YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: "Müxalifət düşərgəsində şəxsiyyət yoxdur"

"Bu gün Azərbaycanda dini baxımdan heç bir problem yoxdur. Kimsə bunu bəhanə edib din pərdəsi altında hər hansı bir xarici təşkilatların, kəşfiyyat orqanlarının, terror təşkilatlarının ideyasını, layihəsini həyata keçirmək istəyirsə, mən komitə sədri kimi bəyan edirəm ki, bunlar yersizdir".

Bunu APA TV-yə müsahibəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,  Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən dövlətlər mövcuddur, onların vassalları var və ayrı-ayrı insanları, şirnikləndirmə, aldatma, təhrik yolu  ilə bu işlərə qoşmaq istəyir: "Bunların arasında macara axtaranlar da, pul qazanmaq istəyənlər də, öz şəxsi problemlərini bu ad altında həll etmək istəyənlər də var. Bu kimi insanlarla hüquq-mühafizə orqanlarının işi çox qəti şəkildə olacaq. Xırdalanda DTX tərəfindən keçirilən əməliyyat da buna əyani sübutdur. Azərbaycanda hüququ pozan şəxs kimliyindən asılı olmayaraq, - istər dindar, istər jurnalist, istər şair, istər deputat, istərsə də nazir olsun - fərqi yoxdur, qanun qarşısında hamı bərabərdir".

Komitə sədri hesab edir ki, fərqli düşüncə hər kəsdə ola bilər. Amma bunun təkamül yolu var, radikal yolu yoxdur.

Siyavuş Novruzov müxalifətin mitinqindən əvvəl keçirilən əməliyyatla bağlı səsləndirlən fikirlərə də münasibət bildirib: "Son mitinqlərdə də müşahidə etsəniz, görərsiniz ki, xüsusi qurğular quraşdırılıb ki, əhalinin sıx toplaşdığı yerlərə heç kəs partlayıcı maddələr, silah-sursat gətirə bilməsin. Bu onlara xidmətdir, əslində isə bunlar onu da başqa cür əsaslandırmağa çalışırlar. Guya bütün bunlar insanları qorxutmaq üçündür. Birmənalı olaraq xeyr! Bu, insanların təhlükəsizliyinin təminatıdır. Əksinə, onlar istəyir ki, orda bir partlayış və qarşıdurma olsun, orda kimsə ölsün. Kimsə yaralansın ki, bundan daha genişmiqyaslı şou düzəltsinlər. Dünya ictimaiyyətinə, beynəlxalq aləmə, ayrı-ayrı televiziyalara və bunları bu işə təhrik edənlərə göstərsinlər ki, biz sizin tapşırığınızı necə "ləyaqətlə" yerinə yetiririk. Çünki onların stabil, sakit mitinq keçirmək üçün şüarı yoxdur. Bunların 90-cı illərdən qalmış naftalinli fikirləri ilə bağlı heç kəs o mitinqə getməyəcək. Birincisi, ideyanı verən şəxsiyyət olmalıdır. İkincisi isə orda şəxsiyyət yoxdur".

Komitə sədri Azərbaycan dövlətinin qanunun aliliyi ilə idarə olunduğuna diqqət çəkərək əlavə edib ki, hər hansı bir orqan, qurum və yaxud fərd ölkəni idarə edə bilməz: "Dünyanın hər yerində həbsxanalardan da qaçanlar olur, qatardan da. Bunu hər hansı bir anarxiya, xaos, sosial problemlərin qarışmağı kimi qiymətləndirmək olmaz. Nə vaxtdan "oğru aləmi" sosial problem həll edən olub, pensiya və maaşın artırılmasını müəyyənləşdirib? Və yaxud regionların iqtisadi inkişafı ilə məşğul olub? Onların öz aləmi var. Mən belə şeyləri bilmirəm, heç qarışmaq da istəmirəm, amma onlar öz sahələri məşğul olan adamlardırlar. Azərbaycanın dövləti və dövlətçiliyi var".

Siyavuş Novruzov qeyd edib ki, qanunu pozanlar onun aliliyi qarşısında cavab verəcəklər.