YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır

Əvvəli burada

İctimai təəssübkeşlik nümunəsi olan təkliflər

Azərbaycan vətəndaşları dövlət başçısının yürütdüyü iqtisadi və sosial siyasəti, struktur islahatlarını ürəkdən bəyənməklə yanaşı, ictimai təəssübkeşlik göstərərək respublikada gedən proseslərlə bağlı təklif və mülahizələrini də bildirirlər. 

Təkliflərdə dövlətçiliyimizin gücləndirilməsi, ölkənin ictimai-siyasi həyatına vətəndaşların daha yaxından cəlb edilməsi, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, ətraf mühitin qorunması, infrastrukturun daha da yaxşılaşdırılması, abadlıq-quruculuq, turizmin inkişafı və digər məsələlər üstünlük təşkil edir.

Hər il olduğu kimi, bu il də təkliflərin bir qismi ulu öndər Heydər Əliyevin adının daha geniş əbədiləşdirilməsi, Ümummilli Liderin irsinin daha dərindən öyrənilərək tövsiyələrinin həyata keçirilməsi barədə olmuşdur. Bu məsələlərlə bağlı təkliflərin çox olması Ulu Öndərə əbədi xalq məhəbbətinin ifadəsidir.

Bundan əlavə, vətəndaşlar təkliflərdə Qarabağ probleminin həlli, dövlət hakimiyyəti orqanlarının, idarə, təşkilat və müəssisələrin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar fikirlərini bildirirlər.

Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasətini tam dəstəkləyən vətəndaşlarımız ictimai-siyasi mövzulara dair göndərdikləri təkliflərdə növbədənkənar parlament seçkilərinin keçirilməsi, struktur islahatlarının aparılması ilə bağlı mülahizələrini bildirir, müxtəlif təkliflər irəli sürürlər. Xaricdə yaşayıb oradakı havadarlarına güvənən və ölkəmizə qarşı qərəzli təbliğat aparan, anti-Azərbaycan mövqeyi tutan şəxslərə qarşı qətiyyətli addımlar atılması, xaricdəki diaspor üzvlərimizin mütəşəkkil fəaliyyəti, Qarabağ müharibəsi şəhidləri haqqında silsilə verilişlər hazırlanması barədə təkliflər də bu qəbildəndir.

Təhsil, səhiyyə və sosial sahədə islahatların daha da genişləndirilməsi ilə bağlı arzu və istəklərini bildirən vətəndaşların bir sıra kənd məktəblərinin təmiri, ucqar kəndlərdə tibb məntəqələrinin açılması, kitabxanaların və mədəniyyət evlərinin fəaliyyətinin müasir tələblərə cavab verən formada təşkili barədə fikirləri, mülahizələri diqqəti cəlb edir.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, dövlət, elm və mədəniyyət xadimlərinin, məşhur mesenatların, tanınmış neftçilərin, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və digər şəxslərin xatirəsinin əbədiləşdirilməsi barədə müraciətlər vətəndaşların mədəniyyətimizin inkişafında əhəmiyyətli rolu olan şəxslərin unudulmamasına, tarixi irsimizin qorunmasına böyük önəm verdiyini göstərir. Ötən il Azərbaycan Prezidentinin bir sıra sərəncamları məhz bu məsələlərə aid olmuş, 25 nəfərdən artıq tarixi şəxsiyyətin yubileyi qeyd olunmuş və xatirəsi əbədiləşdirilmişdir.

Respublikanın bütün bölgələrində aparılan yenidənqurma işlərindən məmnun qalan vətəndaşlar bu sahəyə aid təklifləri ilə yaşadıqları ərazinin daha da abadlaşdırılmasında iştirak etmək istəyirlər. Onlar əmindirlər ki, sərnişindaşıma üzrə yeni marşrutların, əlavə aviareyslərin açılması, sürətli qatar xətləri şəbəkəsinin daha da genişləndirilməsi, yerüstü və ya yeraltı keçidlərin inşası, su anbarlarının tikilməsi və s. məsələlər barədə təklifləri yaşadıqları ərazilərin infrastrukturunun güclənməsinə, daha yaxşı yaşayış şəraitinin yaradılmasına xidmət edəcəkdir.

Müraciətlərdə sosial evlərin tikintisi ilə bağlı atılan addımların Bakı şəhər sakinlərinin mənzil probleminin uğurlu həlli yollarından olduğu qeyd edilir və respublikanın digər şəhər və rayonlarında da güzəştli qiymətə sosial evlərin tikilməsi barədə təklif və mülahizələr irəli sürülür.

Kənd təsərrüfatına aid müraciətlərdə vətəndaşlar heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarında məhsuldarlığın daha da artmasına, habelə qida sənayesinin və farmakologiyanın inkişafına töhfə verə biləcək bəzi qeyri-ənənəvi bitkilərin Azərbaycanda becərilməsi, kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması, yeni emal müəssisələrinin qurulması, orqanik məhsulların yetişdirilməsi, üzümçülük və şərabçılığın bazasında aqroturizmin inkişaf etdirilməsi, kənd məhsulları yarmarkalarının sayının artırılması, aqrar sektorda müasir texnologiyaların tətbiqinin davam etdirilməsi barədə təkliflərini verir, fikirlərini bölüşürlər.

Bundan əlavə, vətəndaşlar müraciətlərdə dövlət qulluğuna qəbul imtahanlarının optimallaşdırılması, bəzi kənd və qəsəbələrdə bankomatların qoyulması, dəm qazından zəhərlənmə hallarını aradan qaldırmaq üçün qaz detektorlarının quraşdırılması və sair məsələlərlə bağlı təkliflər də vermişlər.

Bir qayda olaraq bütün təkliflərə diqqətlə yanaşılır, öyrənilir və səmərəli olduğu halda onların həyata keçirilməsi üçün tədbirlər görülür.

Vətəndaşların öz Prezidentinə ümid və inamını ifadə edən müraciətlər

Prezident Administrasiyasına daxil olan müraciətlərin vətəndaşlarımızın gündəlik həyatda qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında dövlətin dəstəyinə ümidindən, öz Prezidentinə, öz dövlətinə güvənc və inamından yarandığını desək, səhv etmərik. Vətəndaşlar dövlət başçısının yürütdüyü sosial siyasətdən razılıqlarını bildirir, özlərinin şəxsi problemlərinin və sosial məsələlərinin həllində ölkənin mövcud imkanlarından bəhrələnməyə çalışır, abadlıq və tikinti işlərinin həyata keçirilməsində, insan həyatı üçün zəruri olan infrastrukturun yaradılmasında öz dövlətlərinə arxalanırlar.

Azərbaycan Prezidentinin bütün dövlət qurumlarının fəaliyyətini xalqın problemlərinin həllinə, həyatının yaxşılaşdırılmasına yönəltməsi, ölkənin təbii sərvətlərindən əldə olunan gəlirlərin onun iqtisadi inkişafına sərf edilməsi, ictimai-siyasi sabitliyi təmin edən daxili siyasətin uğurla davam etdirilməsi vətəndaşların ölkə rəhbərinə inamını daim gücləndirir.

Azərbaycanda uzun illərdir aparılan sosialyönümlü siyasət, əhalinin öz güzəranını təmin etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması, gündən-günə artan insan resurslarımızın ölkənin qüdrətini artırmaq üçün səfərbər edilməsi həmişə diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev 2019-cu il dekabrın 24-də – doğum günündə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzil və avtomobillərin təqdim olunması mərasimində bu məsələləri şərh edərək demişdir: “İndi bizim iqtisadi imkanlarımız yaxşılaşır. Düzgün iqtisadi siyasət aparmaqla biz əlavə gəlirlər əldə etdik. Bu gəlirləri, ilk növbədə, sosial problemlərin həllinə yönəltdik. Bu il 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı – əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olunub. Maaşlar, pensiyalar, müavinətlər, tələbə təqaüdləri, problemli kreditlərin həll edilməsi – bütün bunlar böyük vəsait tələb edir. Biz bu işlərə milyardlarla manat vəsait yönəltmişik və çox düzgün addım atmışıq. Çünki bu, lazım idi. Sosial təminat bizim üçün ən başlıca vəzifədir”. Azərbaycan Prezidenti sosial təminatın iqtisadi imkanlardan asılılığını dəfələrlə qeyd edərək vurğulayır ki, iqtisadi inkişaf nə qədər yüksək templə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq.

Dövlətimizin başçısı ölkənin təbii resurslarından və digər imkanlarından səmərəli istifadə etməklə yeni iş yerlərinin yaradılmasını, işsizliyin minimuma endirilməsini sosial məsələlərin həllində prioritet amillərdən biri hesab edir.

Prezident İlham Əliyevin 2019-cu ilin əvvəlindən start verdiyi yeni islahatlar bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb. Ölkə rəhbərinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apardığı struktur islahatlarının, onların qarşısında qoyduğu yeni tələblərin məqsədi dövlət müstəqilliyini daha da möhkəmləndirmək, vətəndaş məmnunluğunu artırmaqdır. Öz Prezidentinə güvənən və onun siyasətini dəstəkləyən Azərbaycan vətəndaşları əmindirlər ki, dövlətimizin başçısının qanunverici, icraedici və məhkəmə hakimiyyəti, habelə maliyyə sistemində apardığı islahatlar dövlət idarəetməsinin səmərəliliyini artıraraq, ilk növbədə, vətəndaşların maraqlarına xidmət edəcək, ölkənin davamlı inkişafına zəmin yaradacaqdır.

Sistemli, hər hansı gərginlik yaratmadan aparılan islahatlara inanan vətəndaşlar baş verən hadisələrə, cəmiyyətdə formalaşan yeni çağırışlara münasibət bildirir, zamanın tələbinə uyğun olaraq idarəetmə strukturlarından olan gözləntilərinin daha çevik həll edilməsini arzulayır, bir sözlə, Prezident Administrasiyasına göndərdikləri müraciətlər vasitəsilə baş verən bütün proseslərdə iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaş–dövlət münasibətlərinin bu vacib cəhətini yüksək dəyərləndirir və düzgün olaraq qeyd edir: “Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq”.

2019-cu ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Laçın, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olmuşdur. Müraciətlərin çox olmasının həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Narahatlıq doğuran məsələ odur ki, vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar.

Əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayının real mənzərəni əks etdirən bir göstərici olduğunu nəzərə alsaq, deməliyik ki, Naftalan, Yevlax, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Masallı, Sabirabad, Şəmkir, Ucar, Yardımlı, Zəngilan, Zərdab, digər şəhər və rayonlarda bu rəqəm daha yüksək olmuşdur.

Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir və bu, onların yaranma səbəblərini aşkarlamağa, lazım gəldikdə, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görməyə və yaxud mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə baxılması, həmçinin qəbulların təşkili ilə bağlı müvafiq tövsiyələrin verilməsinə imkan yaradır.

2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 67,9 faizi ərizə, 31,8 faizi şikayət, 0,3 faizi isə təklifdir.

Prezident Administrasiyasına daxil olan ərizələrin mövzuları çox müxtəlifdir. Vətəndaşlar əfv məsələləri, iş, mənzil, ünvanlı sosial yardımla təmin olunma, güzəştli kreditlərin verilməsi, pensiyaların yenidən hesablanması, xaricdə müalicə, yaşayış binalarının və mənzillərin təmiri və sənədləşdirilməsi, sahibkarlığın inkişafı, məcburi köçkünlərin evlə təmin edilməsi, təhsil haqqı və digər məsələlərlə bağlı daha çox müraciət etmişlər.

2019-cu ildə təbii fəlakət mövzusunda həm ərizə, həm də şikayət xarakterli müraciətlərin çoxalması müşahidə olunub. Bu da ötən il fevral ayının 5–6-da Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin törətdiyi fəsadlarla bağlıdır. Prezident İlham Əliyev zəlzələnin nəticələri, daha sonra isə görülən işlərlə tanış olmaq üçün bölgəyə səfərləri zamanı yerli sakinlərlə səmimi görüşlər keçirmiş, zəlzələdən zərər çəkənləri ilin sonuna qədər yeni evlərdə yaşayacaqlarına əmin etmiş, bununla da bir daha dövlətin çətin gündə xalqın yanında olduğunu əyani surətdə göstərmişdir. Doğrudan da 10 ay ərzində zəlzələdən zərər çəkmiş Ağsu, İsmayıllı və Şamaxı rayonlarının sakinləri üçün yüzlərlə yeni ev tikildi, təmir olundu, vəd verilən müddətə zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı. Görülən işlər bir daha göstərir ki, vətəndaşların problemlərinin həlli Prezidentin diqqət mərkəzindədir.

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların ölkədə vacib problemlər barədə müraciətlərinə daim böyük diqqətlə yanaşır və onların həlli üçün əsaslı tədbirlər görür. Buna nümunə olaraq meliorasiya və kənd təsərrüfatı məsələləri göstərilə bilər. Azərbaycan Prezidentinin diqqəti və səyləri ilə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün son illərdə ciddi tədbirlər görülməkdədir. Ümumən, iqtisadiyyatın qeyri-neft sektorunda kənd təsərrüfatının xüsusi çəkisi həmişə yüksək olmuş və son illərdə pambıqçılığın, eləcə də tütünçülüyün, baramaçılığın inkişafı üçün görülən tədbirlər suvarma şəbəkəsinin genişləndirilməsini vacib şərtlərdən birinə çevirmişdir.

Respublikanın bütün bölgələrindən daxil olmuş vətəndaş müraciətlərinin öyrənilməsi nəticəsində bu sahə ilə bağlı ciddi qərarlar qəbul edilmiş, 2019-cu ildə dövlət başçısının imzaladığı 9 sərəncam və 1 fərmanla meliorasiya işlərinə əlavə 71 milyon 500 min manatdan çox əlavə vəsait ayrılmış, 100 minlərlə hektar əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün yüzlərlə subartezian quyusu qazılmışdır.

2019-cu ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində böyük həcmdə lildən təmizləmə işləri aparılmış, 5 min 676 subartezian quyusu, 315 nasos stansiyası təmir edilmişdir. Həyata keçirilmiş təmir-istismar və tikinti işləri nəticəsində suvarılan torpaqlarda qrunt sularının səviyyəsi aşağı düşmüş, 2018-ci illə müqayisədə şoran torpaq sahələri 4 min 325 hektar azalmışdır.

Xəzər və Pirallahı rayonları ərazisində yeni salınan zeytun və badam bağlarını, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Zərdab, Masallı, Şəki və Şəmkirdə min hektarlarla əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün ciddi işlər görülmüş, keçən il respublika üzrə 1 milyon 400 min hektardan çox sahənin orta hesabla 3 dəfədən çox suvarılması kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin xeyli artmasına kömək etmişdir.

Dövlətimizin başçısının pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı 2019-cu il dekabrın 19-da keçirdiyi müşavirədə pambıqçılıq, o cümlədən meliorasiya sahəsində görülən işlər müsbət qiymətləndirilmişdir.

Əvvəlki illə müqayisədə ekologiya məsələlərinə aid müraciətlərin sayı azalmışdır. Ətraf mühiti qorumaq və onun qayğısına qalmaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ən çox diqqət yetirdikləri sahələrdən biridir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış, ölkənin hər yerində gənclərin iştirakı ilə irimiqyaslı yaşıllaşdırma kampaniyasına çevrilmişdir. Aksiya çərçivəsində əkilən ağaclar, salınan bağlar, parklar Azərbaycanın ekologiyasına çox müsbət təsir göstərəcək və hesablamalara görə, sonrakı dövrdə hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaqdır.

Əminik ki, bu nəcib təşəbbüs dahi şairimizin irsinin beynəlxalq aləmdə təbliği ilə yanaşı, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və təbiətin ekoloji cəhətdən sağlamlaşmasına böyük xidmət göstərəcəkdir.

Orta təhsil məsələləri barədə müraciətlərin sayının azalması da son illər aparılan islahatların səmərəli olduğunu göstərir. Bu islahatlar 2019-cu ildə də davam etdirilmiş, məktəblərin maddi-texniki bazası daha da gücləndirilmiş, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılmış, 440 məktəb cari təmir edilmiş, 352 təhsil müəssisəsi qazlaşdırılmışdır. Bu tədbirlər sayəsində ölkədəki 4500-ə yaxın məktəbdə təhsil alan 1 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşmışdır. 150 mindən çox müəllimin vəzifə maaşı 2 dəfə artmış, Azərbaycan Prezidentinin 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə müəllimlərin orta aylıq əməkhaqları 600 manata çatmış, aylıq əməkhaqqı min manatdan çox olan müəllimlərin sayı 5 min nəfər olmuşdur. Müəllim peşəsinin nüfuzu daha da yüksəlmiş, hətta abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artmışdır. Ali məktəblərdə təhsilin səviyyəsi yüksəlməklə yanaşı müəllim və tələbələrin də sosial təminatı xeyli yaxşılaşmışdır. Təhsil sahəsində aparılan islahatların nəticəsi sübut edir ki, onların istiqaməti və məqsədi düzgün seçilmiş və bu da öz bəhrəsini vermişdir.

Əminik ki, 2020-ci ildə Azərbaycan vətəndaşları daha yaxşı yaşayacaq və aparılan islahatların nəticələrini daha yaxından hiss edəcəklər.

Şikayətlərin qarşısına çəkilən sədd: obyektivlik, məsuliyyət və şəffaflıq

Vətəndaşların ərizələri əsasən onların düşdükləri müəyyən çətinliklərin, o cümlədən mənzil-məişət, təhsil, sağlamlıq problemlərinin həlli barədə xahişlərdən ibarət olursa, şikayətləri bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur. 

Azərbaycan Prezidenti bütün çıxışlarında və əhali ilə görüşlərində cəmiyyətdə baş verən neqativ hallara kəskin münasibət bildirir, ictimai nəzarətin təmin edilməsini, hər bir mənfi halla əlaqədar özünə və müvafiq dövlət qurumlarına məlumat verilməsini tövsiyə edir, dövlət qurumlarında çalışan məmurlardan həmin məlumatlara operativ reaksiya verməyi tələb edir. Dövlət başçısı 2019-cu il noyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qəbul edərkən bir daha qeyd etmişdir: “Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir... Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir”.

Şikayətlərin təhlili və onlara obyektiv baxılması dövlət qurumlarında biganəliyin, süründürməçiliyin qarşısını almağa kömək etdiyinə görə bu müraciətlər daha diqqətlə öyrənilir. Prezident Administrasiyasına daxil olan şikayətlər hansı sahələrdə və ya hansı bölgələrdə işin düzgün qurulmadığını da əks etdirdiyinə görə onların sayı, mövzuları, haradan daxil olması və onları doğuran səbəblər mütəmadi olaraq təhlil edilir.

Ümumiyyətlə, 2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artmış, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan azalmışdır.

Mövzular üzrə təhlil göstərir ki, hüquq mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur.

Şəhər, rayon icra hakimiyyətlərinin, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi üzrə nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır. İcra hakimiyyəti başçıları qarşısında yeni vəzifələr qoyan, onlara öz işlərini müasir dövrün tələblərinə uyğun qurmaları barədə tövsiyələr verən Azərbaycan Prezidenti 2019-cu il oktyabrın 31-də Yevlax və Xaçmaz rayonlarının yeni icra başçılarını qəbul edərkən demişdir: “Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır... Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək”.

Bəzi şəhər, rayon icra hakimiyyətlərinin, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi üzrə nümayəndələrinin fəaliyyəti barədə şikayətlər az deyildir.

2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artmışdır. Bələdiyyələrin fəaliyyətindən narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daha çox olmuşdur.

Hər birimizin yaddaşında islahatlar ili kimi qalan ötən 2019-cu il həm də bələdiyyə seçkiləri ili olub. Cəmiyyət bələdiyyə seçkilərinə böyük maraq göstərmiş, 40 mindən çox namizədin arasından 1606 bələdiyyəyə 15 min 156 nəfər üzv seçilmişdir. İnanırıq ki, yeni seçilmiş bələdiyyə üzvləri zamanla ayaqlaşacaq, cəmiyyətin inkişafı üçün səylərini əsirgəməyəcək, bu sahədə yol verilən qüsurların aradan qaldırılmasına çalışacaq, növbəti illərdə onların fəaliyyəti barədə şikayətlər minimuma enəcəkdir.

“Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar yaşayış komplekslərinin idarə edilməsində illərdən bəri mövcud olan problemlər və mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi ilə bağlı şikayətlər azalsa da, vətəndaşlar ötən il də Prezident Administrasiyasına tikinti şirkətlərinin fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər göndərmişlər. İl ərzində 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, tikinti işlərinin vaxtında yekunlaşdırılmamasından, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, kompensasiya verilmədən söküntü işlərinə başlanılmasından və ya kompensasiyaların az olmasından, təsdiq edilmiş layihədən kənara çıxılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən, yaşayış komplekslərinin idarə edilməsindəki bəzi çatışmazlıqlardan, aldıqları mənzillərin başqalarına satılmasından şikayət etmişlər. Bunlardan “Birlik-İnşaat”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Araz-2011A”, “Pearl Construction”, “Fədək”, “MVVL Verus Praedium”, “NV Construction”, “Malibo”, “Draft Construction”, “Pilot-1", “RÜR”, “Avro Qrand”, “Abşeron LTD-2013”, “Pilot İnşaat A”, “Qafqaz-A”, “İlkin N”, “Qaya Qala”, ”Rifah Plaza”, “RNQ Qroup”, “Poleks”, “Sweet House”, “Memar Group”, “Hayan-E”, "Dərəçiçək", “Narm”, “Karat”, “Xəzər İnşaat”, “Hermes-S” “Servis”, “Mahal”, “Yeni Yasamal, ,“Yüksəliş-C”, “Avanqard İnşaat”, “FF”-2011, "Abidə", “Gözəl Bakı”, “Star-M” “Müasir Arena”, “Home Paş Prestij”, "Kristal Abşeron”, "İlin Dörd Fəsli", “Olimp”, “Şakir”, “AAAF Park”, “İnvest-2016”, “Məkan”, “Bulaq-2”, “Xudafərin”, digər MMC və MTK-lar barədə şikayətlər daha çox olmuşdur.

İnanırıq ki, Azərbaycan Prezidentinin bu sahəyə daim diqqət yetirməsi, qanunvericilikdə edilən dəyişikliklər, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu qəbildən olan məsələlərə ciddi yanaşılması bu mövzuda şikayətlərin sayını azaldacaqdır.

İl ərzində enerji daşıyıcıları və su təchizatı ilə bağlı müraciətlər, o cümlədən şikayətlər azalmışdır. Bu azalma qaz sayğaclarının quraşdırılması üzrə 14 faiz, su sayğaclarının quraşdırılması üzrə 36 faiz, elektrik sayğaclarının quraşdırılması üzrə 35 faiz, su təchizatı məsələləri üzrə 30 faiz təşkil etmişdir.

Azərbaycan Prezidenti çıxışlarında enerji təminatının ölkə üçün strateji sahə olduğunu vurğulayır, qazlaşdırma işlərinin intensivləşdirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su, qaz, elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması barədə tapşırıqlar verir. Son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görülmüşdür və şikayətlərin azalması görülən həmin işlərin göstəricisidir.

Təkcə 2019-cu ildə 13 rayonun 27 kəndində 45 min əhalinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Ötən il Şəmkirçay sutəmizləyici qurğusunun tikintisi yekunlaşdırılıb. Məhsuldarlığı 140 min kubmetr olan mənbədən Gəncə şəhərinin təxminən 85 faizi, Samux və Şəmkirin isə 100 faizi içməli su ilə təmin olunacaq.

Bundan əlavə, daşınmaz əmlakın özəlləşdirilməsi, kənd təsərrüfatına kreditlərin ayrılması, aqrolizinq, baytarlıq və fitosanitar məsələlər, flora və faunanın mühafizəsi, turizm, elm və orta təhsil məsələləri, sosial mənzillə təmin olunma, yol və yol qovşaqlarının, yol nişanları və işıqforların qoyulması, lift təchizatı məsələləri ilə bağlı şikayətlərin sayı azalmışdır.

Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır.

Dövlətimizin başçısının səyləri ilə ölkədə qanunçuluğun möhkəmləndirilməsi, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün çox geniş islahatların aparılması bu sahədə müsbət dəyişikliklərin əldə edilməsinə gətirib çıxarsa da, Prezident Administrasiyasına daxil olan yazılı və şifahi müraciətlərin, o cümlədən şikayətlərin bir qismi yenə də göstərilən orqanların fəaliyyəti ilə əlaqədardır. Bunun bir səbəbi də vətəndaşların öz hüquqlarını kifayət qədər dərindən bilməməsi, xüsusilə məhkəmələrin müstəqil fəaliyyət göstərdiklərinə diqqət yetirməmələridir.

Son illərdə Azərbaycan Prezidentinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər, hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi üçün atdığı qəti addımlar həmin orqanların, fəaliyyətində müsbət dönüş yaratmış və qanunçuluğun möhkəmləndirilməsi öz nəticələrini göstərməkdədir. Ölkəmizin dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşdırılmış aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Məhz görülən tədbirlər nəticəsində beynəlxalq təşkilatların tərtib etdiyi reytinqlərdə Azərbaycanın mövqeyi gündən-günə artır. “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) 2019-cu il üçün tərtib etdiyi Korrupsiya Qavrama İndeksində Azərbaycan 26 pillə irəliləyib.

2019-cu ildə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq siyasəti sayəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin daha da artırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalmışdır. 2018-ci illə müqayisədə mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluq, quldurluq, avtonəqliyyat vasitəsinin qaçırılması faktları, habelə xuliqanlıq, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanların cinayətləri xeyli az olmuşdur. Mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib. Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi istintaq zamanı ödətdirilib.

Bir məsələni xüsusi vurğulamalıyıq ki, Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquq mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının əməyi danılmazdır. Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qazanılan uğurlar xalqın sabit həyat sürəcəyinə, həmçinin cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə inamı daha da artırır.

Bununla yanaşı, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyildir. Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan şikayətlərin sayı Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər, digər şəhər və rayonlardan nisbətən çox olmuşdur.

Məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin sayı da az deyildir. Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən 50-yə yaxın məhkəmədə monitorinq aparılaraq yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılmış, belə halların yaranmasına səbəb olan hakimlər barədə ciddi tədbirlər görülmüşdür.

2019-cu ildə Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olmuşdur. Həmçinin apellyasiya və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir.

Əvvəlki illə müqayisədə iqtisadi mübahisələrlə bağlı müraciətlərin sayı azalmışdır. Azərbaycan Prezidentinin məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ açan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası nəticəsində sahibkarlıq fəaliyyəti barədə mübahisələrin həllinin tezləşdirilməsində mühüm addımlar atılıb, o cümlədən sahibkarların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə tədbirlər görülüb.

Ötən il Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarlarının icrası sahəsində də böyük işlər görülmüş, bütövlükdə fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 faizdən çox – 1,74 milyard manata yaxın vəsait ödətdirilmişdir ki, bunun da 143 milyon manatdan çoxu alimentlərdən ibarətdir. Təsirli tədbirlərdən biri də bu olmuşdur ki, məhkəmə qərarlarının icrasına maneçilik törədən və icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4 min 712 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2 min 808 nəfər həbs edilib, 493 nəfər barəsində cinayət işi açılıb.

Prokurorluq orqanları haqqında şikayətlər daha çox Bakı şəhərinin Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Səbail rayonlarından, Gəncə, Lənkəran, Mingəçevir, Şəki şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Beyləqan, Cəlilabad, İmişli, Kürdəmir, Quba, Lerik, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan daxil olmuşdur.

Prezident Administrasiyasına müraciət edən müəlliflərin bir qisminin məsələlərinə dəfələrlə baxılıb müvafiq cavab verilsə də, onlar hər il israrla çoxsaylı müraciətlər göndərməkdədirlər. Onların bir çoxunun şikayətləri qanunun tələblərinə uyğun olaraq araşdırıldığına baxmayaraq, həmin şəxslərdən Administrasiyaya illərdən bəri müxtəlif mövzularda çoxsaylı müraciətlər daxil olur.

Ağdamdan Rasim Hüseynov, Səxavət İbayev, Bərdədən Zahid Mikayılov, Biləsuvardan Tacəddin Əliyev, Binəqədidən Roza Hümbətova, Zərbani Ağayeva, Füzulidən Ceyhunə Quliyeva, Goranboydan Qinyaz Süleymanov, Göygöldən Nübar Qafarova, Laçından Xanlar Tarverdiyev, Lənkərandan Nazim Məmmədov, Lerikdən İlham İbadov, Masallıdan Əlizaman Bədirov, Mingəçevirdən Vaqif Hüseynov, Yaşar və Sahibə Rəsulovlar, Nərimanovdan Kamran Rəcəbov, Rəşad Səlimli, Ülviyyə Baxşiyeva, Saatlıdan Rəsul Ağayev, Sabunçudan Nəcəf Cəfərli, Aleksandra Smolyaninova, Bahar Əhmədova, Şəmkirdən Sakit İsmayılov, Sumqayıtdan Ceyhun Əlizadə, Vaqif Əliyev, Suraxanıdan Rəşid Rzayev, Aygün Əmiraslanova, Tərtərdən Cəfər Hüseynov, Elçin Məmmədov, Ucardan Şahlar Ələkbərov, Xətaidən Svetlana Quliyeva, Yasamaldan Əzizağa İmanov, Yelena Yusupova, Sevil Səfərova, digər şəhər və rayonlardan başqaları keçən il də müxtəlif mövzularda çoxsaylı müraciətlər göndərmişlər.

Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən və özünü hüquq müdafiəçisi adlandıran bəzi “mirzələr” də vardır. Belə “mirzələr” onlara müraciət edən vətəndaşların inamından sui-istifadə edərək yuxarı dövlət orqanlarına ard-ardınca əsassız müraciətlər göndərməyi özlərinin əsas məşğuliyyətinə çeviriblər. Bunlardan özünü hüquq müdafiəçisi hesab edən Yaşar Ağazadə təkcə 2019-cu ildə Prezident Administrasiyasına 300-dən çox müraciət göndərmişdir.

Artan nəzarətin və geniş təhlilin böyük səmərəsi

Vətəndaş müraciətlərinin öyrənilməsində təhlil işinin özünəməxsus yeri vardır. Müraciətlərdə qaldırılan məsələləri hərtərəfli təhlil etməklə onları doğuran səbəbləri, insanları narahat edən problemlərin mahiyyətini öyrənmək mümkündür.

“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyul tarixli Fərmanına uyğun olaraq, vətəndaş müraciətlərinə baxılmasına dair qeyd edilən qurumlardan alınmış məlumatlar əsasında kameral nəzarət təmin edilmişdir.

Ümumilikdə respublika üzrə vətəndaş müraciətlərinə baxılmasının təhlilindən məlum olur ki, ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 83,7 faizinə mərkəzi, 16,3 faizinə isə yerli icra hakimiyyəti orqanlarında baxılmışdır. Bu müraciətlərin növ etibarilə təhlili onların 71,6 faizinin ərizə, 27,7 faizinin şikayət, 0,7 faizinin isə təkliflərdən ibarət olduğunu göstərir.

Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 31,8 faizi müsbət həll olunmuş, 3,1 faizi qismən təmin edilmiş, 8,8 faizi əsassız sayılmış, 35,1 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilmişdir. Müraciətlərin 13,8 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş, 7,4 faizi icradadır.

Yerli icra hakimiyyətlərində müraciətlərin 19,2 faizi müsbət həll olunmuş, 1,9 faizi qismən təmin edilmiş, 2,5 faizi əsassız sayılmış, 62,7 faizi barədə müvafiq izahat verilmişdir. Müraciətlərin 8,4 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş, 5,3 faizi icradadır.

2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlanmış vətəndaş müraciətlərinin 71,1 faizi bilavasitə vətəndaşlardan, 28,9 faizi isə yuxarı və ya digər dövlət orqanlarından daxil olmuşdur. Yerli icra hakimiyyəti orqanlarında isə bilavasitə vətəndaşlardan və yuxarı dövlət orqanlarından daxil olmuş müraciətlərin nisbəti 47,3 faiz və 52,7 faiz təşkil etmişdir.

Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olmuş müraciətlərin sayında artım vardır. Ən çox artım Bakı şəhərinin rayonlarında, Mingəçevir, Şəki, Şirvan, Yevlax şəhərlərində, Ağdaş, Ağsu, Astara, Cəbrayıl, Gədəbəy, Göyçay, Xaçmaz, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Qobustan, Lerik, Masallı, Neftçala, Saatlı, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Zəngilan, Zərdab, digər şəhər və rayonlarda qeydə alınmışdır.

Bununla belə, Kəngərli, Naftalan, Xocavənd, Laçın, Oğuz, Şuşa, Tərtər, digər şəhər və rayonlarda icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalmışdır.

Yerli icra hakimiyyətlərindən daxil olmuş məlumatların təhlili göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Nizami, Yasamal, Gəncə, Mingəçevir, Naftalan, Şirvan, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Saatlı, Salyan, Samux, Şabran, Şamaxı, Tovuz, Yardımlı, Zaqatala, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmuşdur. Bu, bəzi hallarda yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə laqeyd yanaşılması ilə əlaqədardırsa, digər hallarda müraciətlərdə qaldırılan məsələlərin həmin orqanların səlahiyyətində olmaması ilə bağlıdır.

Bu cür hallara mərkəzi icra hakimiyyəti orqanlarında da rast gəlmək olur. Belə ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı bilavasitə onların özlərindən daha çox yuxarı orqanlara müraciət edilmişdir. Buna misal olaraq, Dövlət Sığorta Kommersiya Şirkəti, İcbari Tibbi Sığorta, Turizm, Ərazilərin Minalardan Təmizlənməsi üzrə agentliklər, "Azərişıq", “Aqrarkredit” səhmdar cəmiyyətləri, İpoteka və Kredit Zəmanət Fondu və başqalarını göstərmək olar.

Ümumiyyətlə, vətəndaş müraciətləri ilə işin yaxşılaşdırılması üçün 2019-cu il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 344 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 353 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2 min 719 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunmuşdur. Bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülmüşdür. Belə ki, 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilmiş, 64 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülmüş, 793 nəfərə xəbərdarlıq edilmişdir. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 315 vəzifəli şəxs barəsində tədbir görülmüş, onların 60 nəfərinə töhmət və ya şiddətli töhmət, 8 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 3 nəfərin dərəcəsi aşağı salınmış, həmçinin 244 nəfərə xəbərdarlıq edilmişdir.

Təhlil işi təkcə vətəndaş müraciətlərinin növ, mövzu və mahiyyət üzrə öyrənilməsi ilə yekunlaşmır. Müraciətlərə aidiyyəti qurumlar tərəfindən baxıldıqdan sonra onlarda qaldırılan məsələlərin həlli istiqamətində görülməli tədbirlər müəyyənləşdirilir, lazım gəldikdə müvafiq normativ hüquqi aktlara və ya mövcud dövlət proqramlarına dəyişikliklər edilməsi, yaxud yenilərinin qəbul edilməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırılır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev ictimai nəzarətə böyük önəm verir. Dövlət başçısı çıxışlarında dəfələrlə bunu xüsusi vurğulamışdır. Ötən il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında da bu məsələyə toxunaraq gəncləri ictimai nəzarət prosesində fəal olmağa çağırmışdır: “İctimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. ...mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə də mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm”.

2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş vətəndaş müraciətlərinə nəzarətlə baxılmasına xüsusi əhəmiyyət verilmişdir. Belə ki, nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində 24 nəfər barəsində intizam tənbehi tədbirləri görülmüş, o cümlədən Daxili İşlər, Təhsil, Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və başqa təşkilatlarda 9 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılmışdır.

Müraciətlərdə qaldırılan məsələlərin həllinə onlara nəzarət qaydasında baxılmasının böyük təsiri olmuşdur. Ümumiyyətlə, Prezident Administrasiyasında nəzarətə alınmış müraciətlərin təhlili göstərir ki, onların 34 faizi müsbət, 13,8 faizi qismən həll olunmuş, 1,7 faizi dövlət proqramlarında nəzərdə tutulmuş, 39,7 faizi ilə bağlı müvafiq izahat verilmiş, 5,9 faizi əsassız sayılmış, 4,9 faizinin isə icrası davam etdirilir.

Nəzarət işinin əsas prinsiplərindən biri də odur ki, qanuna zidd olaraq vətəndaşın şikayəti hərəkətlərindən narazılıq bildirilən vəzifəli şəxsə göndərilməsin, məsələ sonadək obyektiv araşdırılıb müvafiq tədbir görülsün, müraciətin baxılmasını nəzarətə götürən şəxsə və vətəndaşa əhatəli cavab verilsin. Bəzi hallarda müraciət sonadək araşdırılmır, vətəndaşa başdansovdu cavablar verilməklə iş bitmiş hesab olunur. Təbiidir ki, belə hallar vətəndaşların haqlı narazılığına səbəb olur.

Vətəndaşlarımız dövlətin ali rəhbərliyinə şəxsən təqdim olunan müraciətlərin hər birinin diqqətlə araşdırılacağına tam əmin ola bilərlər. Azərbaycan Prezidenti 2019-cu il martın 7-də Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olarkən demişdir: “Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm”. Azərbaycan Prezidentinin bu sözlərini həm də dövlət rəhbərinin öz vətəndaşına bəslədiyi qayğının təzahürü hesab etmək olar.

Prezidentə şəxsən təqdim olunmuş hər bir vətəndaş müraciəti çox ciddi araşdırılaraq lazımi tədbirlər görülmüş və onların çoxu buna görə təşəkkürlərini bildirmişdir.

Əminliklə deyə bilərik ki, vətəndaş müraciətlərinin təhlili və onların baxılmasına nəzarət işinin səmərəli təşkili müraciətlərlə işin təkmilləşdirilməsində bundan sonra da mühüm vasitələrdən biri olaraq qalacaqdır.

Vətəndaşların qəbulunun təşkilində yeni mərhələ

Vətəndaşların müxtəlif instansiyalarda qəbulu, dinlənilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olan vacib məsələlərdən biridir və bu gün cəmiyyətdə baş verən proseslərə münasibət bildirilməsində və vətəndaşların problemlərinin öyrənilməsində əsas vasitədir. Bir qayda olaraq, vətəndaşlar mərkəzi və yerli icra hakimiyyətlərində öz suallarına cavab tapa bilmədikdə, son ümid yeri kimi ali instansiya olaraq Prezident Administrasiyasına müraciət etməyə üstünlük verirlər.

2019-cu ildə Prezident Administrasiyasına qəbul məsələləri ilə bağlı 2 mindən çox fərdi və kollektiv müraciət daxil olmuşdur. Bu rəqəmlərin arxasında vətəndaş narahatlığı ilə yanaşı, məmur biganəliyi, müraciət edilən hansısa qurumdan qaneedici cavab alınmaması, bəzi hallarda isə “nə olursa-olsun, mənim problemim həll olunmalıdır” inadı dayanır.

Ötən il ərzində Prezident Administrasiyasının Qəbul otağında ümumilikdə 22 mindən çox vətəndaş qəbul edilmişdir. Qəbul zamanı qaldırılan məsələlərlə bağlı müvafiq dövlət hakimiyyəti orqanları ilə əlaqə saxlanılaraq, onların həlli üçün lazımi tədbirlər görülmüşdür.

Aparılan təhlil göstərir ki, 2019-cu ildə vətəndaşların qəbul zamanı qaldırdıqları və həlli tələb olunan məsələlər daha çox hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti, əhalinin sosial müdafiəsi, mənzillə və işlə təmin olunma, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə və sair mövzularda olmuşdur.

Keçən il Qəbul otağına edilmiş kollektiv müraciətlərin sayı Bakı şəhərinin rayonlarından, Gəncə, Yevlax, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Kəlbəcər, Neftçala, Sabirabad, Ucar, Zəngilan, digər şəhər və rayonlardan daha çox olmuşdur. Onların qaldırdıqları məsələlər əsasən hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti, yaşayış binalarının təmiri, mənzillərin sənədləşdirilməsi, abadlıq-quruculuq işləri və digər məsələlər barəsində olmuşdur.

2019-cu ildə dövlət hakimiyyəti orqanlarında 1 milyondan çox vətəndaş qəbul edilmişdir. Onların 41 faizi yerli icra hakimiyyəti orqanlarında, 59 faizi isə mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda qəbul olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq bölgələrdə mütəmadi qəbullar keçirən mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların sayı ötən il bir qədər də artırılaraq 28-ə çatdırılmışdır. Bundan əlavə, 2019-cu ildən etibarən həmin təşkilatların rəhbərləri ilə yanaşı, onların müavinləri də qəbullar keçirməyə başlamışlar. Qeyd edilən vəzifəli şəxslər tərəfindən ötən il 59 şəhər və rayonda vətəndaş qəbulları keçirilmişdir.

2019-cu ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda Daxili İşlər Nazirliyi – 965, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 871, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 782, “Azərsu” ASC – 711, Kənd Təsərrüfatı Nazirliyi – 697, Ədliyyə Nazirliyi – 604, Ali Məhkəmə – 531, Təhsil Nazirliyi – 506, “Azərişıq” ASC – 490, Mədəniyyət Nazirliyi – 485, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC – 475, “Azəriqaz” İB – 473, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi – 468, Baş Prokurorluq – 443, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 415, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 353, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – 330, Fövqəladə Hallar Nazirliyi – 324, Dövlət Gömrük Komitəsi – 321, Gənclər və İdman Nazirliyi – 310, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – 308, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 307, İqtisadiyyat Nazirliyi – 292, Səhiyyə Nazirliyi – 279, Energetika Nazirliyi – 271, keçmiş Vergilər Nazirliyi– 249, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 239, Dövlət İmtahan Mərkəzi – 184 vətəndaşı qəbul etmişdir.

Bütövlükdə 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərləri və onların müavinləri tərəfindən keçirilən qəbullarda 12 min 683 vətəndaş iştirak etmişdir. Qəbullarda vətəndaşlar tərəfindən qaldırılan 12 min 669 məsələnin 35 faizi müsbət həll olunmuş, 48 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilmiş, digərləri icrada saxlanılmış və ya aidiyyəti dövlət orqanlarına istiqamətləndirilmiş, bir qismi isə əsassız sayılmışdır.

Vətəndaşla ünsiyyətdə sorğu işinin düzgün təşkili də vacibdir. Bu, vətəndaşlarla ünsiyyət səviyyəsini daha da yaxşılaşdırmağa, vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Ötən il Administrasiyanın sorğu-məlumat telefonlarına daxil olmuş 34 min 587 zəngə cavab verilmişdir.

Dövlət hakimiyyəti orqanlarının 2020-ci ilə aid qəbul cədvəlləri öyrənilərkən məlum olur ki, bəzi şəhər və rayon icra hakimiyyətləri tərəfindən bu işlər daha yaxşı təşkil edilir. Bu baxımdan Yasamal, Sumqayıt, Ağdaş, Astara, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qobustan, Quba, Masallı, Neftçala, Sabirabad, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zərdab, digər şəhər və rayon icra hakimiyyətlərinin qəbul cədvəllərini göstərmək olar.

Mərkəzi icra hakimiyyəti orqanlarından isə İqtisadiyyat, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Müdafiə Sənayesi nazirlikləri, Diasporla İş, Dövlət Statistika komitələri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar, Qida Təhlükəsizliyi, İcbari Tibbi Sığorta, Bakı Nəqliyyat, Dövlət Reklam agentlikləri, Dövlət Neft Şirkəti, "Azərsu", “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", "AzerGold" səhmdar cəmiyyətləri, Baş Prokurorluq, Ali Məhkəmə, Gəncə, Şəki, Şirvan apellyasiya məhkəmələri, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət İmtahan Mərkəzi, Auditorlar Palatası, Milli Televiziya və Radio Şurası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mərkəzi Bank və Elmin İnkişafı Fondunun qəbul cədvəlləri göstərilə bilər.

Dövlət hakimiyyəti orqanlarının vətəndaşlara əlçatan olması üçün qəbul cədvəllərinin daha aydın və təkmil hazırlanması, qəbul günləri barədə vətəndaşların daha ətraflı və düzgün məlumatlandırılması, habelə rəsmi internet səhifələrində qəbul cədvəllərinin yerləşdirilməsi və vaxtaşırı yenilənməsi, qəbul otaqlarında lazımi şəraitin yaradılması mühüm rol oynayır.

Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi və təhlili bəzi qurumların qəbul cədvəllərində çatışmazlıqlar olduğunu göstərir. Belə ki, tərtib edilmiş qəbul cədvəllərinin qurumların rəsmi internet səhifələrində yerləşdirdikləri cədvəllərlə uyğunsuzluğu, o cümlədən qəbul günləri və saatlarının fərqliliyi, məhdudlaşdırılması və ya göstərilməməsi, cədvəllərin köhnə illərə aid olması, yaxud heç yerləşdirilməməsi ortaya çıxır. Düşünürük ki, aidiyyəti qurumlar göstərilən qüsurları aradan qaldıraraq lazımi tədbirlər görəcəklər.

Elektron kargüzarlıq və elektron arxivlər 

dövlət idarəetməsində mühüm vasitədir

Dövlət idarəçiliyinin elektronlaşdırılması sahəsində mühüm addımlardan hesab olunan İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin əhatə dairəsi ildən-ilə genişlənir, səmərəsi daha da artır. Bunu müvafiq rəqəmlər də təsdiq edir. 2019-cu ildə Prezident Administrasiyasına sistem vasitəsilə daxil olan sənədlərin sayı əvvəlki ilə nisbətən 42 faiz artmışdır. Bu sahədə sürətli dinamika göz qabağındadır. Ümumi statistika göstərir ki, elektron sənədlər Administrasiyaya daxil olmuş xidməti sənədlərin 29 faizdən çoxunu təşkil edir. 2019-cu ildə Prezident Administrasiyasından sistemin digər iştirakçılarına göndərilən sənədlərin sayı xeyli artmışdır. Sistemin fəaliyyətinin təməlini sadəlik, etibarlılıq, operativlik və təhlükəsizlik prinsipləri təşkil edir, bu da öz növbəsində dövlət qurumları arasında elektron sənəd mübadiləsinə daha çox üstünlük verilməsinə şərait yaradır. 

Artıq neçə ildir ki, bir çox qurumlardan xidməti sənədlər İdarələrarası elektron sənəd dövriyyəsi sistemi vasitəsilə qəbul olunur. Onlardan Milli Məclis, Xarici İşlər, Daxili İşlər, Ədliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Maliyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ali Məhkəmə, Baş Prokurorluq, Ombudsman Aparatı, Şəhərsalma və Arxitektura, Dini Qurumlarla İş, Ailə, Qadın və Uşaq Problemləri, Dövlət Statistika komitələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AMEA, Dənizkənarı Bulvar İdarəsi və digər qurumları göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli Fərmanı ilə müəyyən olunmuş dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirlərində İdarələrarası elektron sənəd dövriyyəsi sisteminə mühüm yer ayrılmış və daha böyük perspektivlər açılmışdır. Gələcəkdə bu sistem respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər arasında elektron sənəd dövriyyəsi sahəsində vahid inteqrasiya mərkəzinə çevriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli Fərmanına uyğun olaraq artıq 4 ildir fəaliyyət göstərən, vətəndaş müraciətlərinin operativ qeydiyyatı ilə yanaşı, onlara vaxtında və qanuna uyğun qaydada baxılmasını, respublikanın hər bir bölgəsində vətəndaşları daha çox narahat edən problemləri təhlil edib vaxtında aşkar etməyə və lazımi tədbirlər görməyə imkan verən yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin fəaliyyətinin nəticələrini xüsusi qeyd etmək lazımdır.

2019-cu il ərzində respublikanın yerli icra hakimiyyəti orqanları tərəfindən sistemdə 163 mindən çox müraciət qeydiyyata alınmışdır. Bu, 2018-ci illə müqayisədə xeyli çoxdur. Həmin müraciətlərin qeydiyyatı və onlara baxılma prosesi Prezident Administrasiyası tərəfindən sistemin administratoru olaraq daim izlənilir və nəzarət edilir, lazımi istiqamət və tövsiyələr verilir.

Ümumilikdə respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin 17,5 faizini elektron müraciətlər təşkil etmişdir.

Arxiv işinin təşkili də həmişə Prezident Administrasiyasının diqqət mərkəzində olmuş, respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında formalaşmış sənədlərin saxlanması, onlardan istifadənin təmin edilməsi, həmçinin bu sahədə müasir texnologiyaların tətbiq edilməsi daha da yaxşılaşdırılmışdır.

“Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Prezident İlham Əliyevin Sərəncamı bu sahədə işlərin tənzimlənməsində əsas rol oynayır və hər bir dövlət orqanının, eləcə də özəl təşkilatların diqqət yetirməli və icra etməli olduğu vacib sənədlərdir.

Təhlillər göstərir ki, dövlət orqanlarında, bir qayda olaraq, arxiv işi haqqında qanunvericiliyə riayət edilir və bugünkü tariximizi əks etdirən sənədlərin dövlət arxivlərinə verilməsi, onlardan istifadənin düzgün təşkil edilməsi təmin olunur.

Respublikada arxiv işinin müasir standartlar üzərində qurulması, dünya praktikasında bu sahədə mövcud olan innovasiyaların, müasir texnologiyaların tətbiqi, elektron arxivlərin yaradılması ilə sənədlərin saxlandığı bina və sahələrdən daha səmərəli istifadə edilməsi, ümumiyyətlə, məlumat bazasında olan sənədlərin axtarışının asanlaşdırılması üçün ciddi tədbirlər görülür. Bu sahədə işlər ötən ildə də ardıcıl davam etdirilmiş, “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq respublikanın Milli Arxiv İdarəsi tərəfindən Elektron Arxiv Məlumat Sisteminin yaradılması üçün bir sıra işlər aparılmışdır. Bu tədbirlər nəticəsində ölkədə mövcud olan arxiv fondlarının məlumat göstəricilərinin yenilənməsi təmin edilmişdir. Hazırda arxiv sənədləri ilə bağlı məlumatların istifadəsini yaxşılaşdırmaq üçün minlərlə arxiv sənədinin “ASAN xidmət” mərkəzləri vasitəsilə istifadəyə cəlb edilməsi vətəndaşların işini daha da asanlaşdırmış və razılıqla qarşılanmışdır.

Arxiv işinin daha müasir səviyyədə qurulması üçün hazırda bu sahədə innovasiyaların və yeni texnologiyaların, o cümlədən rəqəmsal texnologiyaların tətbiqi, startap layihələrin, elmi tədqiqatların dəstəklənməsi diqqət mərkəzində saxlanılır.

Şəhər və rayon icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və kənd nümayəndəliklərində, o cümlədən ikili tabeli dövlət idarə və təşkilatlarında sənədlərin vaxtında daimi mühafizə üçün dövlət arxivinə təhvil verilməsinə ciddi nəzarət edilir, onlara praktiki və metodiki yardım göstərilir. Qeyd etmək lazımdır ki, 2020-ci il yanvarın 1-dək şəhər və rayon icra hakimiyyətlərinin böyük əksəriyyəti 2014-cü ilə aid sənədləri dövlət arxivlərinə təhvil vermişlər.

Təhlillər göstərir ki, arxiv işi Bakı şəhərinin Binəqədi, Xəzər, Nizami, Sabunçu, Suraxanı və Yasamal rayonlarında, Gəncə, Lənkəran və Şəki şəhərlərində, habelə Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Qobustan, Lerik, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, Zəngilan və digər rayonlarda daha yaxşı təşkil olunmuşdur.

Pirallahı, Səbail, Mingəçevir, Yevlax, Ağsu, Bərdə, Füzuli, Göyçay, Xızı, Xocalı, Kəlbəcər, Kürdəmir, Quba, Qubadlı, Laçın, Samux, Tovuz, Ucar, digər şəhər və rayon icra hakimiyyətləri isə bu işin icrasına nəzarəti artırmalıdırlar.

2019-cu il ərzində arxiv məsələləri ilə bağlı Prezident Administrasiyasına 234 vətəndaş müraciət edərək lazımi arxiv sənədlərinin alınmasına kömək göstərilməsini xahiş etmişdir. Lakin yerlərdə daimi mühafizə olunan arxiv fondlarının düzgün istifadəsinə laqeyd yanaşılması, struktur dəyişikliyi və ya özəlləşdirmə prosesində ləğv olunmuş təşkilatların arxiv sənədlərinin dövlət arxivinə təhvil verilməməsi, idarə və təşkilatların sənədlərini dövlət arxivlərinə vaxtında və ya tam verməməsi və s. səbəblərə görə vətəndaşların belə müraciətləri nəticəsiz qalır.

Elektron arxivlər təkcə bu günün deyil, həm də sabahın tələbidir. Azərbaycan Prezidenti bu sahəyə də xüsusi diqqət yetirir, yeni dövlət proqramlarının qəbul və icra olunmasını daim diqqət mərkəzində saxlayır, dövlət idarəçiliyində və vətəndaşlara xidmət sahələrində elektronlaşdırmaya, innovativ texnologiyaların tətbiqinə yönəlmiş layihələri hərtərəfli dəstəkləyir. Biz də kargüzarlıq və arxiv işində gələcək perspektivləri nəzərə almalıyıq.

Seçki ilinin reallığa çevriləcək böyük gözləntiləri

Azərbaycanın böyük inamla qədəm qoyduğu 2020-ci il ictimai-siyasi, sosial-iqtisadi həyatın son dərəcə canlanması, cəmiyyətin bütün təbəqələrinin fəallaşması, Prezident İlham Əliyevin xalqımızı daha sanballı qələbələrə və uğurlara aparan dövlət siyasətini həyata keçirmək yolunda cəsarətli addımları ilə başladı. Sözsüz ki, yeni ildə hökm sürən bu ab-hava vətəndaşlarımızda ölkəmizin daha işıqlı gələcəyinə inamı artırmışdır.

Azərbaycan xalqına ləyaqətlə xidmət edən, bütün sahələrdə islahatları şüurlu seçimə çevirən və bu islahatların alternativinin olmadığını bildirən dövlət başçısı İlham Əliyev Azərbaycanı elə bir inkişaf nöqtəsinə çatdırmış, elə relslər üzərinə qoymuşdur ki, buradan ancaq irəliyə, tərəqqiyə, müstəqilliyimizin əbədiliyinə doğru getmək olar. Yerində saymaq, geriyə dönmək artıq mümkün deyildir.

Bu gün qarşıya qoyulan bütün vəzifələrin həyata keçirilməsi üçün öz iqtisadiyyatını uğurla inkişaf etdirən, tam müstəqil siyasət yeridən, regionda irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan, dünya kosmos ailəsinin üzvünə çevrilən Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Bu il fevral ayının 3-də keçirilən və regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev ötən bir il ərzində görülmüş işlərə qiymət vermiş, əldə olunan nailiyyətlərin gələcək hədəflər üçün gözəl imkanlar yaratdığını, rayonlara səfərləri zamanı və sonradan vətəndaşların ona ünvanlanan məktubları əsasında bir çox infrastruktur layihələrinin həyata keçirildiyini qeyd etmiş, eyni zamanda, növbəti ildə Azərbaycanın inkişafına və xalqın rifahının yüksəldilməsinə xidmət edəcək böyük layihələr barədə ölkə vətəndaşlarına ətraflı məlumat vermişdir. Dövlət başçısı respublika iqtisadiyyatına qoyulacaq böyük sərmayələr hesabına ölkənin enerji təminatının daha da yaxşılaşdırılacağını, bərpa olunan enerji mənbələrinin yaradılacağını, kənd təsərrüfatı və sənaye sahəsində emal sektorunun gücləndirilməsi ilə son məhsul istehsalının təmin ediləcəyini, bununla yeni iş yerlərinin açılacağını, “ASAN xidmət” və DOST mərkəzləri vasitəsilə əhaliyə göstərilən xidmətlərin daha da genişləndiriləcəyini, sahibkarlığın inkişafına mane olan problemlərin aradan qaldırılacağını, işsizliyin və yoxsulluğun daha da azaldılacağını, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılacağını bəyan etmişdir.

Azərbaycan Prezidenti bu konfransda ölkənin gələcək inkişaf yollarını bir daha aydın göstərmiş, hazırkı dövrün əsas tələb və prinsiplərini müəyyən etmiş və konkret olaraq vurğulamışdır ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır, hər bir sahədə şəffaflıq olmalıdır, dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır, bütün iqtisadiyyat kölgədən çıxmalıdır, qanunçuluq hər bir sahədə bərpa olunmalıdır, heç bir toxunulmaz sahibkar, heç bir toxunulmaz məmur yoxdur və hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməyinə görə alacaqdır.

Azərbaycanın uğurları artıq bütün dünyada tanınır və qəbul edilir. Davos Dünya İqtisadi Forumunun yekunları Azərbaycan üçün hər mənada sevindirici olmuşdur. Forumda 2 mindən çox siyasətçinin, iş adamının, qeyri-hökumət təşkilatı nümayəndələrinin “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusu ətrafında apardığı müzakirələr zamanı qəbul edilmiş ortaq mövqenin formalaşmasında Azərbaycan Prezidentinin rolu əvəzsizdir. Ən başlıcası isə Azərbaycan qlobal dünyanın inkişaf istiqamətlərini dərindən öyrənərək özünün hədəflərini yenidən müəyyən etdi və bu hədəflərə çatmaq üçün atılacaq addımları qətiləşdirdi.

Azərbaycan Prezidentinin bu Forumda keçirdiyi görüşlərdə ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli razılaşmalar əldə edildi. Prezidentin OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə görüşü xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısının 2016-cı ildə elə Davos Forumunda irəli sürdüyü təşəbbüs əsasında yaradılmış, 2017-ci ildə 24 ölkənin qoşulduğu “OPEC+” formatının Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu, onun iqtisadi inkişafının və uğurlarının kökündə düşünülmüş neft siyasətinin dayandığını bir daha təsdiq etdi. Bizdən qat-qat artıq neft resursları olan ölkələrdən fərqli olaraq Azərbaycanın bu təbii sərvətinin yalnız xalqın mənafeyinə yönəldildiyini vurğulayan Prezident İlham Əliyev ölkələrin uğurlu inkişafını təkcə təbii resurslardan deyil, həm də onlardan düzgün istifadə edilməsindən asılı olduğunu bildirərək deyir: “Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir”.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin gözəl gələcəyini müasir dövrün aktual məsələsinə çevrilən dördüncü sənaye inqilabının liderlərindən biri olmasında görür və bu işdə çox fəal iştirak etməyi tövsiyə edərək bu sahədə əməkdaşlığın həqiqətən də bizim əlaqələrimizdə yeni səhifə açacağını göstərir və deyir: “Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq”.

Azərbaycanın müstəqillik illərində bütün sahələrdə əldə etdiyi nailiyyətlər həqiqətən yaxın keçmişin uğurlu səhifələridir və yaşadığımız 2020-ci ilin də daha uğurlu olacağına tam əmin ola bilərik.

Bu il fevralın 9-da ölkəmizin demokratik inkişaf tarixinə yeni səhifə yazıldı. Tam şəffaf və demokratik şəraitdə keçirilən, 59 beynəlxalq təşkilatın və 58 ölkənin 900-ə yaxın müşahidəçisinin izlədiyi parlament seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi. İnanırıq ki, VI çağırış Milli Məclisi formalaşdıracaq deputatlar onlara bəslənən ümidləri tam doğruldacaq, Azərbaycanda islahatların uğurla davam etdirilməsinə, qanunvericiliyin ölkənin artan inkişaf sürətinə uyğunlaşdırılmasına, hüquqi dövlətin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər.

Xalqımız nikbindir, ümidlidir, arxayındır. Çünki Azərbaycanın sürətlə irəlilədiyi inkişaf və tərəqqi yolu onu daha böyük qələbələrə aparacaq, dərin islahatlar çox yüksək nəticələr verəcək, iqtisadi və hərbi qüdrətimiz daha da artacaq və nəhayət, bu nailiyyətlər torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir.

Süleyman İsmayılov,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Vətəndaşların müraciətləri ilə

iş şöbəsinin müdiri