YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci ilin iyul ayının 13-də bu sahədə daha mühüm islahata imza atıldı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. 2012-ci il dekabrın 29-da isə pilot layihə olaraq Bakıda 1 saylı  “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda da “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 32 növ funksional yardımçı xidmətlər təşkil edilib.  Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Belə ki, Avropa Parlamentində “İnnovasiya və Mobil İmza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən konfransda “ASAN xidmət”in fəaliyyəti ilə bağlı təqdimat olub. Bu faktın özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar. Artıq Bərdə rayonunda da “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayır. 
Prezident İlham Əliyevə məlumat verildi ki, ­­­Bərdə regional “ASAN xidmət” mərkəzinin binasının  inşasına 2014-cü ilin aprel ayında başlanılıb və bu  ilin mart ayında başa çatdırılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Heydər Əliyev prospektində şəhər infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var. Bundan əlavə, böyüklərin istirahəti və əylənmələri üçün də tələblər nəzərə alınıb.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basdı.
Geniş beynəlxalq marağın nəticəsidir ki, bu il Bərdə “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılmasıdır.
Hazırda ölkəmizdə 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə və Sabirabaddadır. Bərdə “ASAN xidmət” mərkəzi sayca 8-ci mərkəzdir.
Prezident İlham Əliyev xidmətdə yaradılan şəraitlə tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də   daxildə  olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə fəaliyyətə başladığı tarixdən bu günədək  “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub.
Dövlətimizin başçısına “ASAN məktəb” layihəsi barədə də məlumat verildi. Bildirildi ki, layihə Təhsil Nazirliyi tərəfindən həyata  keçiriləcək. Layihə çərçivəsində ilkin mərhələdə məktəbə Bərdə rayonunda qəbul aparılacaq. Xatırladaq ki, digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. “ASAN xidmət” mərkəzində  vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər -bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib.
Prezident İlham Əliyev  İnnovasiyalar zalında yeni layihələrlə tanış oldu.
Bildirildi ki, sorğu robotu - ASAN robot “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların istiqamətləndirilməsi və məlumatlandırılmasına xidmət edir. Belə ki, robot “Çağrı” mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq vətəndaşın sorğu və müraciətinin qəbul olunmasını təmin edir.
“ASAN xidmət” mərkəzində “ASAN İnteraktiv Bələdçi” Azərbaycana gələcək turistlərin ölkəmizə dair məlumatları heç bir fərdi bələdçiyə ehtiyac duymadan, birbaşa öz smartfonları vasitəsilə əldə etmələrinə imkan verən mobil yenilikdir. Proqramı öz telefonlarına konfiqurasiya edən turistlər üzərində xüsusi Artex markeri olan obyektlərə dair məlumatları interaktiv və əyləncəli formada öyrənə biləcəklər. Proqram təminatının digər bir xüsusiyyəti də turistlərin konkret və darıxdırıcı proqrama tabe olmağa məcbur edilməməsidir. Bu da onların gəzinti vaxtı rahatlığına və maraqlandıqları obyektlərlə yaxından tanış ola bilmələrinə imkan verəcək. Proqramın təqdim olunan hissəsi üç bölmədən ibarətdir və hər bir bölmə Artex markeri yerləşdirilmiş fərqli posterlər üzərindən işləyir. Bölmələrdən biri iyun ayında “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış  tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionunun nümayişindən ibarətdir. Bu bölmədə Olimpiya Stadionuna dair məlumatlar görüntülü formada yerləşdirilib. Proqramın ikinci hissəsi  Bərdə “ASAN xidmət”inin açılışına həsr olunub. Üçüncü bölmə isə Bərdə şəhərində yeni inşa edilən və Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Parkı haqqındadır. Burada parka dair məlumatlandırıcı videoçarx yerləşdirilib.
Buradakı “ASAN kadr” karyera mərkəzi “ASAN Məktəb” könüllülük proqramını bitirmiş gənclərə işə qəbul prosesində dəstək olmaq üçün yaradılmış elektron portaldır. www.asankadr.az portalı vasitəsilə işaxtaranlar və işəgötürənlər üçün məlumat bazası yaradılır. Belə ki, həm könüllülük proqramını bitirmiş gənclər öz tərcümeyi-hallarını portalda yerləşdirir, həm də işəgötürənlər burada vakant yerlər barədə elanlar verə bilirlər. Portalın axtarış sistemi hər iki tərəfin öz tələbatına uyğun iş yeri və ya kadrla təmin olunmasına şərait yaradır.
Məlumat verildi ki, Elektron Lisenziya üzrə Mərkəzləşdirilmiş İdarəetmə Sistemi  lisenziyaların verilməsi prosesində sui-istifadə hallarını aradan qaldıran və şəffaflığı təmin edən elektron informasiya sistemidir. Sistem vasitəsilə 115 adda müxtəlif növ lisenziyanın elektron qaydada təqdim edilməsi həyata keçiriləcək. Sistemdən istifadə etməklə sahibkarlıq subyekti dövlət orqanlarına getmədən lisenziya ala biləcək. Uyğun baza və sistemlərin yaradılması və təkmilləşdirilməsi lisenziya alınması prosesinin daha şəffaf təşkili və sadələşdirilməsinə, yekun sənədin elektron şəkildə təqdim edilməsinə səbəb olacaq.
Sonra  “ASAN həyat” və “ASAN xidmət” dünya mətbuatında videoçarxları nümayiş olundu.
Bərdədəki “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 170 nəfərdir ki, onların da 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də yaradılıb.
Dövlətimizin başçısı mərkəzdə Bərdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 

 

DİGƏR Xəbərlər Arxiv