Xəbərlər
ABŞ-Azərbaycan: liderlerin yüksək nüfuzu və qarşılıqlı etimadına əsaslanan etibarlı tərəfdaşlıq münasibətləri

Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il iyulun 19-da Xankəndi şəhərində 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlərə, müxtəlif ölkələri təmsil edən jurnalistlərin verdiyi suallara açıq, səmimi və cəsarətli cavabları yalnız beynəlxalq aləmdə nüfuzlu media orqanlarında deyil, eyni zamanda ayrı-ayrı ölkələrin, xüsusilə bölgədə marağı olan iri dövlətlərin siyasi çevrələrində də böyük diqqətlə izlənilib və maraqla qarşılanıb.
Bu baxımdan ABŞ Prezidenti Donald Trampın özünə məxsus “Truth Social” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyevin onun özü haqqında söylədiyi fikirləri paylaşması isə sözün həqiqi mənasında bir fenomenə çevrildi. Əlbəttə, nəzərə alsaq ki, ABŞ dünyada hegemon dövlətdir, bu baxımdan bu dövlətin başçısının Azərbaycanla bağlı həmin paylaşımı diqqəti cəlb etməyə bilməz. Eyni zamanda, bu, Prezident Tramp tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə və fikirlərinə verilən önəmin aydın ifadəsidir.
Xatırladaq ki, cənab İlham Əliyev ABŞ Prezidenti haqqında aşağıdakı fikirləri səsləndirib: “Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür.
Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.
Qeyd edək ki, Prezident İlham Əliyev hələ ötənilki seçki kampaniyasında Trampın qələbəsini arzulayan, inanan və ona dəstək verən azsaylı dünya liderlərindən idi. Avropa İttifaqının və dünyanın bir sıra aparıcı dövlətlərinin liderləri demokratların namizədi, yeri gəlmişkən, antiazərbaycan və ermənipərəst mövqeyi ilə tanınan K.Harrisin qələbəsinə inam fonunda Trampı ələ salırdılarsa, Azərbaycan Prezidenti ABŞ-da 47-ci prezident seçkilərinə tamamilə əks mövqedən yanaşırdı. Bu, sözsüz ki, ilk növbədə D.Trampın ilk prezidentlik dövründə ABŞ-la Azərbaycan arasında bu iki ölkənin münasibətləri tarixində qarşılıqlı əlaqələrin və siyasi liderlər arasındaki münasibətlərin ən yaxşı olduğu dövrün təcrübəsindən irəli gəlirdi.
Belə ki, 2017-2021-ci illərdə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın mühüm rol oynaması faktı ABŞ tərəfindən yüksək qiymətləndirilir, regional konfliktlərin həllində Trampın daha konstruktiv mövqe tutması Azərbaycanın maraqlarına uyğun gəlir, ABŞ Prezidentinin Azərbaycan dövlət bşçısına məktubları Ağ evin Azərbaycanı müstəqil milli dövlət kimi qəbul etdiyini və onun xarici siyasət maraqlarını nəzərə alıdığını göstərir, ölkəmiz təhlükəsiz, dinamik inkişaf edən ölkə kimi dəyərləndirilir, Azərbaycan Tramp administrasiyası tərəfindən ABŞ üçün investisiya yatırımlarının qoyulması baxımından əlverişli bir məkan, həmçinin Avropanın enerji təhlükəsizliyində etibarlı bir əməkdaş kimi qiymətləndirilir və ən nəhayət, bu ölkədəki erməni lobbisinin Trampa təsirinin yox səviyyəsində olması ABŞ-da anti-Azərbaycan qüvvələrin fəaliyyətinin zəifliyini şərtləndirirdi. Həmin illərdə Azərbaycan Respublikasının Prezidentinə ünvanlanan məktublarda son 25 il ərzində ABŞ ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirdiyini və bu tərəfdaşlığın davamlı inkişafını arzuladığını vurğulayan Tramp Azərbaycanı öz ölkəsinin dəyərli tərəfdaşı hesab etdiyini bildirir, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayırdı.
Görünür, məhz bu amilləri nəzərə alan Prezident İlham Əliyev hələ 2024-cü il iyulun 21-də 2-ci Şuşa Qlobal Media Forumunda Trampa, az qala dünyanın qalan bütün hissəsindən fərqli olaraq, özünün müsbət münasibətini aydın şəkildə açıqlayaraq deyirdi: “Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyk-nyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır”. Ardınca İlham Əliyev qarşıdakı seçkilərdə hansı namizədin qalib gəlməsini arzuladığı barədə suala kifayət qədər aydın və məntiqli cavab verirdi: “Tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim”, deyir və əlavə edirdi: “Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.
Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə D.Trampa ümidlərin böyük olduğunu, Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmağın mümkün olacağını deyir, hər iki tərəfin də maraqlı olacağı halda, əlaqələrin strateji səviyyəyə yüksələ biləcəyinə inamını ifadə edirdi.
Ötən il noyabrın 25-də Prezident İlham Əliyevlə D.Tramp arasında onun öz ölkəsinin dövlət başçısı seçilməsi münasibətilə təbrik etdiyi telefon danışığında ABŞ lideri iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd etmişdi. Bu, aşkar ermənipərəst və bütün fəaliyyəti boyu ölkəmizə qarşı sərt qərəzli mövqe tutan Bayden administrasiyasından fərqli olaraq, yeni prezidentin Azərbaycanla əməkdaşlığa üstünlük verdiyinin qeyd olunduğu ilk mesaj idi. Bundan başqa, ABŞ Prezidenti bu il Novruz bayramı münasibətilə Azərbaycanın dövlət başçısına ünvanladığı təbrik məktubunda qeyd edirdi ki, “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.
Həmçinin, bu il mayın 28-də D.Trampın Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə göndərdiyi məktubda ABŞ-Azərbaycan əlaqələrinin, terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, Ermənistanla sülhə nail olmaq istiqamətində Azərbaycan-ABŞ tərəfdaşlığı yüksək qiymətləndirilir, ikitərəfli prioritetlərin, o cümlədən, təhlükəsizlik sahəsində əməkdaşlığın, iqtisadi münasibətlərin və enerji inkişafı üzrə tərəfdaşlığın davam edəcəyinə ümid ifadə edilirdi. ABŞ-ın Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam etdiyi, Cənubi Qafqaz regionunda davamlı sülhün ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacağı qeyd edilir, qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa inam bildirilirdi. Bu fakt özü, əvvəlki administrasiyadan fərqli olaraq, Trampın Cənubi Qafqazda sülhün bərqərar olmasına səmimi yanaşdığını sübut edir.
Cəmi bir həftə sonra, iyulun 4-də Azərbaycan Prezidentinin ABŞ dövlət başçısına bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda qeyd edilirdi ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq əlaqələrini və tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır. İqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur. Məktubda qəti siyasi iradə və birgə səylər sayəsində dost və tərəfdaş ölkələr arasında əlaqələrin və əməkdaşlığın iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəyinə inam ifadə olunurdu.
Bütün bunlardan çıxış edərək, deyə bilərik ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ-la münasibətlərdə, demək olar ki, daim erməni maraqlarını əsas tutan demokratlara nisbətən respublikaçıların hakimiyyəti ilə daha konstruktiv münasibətlərə malik olmuşdur. Bu baxımdan D.Trampın həm birinci, həm də artıq yarım ili tamamlamış ikinci prezidentlik dövrü xüsusi mərhələ təşkil edir. İki ölkənin prezidentləri arasında ünsiyyətə dair yuxarıda səsləndirdiyimiz faktlar Donald Trampla İlham Əliyev arasında siyasi etimadın, qarşılıqlı rəğbətin və əməkdaşlıq əzminin yüksək olduğunu söyləməyə əsas verir.
İndi ABŞ Prezidentinin digər ölkələrin dövlət və hökumət başçılarının ona mədhiyyə söyləmək üçün sıraya düzüldüyü (təkcə iyunun 25-də Haaqada keçirilən NATO sammiti zamanı hərbi blokun baş katibi Mark Rüttenin D.Trampı “ata” adlandırması xatırlamaq kifayət edir), Trampın isə bu saxta pərəstişə, mədhiyyəçilik yarışına qulaqlarını tıxadığı bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin özünün fəaliyyətinə mədhiyyədən tamamilə uzaq real siyasi qiymətin verilməsi haqqındakı fikirlərini öz sosial şəbəkə hesabında paylaşması Prezident Trampın Azərbaycan liderinə, onun şəxsiyyətinə rəğbətinə, fikirlərinə verdiyi dəyərə dəlalət edir. Bu isə öz növbəsində, Trampın şəxsiyyətinə və siyasi liderliyinə Prezident İlham Əliyevin daim sabit və obyektiv münasibət bəsləməsindən irəli gəlir. Beləliklə, Bayden dövrü böhranından sonra, ABŞ-Azərbaycan münasibətləri iki lider arasındakı siyasi əlaqələrin və etimadın yüksək səviyyədə olduğu bir vaxtda inkişafa doğru mühüm müsbət impuls qazanmışdır.