haqqında fikirlərini bildirdi. Cənab Prezidentin dediyi kimi, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq dövlətimizin, cəmiyyətimizin və diasporumuzun əsas vəzifəsi olub.  “Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”,-deyən dövlətimizin başçısı söylədi ki, artıq aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul edirlər.Azərbaycan Prezidentinin qurultaydakı çıxışı postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. 

Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın düşmən qüvvələrin qarşısına daha güclü platforma ilə çıxmasına imkan yaradacaq. Bu gün Azərbaycan Respublikası öz tarixinin ən şərəfli dövrünü yaşayır. Bütün dünyada yaşayan soydaşlarımız Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər.