YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

29 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib (VİDEO)

Yanvarın 22-də VI çağırış Milli Məclis seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Səbail seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüşdü.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev son illər, xüsusilə 2018-ci ildən etibarən Azərbaycanın ictimai, iqtisadi, humanitar, sosial həyatının istisnasız olaraq bütün sahələrində, hakimiyyətin bütün qollarında, o cümlədən hakimiyyətin icraedici, məhkəmə-hüquq və qanunverici qollarında əsaslı islahatların, institusional və struktur dəyişikliklərin həyata keçirilməsi, ixtisaslı kadrların yenilənməsi, savadlı, yaradıcı, geniş dünyagörüşlü gənclərin irəli çəkilməsi, xüsusilə Yeni Azərbaycan Partiyası sıralarında fəal ictimai-siyasi fəaliyyətləri ilə fərqlənən gənclərə göstərilən yüksək etimad və gənclərin özünüinkişafının dəstəklənməsi haqqında danışdı.

Yeni Azərbaycan Partiyasının potensialını, xalqın partiya siyasətinə olan etimadını xüsusi qeyd edən Ş.Hacıyev bildirdi ki, hazırda Azərbaycanda YAP ilə rəqabət apara biləcək real siyasi qüvvə yoxdur. Bu, ilk növbədə partiyamızın Lideri, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti ilə əlaqədardır. Azərbaycan dinamik inkişafını davam etdirir, xalqın rifahının ildən-ilə yüksəlməsi istiqamətində sistemli işlər aparılır, ötən il reallaşdırılmış ikimərhələli sosial paket çərçivəsində 4 milyon 200 min nəfər əhalinin rifahı bilavasitə yüksəlmişdir, bu islahatlara 4 mlrd. manatdan çox vəsait sərf olunmuşdur. 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin rekord göstəricilərini özündə ehtiva edən sosial və investisiya yönümlü büdcədir. Vurğulandı ki, bütün bu qeyd olunanlar Azərbaycanın yeni keyfiyyət mərhələsindəki sosial-iqtisadi inkişafını ifadə edir və hakim iqtidar partiyasının qarşıdan gələn seçkilərdə də inamlı qələbəsini təmin edir.

Bu seçkilərdə YAP namizədləri sırasında qadınların və gənclərin xüsusi çəkisinin yüksək olduğunu diqqətə çatdıran sədr parlamentdə təmsil olunacaq gənclərin ölkəmizdə islahatların daha sürətli, daha uğurlu və genişmiqyaslı şəkildə aparılmasına müsbət mənada ciddi təsir göstərəcəyinə dair əminliyini ifadə etdi. Bu işlərdə Yeni Azərbaycan Partiyası namizədlərinə, o cümlədən VI çağırış Milli Məclisinə keçiriləcək seçkilər üçün Yeni Azərbaycan Partiyası tərəfindən 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Aytən Hüseynovaya uğurlar arzu edən Ş.Hacıyev Səbail rayon gənclərini ölkəmizin ictimai-siyasi həyatında, dərinləşən və şaxələnən islahat proseslərində yaxından iştirak etməyə və seçki günü fəallıq nümayiş etdirərək YAP-ın namizədini dəstəkləməyə çağırdı. Sədr YAP-ın 2020-ci il parlament seçkilərində şüarının “Daha güclü Azərbaycan naminə!” olduğunu xatırladaraq məhz Azərbaycan gəncliyinin yaxından iştirakı ilə bu hədəflərə çatılacağına inandığını vurğuladı və qeyd etdi ki, dövlətin müasir Azərbaycan gənclərinə göstərdiyi yüksək qayğı bu faktoru kifayət qədər ehtiva etməkdədir.

Gəncləri seçkilərdə maksimum fəal olmağa çağıran 29 saylı Səbail seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynovanın səlahiyyətli nümayəndəsi, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin qərargah üzvü və rayon partiya təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov Hüseynova Aytən Arif qızının tərcümeyi-halı və partiya sıralarındakı ictimai-siyasi fəaliyyəti haqqında gənc seçicilərə geniş məlumat verdi.

Çıxış edən deputatlığa namizəd Aytən Hüseynova Yeni Azərbaycan Partiyasının bu seçkilərdə gənclərə göstərdiyi yüksək etimad haqqında danışaraq partiyanın bu etimadının deputatlığa gənc namizədlər üçün eyni zamanda yüksək məsuliyyət və əvəzolunmaz təcrübə olduğunu qeyd etdi. YAP tərəfindən deputatlığa irəli sürülən 123 nəfər namizəd arasında 18 nəfər gəncin olduğunu diqqətə çatdıran YAP namizədi bildirdi ki, təşviqat prosesində bu gənclər sınanacaq, bilik və bacarıqlarını nümayiş etdirəcəklər. A.Hüseynova vurğuladı ki, seçiləcəyi təqdirdə özü üçün doğma rayon olan Səbail rayonunda görəcəyi işlər YAP-ın daha güclü Azərbaycan naminə növbəti 5 il üçün müəyyənləşdirdiyi 10 sosial-iqtisadi inkişaf hədəfi çərçivəsində müəyyənləşəcəkdir. Bu işlərin reallaşması üçün Səbail gənclərini bir daha Yeni Azərbaycan Partiyası və ölkə Prezidentinin siyasəti ətrafında sıx birləşməyə çağıran YAP namizədi hər kəsi 9 fevral günü seçki məntəqələrinə gəlməyə, səsvermə hüququndan istifadə etməyə və daha güclü Azərbaycan naminə YAP namizədlərinə səs verməyə dəvət etdi.

Tədbirdə partiyanın YAP Səbail rayon Gənclər Birliyi sədrinin müavinləri Fuad Heydərli və Vüsal Əhmədov, rayon GB-nin İdarə Heyətinin üzvü Aytəkin Hacıyeva, gənc fəal, Energetika Nazirliyinin əməkdaşı Vüqar Cabbarov və Qərbi Kaspi Universitetinin tələbəsi İlkin Həsənov çıxış etdilər. Natiqlər Səbail rayonu gənclərinin hər zaman bütün ictimai-siyasi proseslərdə öncül rolunu qeyd edərək əminliklərini ifadə etdilər ki, Yeni Azərbaycan Partiyası indiyədək bütün seçkilərdə olduğu kimi bu seçkilərdə də növbəti möhtəşəm qələbəsini qazanacaqdır.

Yüksək əhval ruhiyyə ilə keçən tədbirdə Səbailli gənclər yekdilliklə YAP-ın namizədi Aytən Hüseynovanı dəstəkləyəcəklərini bildirdilər.