YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Norbert Hofer: Avstriya Azərbaycanda həyata keçirilən nəqliyyat və İKT layihələrinə xüsusi maraq göstərir

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Vyanaya rəsmi səfəri çərçivəsində Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar naziri Norbert Hofer ilə görüşüb.

Görüşdə müxtəlif sektorlar üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair səmərəli müzakirələr aparılıb.

Ramin Quluzadə ölkəmizin təşəbbüsü ilə son illərdə həyata keçirilən regional əhəmiyyətli infrastruktur layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. Bununla yanaşı, İKT və rabitə sahəsində milli səviyyədə həyata keçirilən proqram və layihələr, o cümlədən Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinə toxunub. Nazir bu çərçivədə Avstriya şirkətlərini Azərbaycanın İKT və nəqliyyat sektorlarında daha fəal olmağa, öz məhsul və həllərini hər il Bakı şəhərində təşkil olunan “Bakutel” Beynəlxalq Telekommunikasiya Sərgisində nümayiş etdirməyə dəvət edib.

Norbert Hofer Avstriyanın Azərbaycanda həyata keçirilən nəqliyyat və İKT layihələrinə xüsusi maraq göstərdiyini söyləyib və bu xüsusda, iki ölkənin müvafiq qurumları və özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsini təklif edib.

Tərəflər ikitərəfli əməkdaşlığın hüquqi bazasını təkmilləşdirmək məqsədilə iki nazirlik arasında yeni əhatəli Anlaşma Memorandumunun hazırlanaraq imzalanması üzrə razılıq əldə ediblər. Həmçinin ikitərəfli əməkdaşlığın tənzimlənməsi üçün İKT və nəqliyyat məsələləri üzrə vahid işçi qrup yaradılması qərara alınıb.

Ramin Quluzadə Azərbaycanın haqlı müraciətinə cavab olaraq, “Austria Telekom” şirkətinə məxsus Bolqarıstanın “M-Tel” mobil operatorunun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom”la rouminq sazişini ləğv etməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı Ramin Quluzadə, həmçinin Bakı şəhərinin 2025-ci ildə “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyi etməklə bağlı namizədliyi barədə məlumat verib və Avstriyanı namizədliyimizi dəstəkləməyə çağırıb.