YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Əliyev: Payız mövsümündə işğaldan azad olunmuş ərazilərdə ağac əkilməsi üçün hazırlıq işləri görülür

İqlimi sağlamlaşdıran vasitələrdən biri yaşıllıqların artırılmasıdır. Hazırda ölkəmizdə yaşıllıqların artırılması ilə bağlı önəmli işlər görülür. Bu ilin fevral ayının 2-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır. Bunlardan biri də Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bu ilin əvvəllərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi IDEA İctimai Birliyi ilə birlikdə “Yaşıl Marafon” kampaniyasına start verdi. Ağacların müəyyən qədəri yaz ağacəkmə dövründə əkildi. Kampaniya payız mövsümündə də davam etdiriləcək. Ümumilikdə isə ilin sonunadək bir milyona yaxın ağacın əkilməsi nəzərdə tutulub. Sevindiricidir ki, ağacəkməni işğaldan azad olunmuş ərazilərdə də davam etdirəcəyik. Bununla da bağlı müvafiq işlər görülür, torpaq hazırlığı işləri gedir. Payız əkin mövsümündə işğaldan azad olunmuş ərazilərə məxsusi ağacəkməni nəzərdə tuturuq. Mənfur düşmənlərimiz otuz il ərzində bizim ekologiyamıza, ətraf mühitimizə böyük yaralar vurublar. Lakin biz həmin əraziləri yaşıllaşdıracağıq.

Bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O, son günlər baş verən meşə yanğınlarından da bəhs edərək deyib: “Çox əfsuslar olsun ki, son günlər Azərbaycan da, Türkiyə də meşə yanğınları ilə mübarizə aparır. Qardaş ölkədə meşə yanğınları böyük bir fəlakətə səbəb olub. Planetin digər ölkələrində - Amerikada , Avstraliya və digər ölkələrdə də yanğınlar qeydə alınır. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda yanğınların əsas başvermə səbəbi insan faktoru ilə bağlıdır. Vətəndaşlar istirahət üçün yaşıllıqlara üz tutarkən unutmamalıdırlar ki, hər söndürülməyən siqaret və ocaq böyük fəlakətlərə səbəb ola bilər. Bu yanğınların da söndürülməsi asan deyil. Ən azından buna dövlət vəsaiti, maliyyə resursları sərf olunur. Bəzən yanğınlar dağlıq ərazilərdə baş verir ki, bu zaman oraya texnikalar gedə bilmir. Əl əməyinə üstünlük verilir, insanlar gecə-gündüz yorulmadan yanğının söndürülməsinə çalışırlar. O cümlədən helikopter cəlb olunur. Bunun üçün maliyyə dəstəyi lazımdır. Ona görə fürsətdən istifadə edib vətəndaşlarımızı bu məsələlərdə həddindən artıq həssas və diqqətli olmağa çağırırıq. Bəzən ani bir diqqətsizlik ömrü 100 ildən artıq olan bir ağacın məhvinə gətirib çıxarır”.