YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir Prezidenti Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib

Fevralın 22-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.

Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misir Prezidentinə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Şahin Mustafayev vurğulayıb ki, bu islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Qeyd olunub ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, ərazilərimizi işğal altında saxlamaqda davam edir.

Şahin Mustafayev Misirə səfəri çərçivəsində keçirdiyi görüşlər, Müştərək Komissiyanın iclası və imzalanacaq sənədlər barədə Misir Prezidentinə məlumat verib.

Bu ilin martında Misirdə prezident seçkilərinin keçiriləcəyi barədə məlumatlı olduğunu qeyd edən iqtisadiyyat naziri Prezident Əbdülfəttah əs-Sisiyə uğurlar arzulayıb.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi deyib ki, rəsmi Qahirə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Misir və Azərbaycan xalqlarının dost və qardaş xalqlar olduğunu vurğulayan Prezident Əbdülfəttah əs-Sisi ölkəsinin çətin vaxtlarında göstərilən köməyə görə Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Misir Prezidenti onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib və qarşıdan gələn prezident seçkilərində dövlətimizin başçısına uğurlar arzulayıb.