YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi ölkəmizdə siyasi konfiqurasiyanın və demokratik təcrübənin yeni nümunəsi kimi

Hikmət BABAOĞLU

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü 

Məlum olduğu kimi, ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, 2018-ci ildən etibarən islahatlar daha çevik xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sahədə inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi cari ildə də Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq vətəndaşlarının yanında olub, heç bir sosial proqramı ixtisar etməyib, islahat xarakterli məqsədyönlü tədbirləri ardıcıl şəkildə davam etdirib.

Milli Məclisdə struktur islahatları parlamentin şəffaf, çevik və səmərəli fəaliyyətini şərtləndirən əsas amildir

Qeyd edək ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bu islahatlar konseptual olmaqla struktural xarakter daşıyır. İslahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir.

Azərbaycanda həyata keçirilən siyasi və struktur islahatlarından bəhs edərkən 2020-ci ilin fevral ayında keçirilən parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır. İlk növbədə, burada məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil edilməsindən ibarət olub.

İslahatlar çərçivəsində Milli Məclis Aparatında 13 şöbə əvəzinə 10 şöbə, İşlər İdarəsində isə 9 şöbə əvəzinə 4 şöbə yaradılıb. Parlamentdə yeni bir şöbə - İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb ki, bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. Kadr islahatları çərçivəsində isə gənc və savadlı kadrlar, o cümlədən Milli Məclisin Aparatında uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkiliblər. Bundan əlavə, Vətən müharibəsi qazisinin ailə üzvünə Milli Məclisdə yüksək vəzifə verilib.

VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklər, ümumilikdə, parlamentə sağlam, demokratik mühit gətirib, parlamentin işində əhəmiyyətli dönüş yaranıb və onun nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəlib.

VI çağırış Azərbaycan parlamenti yeni siyasi konfiqurasiyanı özündə əks etdirir

Onu da qeyd edək ki, hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaradılmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb, ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq parlamentin və onun komitələrinin rəhbərliklərinə müxalifət partiyalarının təmsilçiləri seçiliblər. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib. Qanun yaradıcılığı işində deputatlar daha da fəal iştirak edirlər. Belə ki, Milli Məclisin iclaslarında qanun layihələrinin təqdim edilməsinə komitə sədrləri ilə yanaşı, komitələrin sıravi üzvləri, o cümlədən müxalif partiyalardan olan deputatlar da yaxından cəlb olunublar. Eyni zamanda, demokratik mühitin göstəricisi olaraq plenar iclaslar zamanı parlamentdə təmsil olunan müxalifət partiyalarının fəal iştirakçılığı təmin edilib, onların təmsilçiləri Milli Məclisin rəsmi nümayəndə heyətlərinin xarici səfərlərində iştirak edirlər.

VI çağırış parlamentdə diqqətçəkən yeni tendensiyalardan biri də qanun layihələri ilə bağlı əhatəli dinləmələrin keçirilməsinə geniş yer verilməsidir. Bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin daha effektiv həllinə və nəticə etibarilə, layihələrin daha yüksək səviyyədə hazırlanmasına kömək göstərir. Xüsusilə, cəmiyyətin ciddi marağında olan önəmli məsələlərlə bağlı geniş dinləmələrin təşkil olunması müvafiq qanunların daha mükəmməl hazırlanmasına, mütərəqqi təkliflərin nəzərə alınmasına şərait yaradır.

Millət vəkilləri seçicilərlə sıx təmasdadırlar

Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında nitqi zamanı deputatlara tövsiyə etmişdi ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. Bu tövsiyədən irəli gələrək ötən dövrdə Milli Məclisin deputatları seçildikləri dairələrin problemləri ilə daim maraqlanıb, seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirib, seçicilərlə sıx təmasda olmağa çalışıblar. Demək olar ki, bütün deputatlar karantin rejiminə əməl etməklə seçicilərlə görüşlər keçirib, müasir texnologiyalardan faydalanaraq onlarla ünsiyyət qurublar. Həmçinin deputat köməkçilərinin işi də yenidən qurulub, seçici müraciətlərinin araşdırılması, seçicilərlə daimi təmasların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Bir məqam da nəzərə alınmalıdır ki, VI çağırış Milli Məclisin deputatları parlament tribunasından daim seçicilərinin müraciətlərini səsləndirir, onların problemlərinin həlli ilə bağlı əlaqədar qurumlara çağırışlar edirlər. Bu da seçicilərlə işin düzgün əsaslarda qurulmasının göstəricisidir. Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etdiyini nəzərə alsaq, qeyd edə bilərik ki, bu, ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir.

Milli Məclisin qlobal pandemiya dövründə də fəaliyyəti səmərəli olub

Məlum olduğu kimi, qlobal pandemiya dövründə bütün dünyada olduğu kimi, ölkəmizdə də obyektiv məhdudlaşdırma, karantin tədbirləri tətbiq edilib. Buna baxmayaraq, sözügedən dövrdə Milli Məclisin ardıcıl və məhsuldar fəaliyyətinin təşkili üçün bir sıra tədbirlər həyata keçirilib. Bu çərçivədə Milli Məclisin fəaliyyətində müasir texnologiyaların tətbiqi genişləndirilib, parlamentin komitə və komissiyalarının iclasları, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantıları onlayn qaydada keçirilib.

Həmçinin plenar iclaslar zamanı deputatların sosial məsafə qaydalarına əməl etməklə iştirakı tam təmin edilib. Bundan başqa, Milli Məclisin inzibati binası mütəmadi dezinfeksiya olunub, virusun yayılmasının qarşısını almağa kömək edəcək digər ehtiyat tədbirləri həyata keçirilib. Eləcə də parlamentin plenar iclaslarını işıqlandıran kütləvi informasiya vasitələri üçün də karantin qaydaları nəzərə alınmaqla lazımi şərait yaradılıb.

Digər bir məqam isə pandemiya ilə əlaqdar parlamentin sosial təşəbbüslərə dəstək verməsidir. Belə ki, Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr köçürüblər.

Azərbaycan parlamenti 44 günlük Vətən müharibəsi dövründə də uğurla fəaliyyət göstərib

Xüsusi vurğulanmalıdır ki, ötən il 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanları səfərbər edərək aktiv fəaliyyət göstərib. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu. Azərbaycan Respublikası Milli Məclisi şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlayıb. Vurğulamaq yerinə düşər ki, parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərilib.

Eyni zamanda, bir sıra ölkələrin parlamentlərinin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları aparılıb, bəzi ölkələrin səfirləri ilə görüşlər keçirilib, onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verilib. Milli Məclisin deputatlarının əksəriyyəti müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar edib, sosial şəbəkələrdə, eyni zamanda, yerli mediada ciddi fəallıq göstəriblər.

Müharibə başa çatdıqdan sonra isə Milli Məclisin 13 noyabr 2020-ci il tarixli iclasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul olunub. Noyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti ilk dəfə olaraq Milli Məclisin iclas zalında canlı yayımlanıb.

Fəaliyyətində şəffaflığa böyük önəm verən Milli Məclisin ictimaiyyətlə əlaqələri yüksək səviyyədə təmin olunub

Qeyd etdiyimiz kimi, VI çağırış Milli Məclis fəaliyyətində şəffaflığa böyük önəm verir. Bu baxımdan, parlamentin ictimaiyyətlə əlaqələri də yüksək dəyərləndirilməlidir. Belə ki, Milli Məclisin internet saytı yeni tərtibatda istifadəyə verilib, saytda informasiyalara əlçatanlığın təmin olunmasına xüsusi diqqət yetirilib.

Milli Məclisin kütləvi informasiya vasitələri ilə əlaqələri yenidən qurulub, jurnalistlərin parlamentin fəaliyyətini işıqlandırmaları üçün geniş imkanlar yaradılıb. Nümunə üçün deyə bilərik ki, jurnalistlər üçün yeni media otağı, brifinq otağı yaradılıb, media nümayəndələrinin plenar iclasların gedişini izləməsi və işıqlandırması üçün karantin qaydalarına riayət etməklə əlverişli şərait yaradılıb.

Bundan başqa, vətəndaş müraciətlərinin cavablandırılması üçün müasir texnoloji imkanlardan da yararlanmaqla yeni və daha çevik mexanizmlər tətbiq olunur. Vətəndaşların həm deputatlar, həm də parlament Aparatının əməkdaşları tərəfindən qəbul olunması üçün müvafiq tədbirlər görülüb.

Milli Məclis, həmçinin mühüm ictimai təşəbbüslərin dəstəklənməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirib. Xüsusilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanmış qanvermə aksiyasında Milli Məclisin deputatları və əməkdaşları fəal iştirak ediblər. Bundan əlavə, YAŞAT Fonduna Milli Məclisin rəhbərliyi, deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları tərəfindən könüllü ianələr köçürülüb.

Milli Məclis beynəlxalq müstəvidə də uğurlu fəaliyyət göstərir

Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda da önəmli yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi üzrə 82 ölkənin parlamenti ilə dostluq qrupları, 12 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və 1 ikitərəfli komissiya fəaliyyət göstərir.

Koronavirus pandemiyası ilə əlaqədar mövcud olan vəziyyət Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə müəyyən mənada öz təsirini göstərsə də, bu dövrdə parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi də prioritetlərdən biri olaraq qalıb. Belə ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətləri Türkiyəyə, Rusiyaya, İtaliyaya, Pakistana və Macarıstana rəsmi səfərlər edib, bu səfərlər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar zamanı Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyi, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər, Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar faktlarla diqqətə çatdırılıb, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi üçün müzakirələr aparılıb.

Eyni zamanda, Azərbaycan parlamentinin nümayəndə heyətləri müvafiq beynəlxalq təşkilatların işində fəal iştirak ediblər. Deputatlarımız beynəlxalq təşkilatların sessiya və konfranslarında iştirak edərək ölkəmizin bir çox məsələlərlə bağlı ədalətli mövqeyini diqqətə çatdırıblar.

Həmçinin parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar. Bu formatda keçirilən və deputatların iştirak etdiyi digər tədbirlər də Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

Milli Məclisin fəaliyyətində baş verən keyfiyyət dəyişikliyi Ali Qanunverici orqana olan ictimai etimadı artırıb

Bütövlükdə, Milli Məclisin fəaliyyətində baş verən keyfiyyət dəyişikliyi Ali Qanunverici orqana olan ictimai etimadı artırıb. Xüsusilə də, deputatların seçicilərlə mütəmadi görüşlərinin keçirilməsi, millət vəkillərinin bu görüşlərlə əlaqədar parlament rəhbərliyinə hesabatlar təqdim etmələri, eləcə də qanunvericilik təşəbbüslərini artırmaları ölkəmizin ictimai münasibətlər sistemində pozitiv dəyişikliklər kimi cəmiyyət tərəfindən müsbət dəyərləndirilib. Eyni zamanda, seçiciləri maraqlandıran və narahat edən müxtəlif sosial məsələlərin parlamentin tribunasından səsləndirilməsi, müzakirəyə çıxarılması, həmin problemlərin həllinə xüsusi diqqət göstərilməsi vətəndaş məmnunluğunun artmasına əlavə təkan verib. Eyni zamanda, seçicilərin problemlərinin həlli istiqamətində hakimiyyətin qanunverici və icraedici qollarının koordinasiyalı fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilib.

Nəticə etibarilə, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın VI çağırış parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir.