YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Angela Merkelin Azərbaycana səfəri yalnız siyasi deyil, həmçinin iqtisadi baxımdan da diqqəti cəlb edir

«Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri yalnız siyasi deyil, həmçinin iqtisadi baxımdan da diqqəti cəlb edir». Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Almaniya Avropa Birliyində, o cümlədən avrozonada aparıcı dövlət hesab olunur. Onun sözlərinə görə, 3 trilyon 684 milyard dollar nominal Ümumi Daxili Məhsulu olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birinci, dünyada isə dördüncüdür. 1.4 trilyon dollarlıq ixracla isə Almaniya dünyada ücüncüdür. Dünya ikincisi olan Amerika Birləşmiş Ştatları ümumi ixracatda Almaniyanı cəmi 175 milyard dollarlıq artıqlıqla qabaqlayır.

«Həmçinin, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. Doğrudur, 2014-cü ildə 2.67 milyard dollarlıq ümumi ticarət dövriyəmiz ötən il 894 milyon dollaradək azalıb. Amma bunun əsas səbəbi enerji məhsullarımızın son ixrac trajektoriyasının dəyişdirilməsi ilə bağlıdır. Digər tərəfdən, təxminən yarım milyard dollarlıq sərmayə qoyluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər. Gözlənilir ki, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər içərisində mavi qazın Avropaya çatdırılması və eləcə də ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqlar üstünlük təşkil edəcək. Cənubi Qaz Dəhlizi əsasən Cənubi Avropaya hədəflənsə də Almaniya bu təşəbbüsü fəal dəstəkləyən dövlətlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır. Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi də ciddi əhəmiyyət daşıyır. Çünki bu anlaşmalar sadəcə siyasi deyil, eyni zamanda iqtisadi əməkdaşlığı təşviq edir. Bütövlükdə, Almaniya kanslerinin Qafqaz və o cümlədən Bakı səfəri region üçün əhəmiyyətli hesab oluna bilər»-deyə, iqtisadçı ekspert vurğulayıb.