YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəriman Əliyev: Ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir

«Ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib». Bu fikirləri Milli Məclisin deputatı Nəriman Əliyev deyib.

N.Əliyev bildirib ki, son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Onun sözlərinə görə, sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. İş ondadır ki, hökumət əsasən bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir.

«Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin 80 faizə qədəri məhz regionların payına düşür, əsasən kənd təsərrüfatına diqqət yönəlir. Bundan başqa, aparılan siyasətin başlıca hədəfi daha çox istehsal sahələrini nəzərdə tutan layihələri maliyyələşdirməkdən ibarətdir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin mütləq hissəsi istehsal və emalyönümlü olub. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb. Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və Prezident sahibkarlara Öz dəstəyini bəyan edib. Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində də dövlət başçısı bildirib ki, son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib. Yerli istehsalın inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkə Prezidenti sahibkarlığa daha böyük diqqət ayrılmasını zəruri hesab edir. Bu məqsədlə son illər sahibkarlığın inkişafı istiqamətində dövlət başçısı tərəfindən müvafiq qərarlar qəbul olunub, eləcə də qanunvericilik bazası təkmilləşdirilib. İnanırıq ki, bundan sonra da sahibkarlar dövlətin onlara göstərdiyi etimadı doğrultmağa çalışacaqlar»- deyə, deputat vurğulayıb.