YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Əsas vəzifələrimizdən biri bölgələr üzrə peşə hazırlığı mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsidir

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə görüləcək işlərə dair müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində ölkəmizin regionlarında sürətli sosial-iqtisadi inkişafın təmin ediləcəyi ilə bağlı bəyan etdiyi vədlər ötən dövrdə bölgələrin dinamik inkişafında öz əməli təsdiqini tapıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident bununla əlaqədar “Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirilib. Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir”,- deyə vurğulayıb.

Nazir bildirib ki, dövlət başçısının təşəbbüsü və konkret tapşırığı əsasında regionların sosial-iqtisadi inkişafı məqsədilə 2004-cü ilin fevralında qəbul edilən ilk Dövlət Proqramı (2004-2008-ci illər), eyni zamanda sonralar qəbul edilən ikinci (2009-2013-cü illər) və üçüncü (2014-2018-ci illər) Dövlət Proqramlarının uğurlu nəticələri qeyri-neft sektorunun inkişafına da təkan verib: “Son 14 ildə milli iqtisadiyyatda 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,8 dəfə və qeyri-neft ixracında 4,1 dəfə, sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artıma, ölkənin valyuta ehtiyatlarının 23 dəfə artırılaraq 1,8 milyard dollardan 42 milyard dollara çatdırılmasına, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyuluşuna nail olunub. Həmin uğurlar bölgələrin sosial mənzərəsini müasirləşdirən bütün lazımi infrastruktur layihələrinin icrası, 3 mindən çox məktəbin, 600-dən çox tibb müəssisəsinin tikilməsi və ya təmiri, 12,3 min kilometr yolun çəkilməsi, 443 körpünün inşası, 30 elektrik stansiyasının tikilməsi, qazlaşdırmanın 51 faizdən 93 faizə (şəhərlərdə 100 faizə), fasiləsiz içməli su təminatının 26 faizdən 67 faizə (Bakı şəhərində 81 faizə) çatdırılması və s. kimi xüsusi önəm kəsb edən sosial nailiyyətlərin qazanılması ilə müşahidə olunub. Həmin Proqramların ən mühüm uğurlarından biri də əsasən regionlarda olmaqla çoxsaylı iş yerlərinin açılması, ölkədə işsizlik və yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı enməsidir”.

Qeyd edilib ki, xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi bölgələrdə əmək resurslarının məşğulluğunun əhəmiyyətli şəkildə artırılmasında əhəmiyyətli rol oynayıb. Ölkəmizin bütün regionlarını əhatə edən aktiv məşğulluq tədbirləri, o cümlədən rayon və şəhərlərdə əmək yarmarkaları təşkil edilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarının da 84 faizi regionlar üçün xarakterik olan ənənəvi kənd təsərrüfatı sahələrini əhatə edir: “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bir daha “Bu il biz özünüməşğulluq proqramını daha böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür”, deyə söyləyib. Qarşımızda duran əsas vəzifə dövlət başçısının tapşırığına uyğun olaraq, cari il ərzində 7 minə qədər aztəminatı ailəyə aktivlər verməklə onların kiçik ailə təsərrüfatlarını qurmalarını təmin etməkdir. Proqrama cəlb ediləcək ailələrin 83 faizinin regionlarda yaşayan ailələrdən ibarət olması nəzərdə tutulur”.

Bölgələrdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması işlərindən bəhs edən nazir bildirib ki, 2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Göyçay rayonunda, 2009-cu ildə Naxçıvan şəhərində yaradılan Regional Peşə Tədris Mərkəzləri bu sahədə əhəmiyyətli rola malikdirlər: “Son illərdə həmin Mərkəzlərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, onların maddi-texniki bazası gücləndirilib: “Əsas vəzifələrimizdən biri də bölgələr üzrə peşə hazırlığı mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsidir. 2014-2018-ci illərdə regional inkişaf üzrə Dövlət Proqramına uyğun olaraq, regionlarda əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması istiqamətində də məqsədyönlü işlər aparılıb. Həmçinin gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına dəstək məqsədilə BMT İnkişaf Proqramı ilə birgə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, son illərdə isə Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb. Məşğulluq mərkəzlərinin xidmətlərinin daha səmərəli vasitələr, daim yenilənən informasiya bazası üzərində formalaşdırılması sahəsində işlərə ilk olaraq İsmayıllı rayonundan başlanılıb və son illər həmin rayonda müasir iş metodlarına əsaslanan ilk pilot mərkəz qurulub”.