YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməməlidir

«Ölkəmizdə  dövlət dili Azərbaycan dilidir. Amma «Təhsil haqqında» qanuna təklif  olunan dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. «Digər dillər» nədir? Dünyada 5 mindən çox dil var. Eləcə də 5 dil dünya dili hesab olunur. Qanun layihəsində isə bu məsələ aydın deyil. Bunun izahı verilməlidir». Bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu gün parlamentin növbədənkənar iclasında «Təhsil haqqında» qanuna dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.

Hikmət Babaoğlu qanunun 11-ci maddəsinə təklif edilən müddəalara da münasibət bildirib. Həmin maddədə icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan tərəfindən  təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi məsələsi əksini tapır. Millət vəkilinin fikrincə, burada sadəcə təhsilin keyfiyyətinin qiymətləndirilməsindən söhbət getməlidir: «Əgər təhsilin keyfiyyət təminatından danışırıqsa, onda bu, təhsil müəssisəsinə gedən yollardan, həmin  müəssisənin binasının keyfiyyətindən başlamış kadr məsələlərinə qədər böyük bir spekti əhatə edir. Ona görə də, layihədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi vurğulanmalıdır».

 

Hikmət Babaoğlu həmçinin, sənədin 15-ci maddəsinin 2-ci bəndinin qanundan tamamilə çıxarılmasını təklif edib. «Burada təsisçiləri  əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər,  xarici hüquqi şəxslər olan təhsil müəssisəsələrindən söhbət gedir.  Yəni bununla biz xarici ölkə vətəndaşlarına ölkəmizdə təhsil müəssisələri yaratmağa icazə veririk. Amma bilirik ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin Azərbaycan dövləti qarşısında heç bir hüquqi öhdəçiliyi yoxdur. Belə olan halda, onlar nə üçün ölkəmizdə təhsil müəssisələri açmalıdır? Onların ən müxtəlif məqsədləri ola bilər. Dünyada belə termin var-«qeyri-ərazi müstəmləkəçiliyi». Söhbət ondan gedir ki, ölkə ərazi baxımdan işğal olunmur, amma qeyri-ərazi baxımından işğal olunur. Yəni insanların, ölkə vətəndaşlarının beyni işğal edilir. Mən düşünürəm ki, əgər vətəndaşlığı olmayan şəxslər bu formada ölkəmizdə təhsil müəssisələri açacaqlarsa nəticə etibarilə biz qlobal imperialzimin qeyri-ərazi müstəmləkəçiliyinə məruz qala bilərik. Ona görə də bu müddəa qanun layihəsindən çıxarılmalıdır»-deyə, deputat vurğulayıb.

Hikmət Babaoğlu çıxışında həmçinin layihə ilə bağlı redaktə xarakterli təkliflər də  verib.

DİGƏR Xəbərlər Arxiv