YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Şuşanın Azərbaycan xalqının həyatında müstəsna yeri var

“44 günlük Vətən müharibəsi, işğal altında olan yurd yerlərimizin 27-28 ildən sonra mənfur erməni tapdağından azad olunması, münaqişəyə son qoyulması tarixi hadisə və möhtəşəm Zəfərdir. Bu, tarixdə bənzəri olmayan bir Qələbədir. 30 illik münaqişəyə 44 gün ərzində, özü də heç kimin köməyi olmadan son qoyulması, düşmən üzərində Zəfər çalınması hərb salnaməsinə qızıl hərflərlə həkk olunacaq bir uğur, bir nailiyyət, bir tarixi hadisədir. Bu Qələbə, müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin və Onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır”. Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, aparılan siyasət, xüsusilə də ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verməli idi və verdi. Ali Baş Komandanın müzəffər Ordusu öz dəmir yumruğunu düşmənin başına elə zərblə vurdu ki, o, özü axırda məğlubiyyətini etiraf etdi və 10 noyabr Bəyanatına imza atdı. Çünki düşmən ölkənin 10 noyabr Bəyanatına imza atmaqdan, məğlubiyyətini etiraf etməkdən başqa çıxış yolu yox idi. Təəssüflər olsun ki, bəzi qüvvələr 10 noyabr Bəyanatını da təftiş, onunla bağlı manipulyasiyalar etməyə cəhd etdilər. Ancaq zaman göstərdi ki, kim haqlıdır, kim haqsız, kim Vətən üçün çalışır, kim, sadəcə, su bulandırır. Məhz həmin bəyanatla 3 rayonumuz bir güllə atılmadan və bir şəhid verilmədən azad olundu. Bunun özü də cənab İlham Əliyevin müdrikliyinin, uzaqgörənliyinin, iradəsinin, qətiyyətinin göstəricisidir.

“Prezident İlham Əliyev son dərəcə müdrikliklə uğurlu siyasət yürüdür və bu, Azərbaycanı qələbədən-qələbəyə aparır. Ali Baş Komandanın Özünün də dediyi kimi, nəyi nə vaxt, necə edəcəyini Özü bilir və Özü qərar verir. Birdəfəlik bilmək lazımdır ki, artıq Qarabağ adlı münaqişə yoxdur, bu münaqişəyə son qoyulub, status məsələsi arxivə göndərilib. Əgər kimlərsə yenidən başları üzərində “Dəmir yumruq” görmək istəmirlərsə, bu reallıqla barışmalıdırlar. Çünki başqa yol yoxdur, Qarabağ da, işğaldan azad olunmuş digər ərazilərimiz də əzəli, əbədi Azərbaycan torpaqlarıdır”, - deyən E.İbrahimov Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi zamanı Şuşa haqqında fikirlərinə də toxunub. Şuşanın Qarabağımızın ən dilbər guşəsi olduğunu söyləyən YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Şuşanın Qarabağın, bütövlükdə, Azərbaycanın tarixində, xalqımızın həyatında müstəsna yeri var. Şuşa bizim mədəniyyət beşiyimizdir, Şuşa bizim, Cənubi Qafqazın, bütövlükdə dünyanın musiqi konservatoriyasıdır. Odur ki, Şuşa ilə bağlı atılan və atılacaq addımlarda hər kəs kimliyindən asılı olmayaraq, bu məqamları nəzərə almalı, hər bir addımını yüz dəfə ölçüb-biçməlidir.

“Bu baxımdan heç təsadüfi deyil ki, Şuşa şəhəri ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bunu da hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevrilməlidir və çevriləcək. Şuşada çox zəngin mədəni həyat olmalıdır və olacaq. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıdacaqlar. Eyni zamanda, təsadüfi deyil ki, bu yaxınlarda ölkəmizə rəsmi səviyyədə səfər edən iki nümayəndə heyətinin başçısı da Şuşaya xüsusi diqqəti dilə gətirib. Birincisi, ICESCO-nun rəhbəri Azərbaycan Prezidenti ilə görüş zamanı bildirdi ki, onlar təklif edəcəklər ki, Şuşa İslam mədəniyyətinin paytaxtı elan edilsin. İkincisi, Türk Şurasının Baş katibi dövlət başçısı ilə görüş əsnasında belə bir təklif irəli sürdü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin. Bunlar çox önəmli məqamlardır, bunlar həm də Azərbaycanın 44 günlük müharibə, tarixi Qələbə ilə yaratdığı reallıqların nəticəsidir. İndi bütün bunlardan sonra kimlərsə öz şəxsi maraqları və mənafeləri naminə bu reallıqlara, bu uğurlara, kölgə sala bilməz və bilməyəcəklər də. Hər kəs kimliyindən asılı olmayaraq, öz işi ilə məşğul olmalıdır. Əks təqdirdə, dövlət başçısının dediyi kimi, cəzalandırılacaq”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.