YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdab rayonunda 15 iyun Milli Qurtuluş Günü və şəhər ərazisində tikilmiş “Abad məhəllə”nin açılışı münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı və Zərdab rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdabda 15 iyun Milli Qurtuluş Günü və şəhər ərazisində tikilmiş “Abad məhəllə”nin açılışı münasibətilə tədbir keçirilib.

Tədbirdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, hüquq-mühafizə orqanları və rayonda fəaliyyət göstərən digər əlaqədar təşkilatların rəhbərləri, YAP fəalları iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları pandemiya qaydalarına uyğun şəraitdə Ümummilli Liderin abidəsini ziyarət etmişlər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə rayon sakinlərini Milli Qurtuluş günü münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ölkəmizin inkişaf strategiyası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir və ötən illər ərzində müstəqil Azərbaycan Respublikası bu strategiyaya əsaslanaraq böyük inkişaf yolu keçmişdir. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanmışdır və bu gün də dayanır.

Sonra millət vəkili Jalə Əliyeva tədbir iştirakçılarını Milli Qurtuluş Günü və “Abad məhəllə”nin açılışı münasibətilə təbrik etmişdir. O, öz çıxışında qeyd etmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hamımızın yaxşı xatırladığı kimi Azərbaycanda xaos, anarxiya baş alıb gedir, iqtisadi tənəzzül yaşanırdı, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdır. Belə bir şəraitdə - 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi, dahi siyasətçi, əsl vətənpərvər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyuldu. Beləliklə, 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Jalə Əliyeva həmçinin onu da bildirmişdir ki, Ümummilli liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir. Bu gün görülən işlər, həyata keçirilən layihələr bir daha göstərir ki, Ulu Öndər ideyaları əbədidir, onun hazırladığı inkişaf konsepsiyası müstəqil Azərbaycanın uğur modelidir.

Tədbirdə çıxış edən məhəllə sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

DİGƏR Xəbərlər Arxiv