YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya və Herseqovinada inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin açılışı olub

Sentyabrın 10-da Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serb Respublikası səhiyyə nazirinin müşaviri Miloyko Qruyiçiç, Kotor Varoş şəhərinin meri Zdenko Sakan, Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Ələkbərov iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmimi salamlarını çatdırıb. Qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil, mədəniyyət, səhiyyə sahələrində layihələr, xeyriyyə tədbirləri həyata keçirir. Dini tolerantlığın hökm sürdüyü Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr çərçivəsində çoxlu sayda dini məbədlər təmir və bərpa edilib, eləcə də tarixi-memarlıq abidələrinin bərpası reallaşdırılıb, mütəmadi olaraq multikulturalizmi və tolerantlığı təbliğ edən elmi konfranslar və forumlar keçirilir.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç ölkəsində növbəti sosial və səhiyyəyönümlü layihənin uğurla başa çatdırıldığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə edib, bu layihələrin Bosniya və Herseqovina xalqlarının sevincinə səbəb olduğunu bildirib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç müsahibəsində bildirib ki, dəfələrlə Azərbaycanda səfərdə olub və hər səfərindən böyük məmnunluq hissi ilə geri dönüb. Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi dostluq münasibətlərinə malik olduğunu söyləyən M.İvaniç kiçik Kotor Varoş icmasına dəstək göstərməyi şəxsən xahiş etdiyini bildirib. “Mən çox şadam ki, Heydər Əliyev Fondu bu layihəni öz üzərinə götürüb. Bu layihə burada yaşayan insanlar və bütün icma üçün çox böyük önəm daşıyır, bu regionda müsəlman, katolik və ortodoks əhali sülh şəraitində birgə yaşayırlar. Bir daha Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna öz təşəkkürlərimi çatdırıram”, - deyə Mladen İvaniç vurğulayıb.

Rəyasət Heyətinin sədri Azərbaycan xalqı ilə mehriban və dostluq münasibətlərini bir daha vurğulayaraq, gələcəkdə bu kimi layihələrin və sıx əməkdaşlığın davam edəcəyinə ümidvar odluğunu bildirib.