YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Qarabağla bağlı qərəzli münasibət Fransanın beynəlxalq nüfuzuna böyük zərbədir

Əli Hüseynli

Milli Məclisin deputatı

Noyabrın 25-də Fransa Senatının Rəyasətində qəbul edilərək Plenara ötürülən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamənin qərəzli olmasını bir neçə aspektdən şərh etmək mümkündür.

Məsələnin mənəvi tərəfinə baxanda bu sənədin erməni lobbisinin təsiri altında olan Fransa hakimiyyətinin yuxarı eşalonunda yer almış yüksək vəzifəli şəxslərin subyektiv və ədalətsiz mülahizələri əsasında qəbul olunduğu aydın görünür. Digər tərəfdən, islam dininə, türklərə və azərbaycanlılara nifrət qoxusu verən qətnamə mahiyyəcə Türkiyənin beynəlxalq miqyasda və Cənubi Qafqaz bölgəsində artan nüfuzuna qısqanc münasibət bəsləyən, Azərbaycanın isə Ermənistan üzərində möhtəşəm qələbəsini həzm edə bilməyən Fransa siyasi istibleşmentində əxlaqi dəyərlərin çox aşagı səviyyədə olduğunun göstəricisidir.

Siyasi baxımdan bu sənədin hələ də müstəmləkələrindən əl çəkməyən rəsmi Parisin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn  əsas prinsiplərinə ziddir. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu məsələdə neytral mövqe sərgiləməyə borclu olduğu halda Fransa hər vəchlə “kiçik bacısının” əsassız tələbləri uğrunda dəridən-qabıqdan çıxır, prezident Makron isə özünü Ermənistanın rəhbəri kimi aparır, bununla da yaxınlaşan seçkilərdə erməni diasporunun dəstəyini qazanmaq  istəyir.

Məsələnin hüquqi aspekti daha maraqlıdır. Əvvəla, Rəyasətdə qəbul olunmuş bu qərarın Fransanın öz Konstitusiyasına əsasən heç bir hüquqi çəkisi yoxdur. Çünki Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur və hansısa ölkənin hansısa bir  orqanı bu reallığı pozmağa qadir deyil. Hesab edirəm ki, BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməyə səs vermiş bir dövlətin sonradan öz sözünə xilaf çıxması siyasi riyakarlıqdır. Digər tərəfdən,  bu sənəd rəsmi Parisin siyasətini müəyyən edə bilməz. Çünki Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində yekun söz sahibi olan təsisat deyil.

Lakin istənilən halda, bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirir. Ona görə də Senat erməni lobbisinin maraqlarını deyil, Fransa dövlətinin və xalqının mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Əks halda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi Parisin belə davranışlarına cavab olaraq bəyan etdiyi kimi, Fransanın beynəlxalq əhəmiyyətli, taleyüklü məsələlərə münasibətdə atdığı qeyri-adekvat addımları iki ölkə arasında münasibətlərə ciddi xələl gətirə bilər.

Odur ki, ən azından  öz dövlətinin beynəlxalq nüfuzunun qorunması və xalqın maraqları baxımından  Fransa Senatının bu qətnaməni müzakirəyə çıxarmayacağına və nəhayət, sülh və barışıq dəyərlərinə önəm verməklə avantürist erməni lobbisinin təsirindən qurtularaq beynəlxalq miqyaslı təxribata yol verməyəcəyinə ümid edirik.