YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: İnsan kapitalının inkişafı onun müxtəlif sahələrdə hüquqlarının qorunmasının təmin olunmasını tələb edir

«Milli Məclisin komitələrində büdcə müzakirələri zamanı bir çox məsələlərə diqqət yetirildi. Son olaraq 5 komitənin birgə iclasında müzakirələrdə əsasən insan kapitalı və onun inkişafına dair məsələlər diqqət mərkəzində oldu. Biz bu sahədə dövlətin gördüyü işlər, vəzifələr və perspektivlər barədə ciddi müzakirələr apardıq. Ümumi vəziyyət yaxşıdır, inkişaf tendensiyası müşahidə olunur. Amma bu sahədə həm köhnədən qalmış, həm də inkişafın doğurduğu problemlər var. Bu problemləri aradan qaldırmalıyıq və onun büdcə təminatı olmalıdır». Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin  müzakirələri zamanı deyib.

B.Muradova bildirib ki, insan kapitalının inkişafı onun müxtəlif sahələrdə hüquqlarının qorunmasının təmin olunmasını  tələb edir. Onun fikrincə, bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik: «Dolayısı ilə insan hüquqlarına təsir göstərən bir sıra amillər var ki, bunlar xüsusilə hüquq-mühafizə, təhlükəsizlik və məhkəmə orqanlarının fəaliyyətinə bağlıdır. İşin çoxluğu,  hakimlərin, vəkilərin və müstəntiqlərin fəaliyyəti zamanı üzləşdikləri çətinliklər dolayısı ilə insan hüquqlarına mənfi təsirlərini göstərir. Tərəfdarıyam ki, hakimlərin sayı artmalı və bunun da büdcə təminatı vacibdir. Vəkillik sahəsində də problem çox ciddidir. Bu yaxınlarda qanunvericiyə etdiyimiz dəyişiklik özü də bu sahədə ciddi addımların atılmasını tələb edir».

Vitse-spiker qeyd edib ki, məhkəmələrdə vəkil rolunu oynayan nümayəndələrin fəaliyyətini tənzimləmək üçün qanunvericilik sahəsində atılan addımlar vəkillərin sayının artırılmasının və təminatının müəyyənləşdirilməsi işini vacib edir: “Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir çox məsələlərin aydınlaşdırmağın mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır. Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər  və  hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər. Parlamentin İnsan hüquqları komitəsinə gələn belə müraciətlərin sayı çoxdur. Bunu nəzərə alaraq deyə bilərəm ki, hüquq mühafizə, təhlükəsizlik və məhkəmə orqanlarının real və insan hüquqlarının qorunmasını təmin edəcək şəkildə həyata keçirilməsini təmin edən islahatları və dəyişiklikləri etməyə ciddi ehtiyac var».

B.Muradova həmçinin qaçqın və məcburi köçkünlərin problemlərinə də diqqət çəkib. Qaçqın və məcburi köçkünlərin həyat  şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlərin görüldüyünü deyən vitse-spikerin sözlərinə görə, buna baxmayaraq,  problemlər də var. «Onlar da ölkəmizin vətəndaşlarıdır və  harda, kimə məxsus mülkiyyətdə yaşamasından asılı olmayaraq evlə təmin olunmasını istəyirlər. Xüsusilə qəzalı evlərdə yaşayanlar köçürülməlidir və bunu tezliklə etmək lazımdır. Həmçinin, ayrı-ayrı evlərdə, özəlləşdirilmiş müəssisələrin həyətində, köməkçi qeyri-yaşayış məntəqələrində məskulaşan köçkünlər var ki, onların vəziyyəti həqiqətən də ağırdır. Onlar ilk növbədə köçürələsi insanların siyahısında olmasalar da vəziyyətləri acınacaqlıdır. Bu istiqamətdə də diferensial yanaşmaya ehtiyac var. Onların uçotu aparılmalıdır. Məsələn, Ağdamdan, Zəngilandan olan köçkünlər var ki, şəhid ailələridir. Onların ümumi qaydada ev növbəsinə götürülməsi mümkün olmur. Bu insanlar hazırda  yaşadıqları rayonlarda siyahıya alınmırlar, öz rayonları da yoxdur. Qaçqın-köçkün təbəqəsi içərisində şəhid ailələrinin ümumi siyahısı hazırlanmalı, onların harda məskunlaşmasından asılı olmayaraq ilk olaraq evlə təmin olunmalı təbəqələr kimi qəbul edilməlidirlər»- deyə, viste-spiker vurğulayıb.

B. Muradova bütövlükdə 2018-ci ilin dövlət büdcəsini təqdir edib və millət vəkillərini bu qanun layihəsinə səs verməyə çağırıb.