YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Hər birimiz Vətənimizin şərəfi və namusu yolunda müsəlləh əsgərik

“İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törədib və bununla da bir daha öz faşist, işğalçı xislətini nümayiş etdirib. Şanlı Azərbaycan Ordusunun təxirəsalınmaz və qətiyyətli tədbirləri nəticəsində erməni faşistlərinin hücumunun qarşısı cəsarətlə alınıb, düşmənə layiqli cavab verilib. Ermənilərin bu təxribatının qarşısının alınması və düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə olmasını bir daha təsdiq edir. Eyni zamanda, bu fakt xalqımızın ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin, xalq, iqtidar və ordunun sarsılmaz birliyinin, yüksək vətənpərvərliyinin, həmrəyliyinin bariz sübutudur”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, siyasi baxışlarından, yaşından, sosial statusundan, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşları pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətənimizin torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Silahlı Qüvvələrimizə, Ali Baş Komandana dəstəklərini ifadə ediblər. Sevindirici haldır ki, bu çətin, mürəkkəb bir zamanda, Vətənimizin ağır günlərində respublikamızda fəaliyyət göstərən müxtəlif siyasi partiyalar və təşkilatlar da yüksək siyasi mədəniyyət nümayiş etdirərək, bu prosesdən geri qalmayıb, milli həmrəylik göstərərək, Ali Baş Komandanın yanında olduqlarını bəyan ediblər. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların cəbhədə ermənilərin son təxribatları ilə əlaqədar yaydığı milli həmrəylik bəyanatı Azərbaycan xalqının birliyinin, dövlətçilik maraqlarının siyasi, partiya və şəxsi maraqlardan üstün olmasının əyani nümayişidir. Məhz bu prinsiplər əsl demokratik, sivil cəmiyyətlərə xas olan prinsiplərdir – xalqın, dövlətin, Vətənin maraqları hər şeydən üstün olmalıdır.

"Eyni zamanda, təəssüflə qeyd etmək lazımdır ki, biz bu gün həm işğalçılarla, həm də yerli xəyanətkarlara qarşı vurşuruq. Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, xalq tərəfindən yüksək coşğu ilə  qarşılanıb. Əfsuslar olsun ki, onların arasına AXCP-nin  tör-töküntüləri girib, bu gözəl prosesə kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışıblar. Lakin heç bir xain qüvvə, “beşinci kolon” xalq-iqtidar-ordu birliyini sarsıda bilməz. Bu mümkün olan iş deyil. Xalq ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının təmin ediləcəyinə, Qarabağın azad olunacağına əmindir",- deyə təşkilat sədri söyləyib.