YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın sülhsevər siyasəti və Qarabağın bərpası ilə bağlı təşəbbüslər beynəlxalq güclər tərəfindən təqdir olunur

Əli Hüseynli,

Milli Məclisin deputatı

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar fonunda sülh və sabitliyin daha etibarlı qarantına çevrilən Azərbaycan məhz Prezident İlham Əliyevin diplomatik məharətlə yönəltdiyi siyasi kursla  davamlı şəkildə uğurlar qazanmaqdadır.

Təbiidir ki, yeni geosiyasi şəraitdən irəli gələn vəzifələrin həyata keçirilməsinə, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpasi və inkişafı ilə bağlı vacib məsələlərin səmərəli həllinə mane olan bir sira problemlər mövcuddur. Bunların içində ən əhəmiyyətlisi ərazilərin minalarardan təmizlənməsidir. Çünki ərazi təmizlənməyincə növbəti layihələri həyata keçirmək mümkün deyil. “Landmine Monitor Report”-un nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv. km-dən 830 kv. km-dək ola bilər və bu, o deməkdir ki, minaların koordinatlarını göstərən xəritələr olmasa, bu ərazilərin təmizlənməsi prosesi on illərlə uzana bilər.

Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də Ermənistan hökuməti Ağdam rayonundakı və bunun ardınca iyulun 3-də Füzuli və Zəngilan rayonlarında işğal dövründə minalanmış ərazilərin  xəritələrini Azərbaycan tərəfinə təqdim edib. Həmin xəritədələrdə üst-üstə 190 minə yaxın piyada və tank əleyhinə minaların basdırıldığı koordinatlar qeyd olunub.

Mübaliğəsizdir ki, bu xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərimizdə tikinti və yenidənqurma layihələrinin həyata keçirilməsini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək, o torpaqlarda  daha çevik, daha tez şərait qurmağa imkan yaradacaq. Belə ki, bölgədə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan strateji əhəmiyyətli infrastruktur layihələri Ağdam və Füzulu rayonlarının ərazisindədir. Ən önəmlisi isə Zəngəzur dəhlizi layihəsinin tez bir zamanda gerçəkləşməsi üçün bu rayonlardakı bərpa, yenidənqurma işlərinin sürətlə reallaşdırılmasına ehtiyac var və bu, bölgənin gələcəyi üçün də həyati əhəmiyyətə malikdir. Bu baxımdan mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir.

Ağdam, Füzuli və Zəngilan rayonlarında minalara dair xəritələrin təqdim edilməsi, həmçinin digər bir  reallığı da ortaya çıxarıb. Belə ki, erməni tərəfi ilk olaraq onlarda mina xəritəsinin olmadığını bildirirdilər və məsələnin yubadılması nəticəsində bu günədək işğaldan azad olunan torpaqlarımızda onlarca insan həlak olub. Lakin haqqında söz açdığımız son hadisələr Ermənistan hakimiyyətinin saxtakarlığını, onun faşist mahiyyətini bir daha açıb göstərmiş oldu və 8 aydır ki, dünya ictimaiyyətini aldatdığını ortaya çıxardı. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq onlarda minalanmış ərazilərin xəritələrinin olmadığı kimi absurd iddia irəli sürə bilməyəcək və yaxın dövrlərdə Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdərə, Xocavənd və Xocalı istiqamətlərində də xəritələri verməyə məhkumdur.

Xəritələrin mülki insanların mina terrorundan əziyyət çəkməsi baxımından da müstəsnalığı var. İkinci Qarabağ müharibəsindən ötən cəmi 8 ay ərzində işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 20-dən çox mülki şəxsin, o cümlədən, iki media nümayəndəsinin həlak olması, 90 nəfərədək Azərbaycan vətəndaşının ağır yaralanması mina xəritələrinin əldə edilməsinin insan həyatının dəyəri baxımından nə qədər önəmli əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Ona görə də ilk olaraq məhz bunun  müqabilində ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfindən Azərbaycan ərazisinə keçərək sərhədlərimizi pozduğuna görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir necə maddəsi ilə həbs edilmiş ümumilikdə 30 nəfərin Ermənistan tərəfə təhvil verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq uğurlu əvəzləmə kimi tam anlaşıqlıqla qarşılanır və diplomatik gediş kimi  təqdir olunur. Bu baxımdan erməni təxribatçılarının guya beynəlxalq təzyiqlər nəticəsində ölkələrinə təhvil verilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur və bəzi bədxah dairələrin Azərbaycanın diplomatik uğurlarına kölgə salmaq cəhdindən başqa bir şey deyil.

Məsələ beynəlxalq kontekstə də vacib məqamlarla səciyyəvidir. 3 istiqamətdə  mina xəritələrinin əldə edilməsi ABŞ və Rusiya kimi beynəlxalq güçlərin təşəbbüsü və vasitəçiliyi ilə həyata keçirilməsi çox ciddi və diqqətçəkən faktdır. Prosesə qardaş Türkiyə böyük dəstək verməkdə davam edir. Qonşu Gürcüstan da bu sahədə vasitəçilik niyyətlərini reallaşdırmaqdadır. Bu, o deməkdir ki, Ermənistan istisna olmaqla digər ölkələr bölgənin hərtərəfli inkişafı ilə bağlı real pozitiv perspektivlərin reallaşmasında maraqlıdırlar və bu istiqamətdə Azərbaycanın sülh təşəbbüslərini səmimiyyətlə dəstəkləyirlər.

Ona görə də ölkə ictimaiyyətində belə bir əminlik formalaşmaqdadır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanıımız cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə müəyyən edilmiş hədəflərə doğru gedən bütün proseslərin beynəlxalq səviyyədə davamlılığı təmin olunmuşdur.