YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük işlər gedir

 «Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük işlər gedir. Cənab Prezidentin göstərişlərinə və tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatının yeni bir mərhələsinə start verilib. Kənd təsərrüfatının inkişafına qoyulan vəsaitlər, investisiyalar özünü doğrultmaqdadır». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq emal müəssisələrinin, zavod və fabriklərin açılması, yeni iş yerlərinin yaradılması, insanların yenidən əkin-biçinlə məşğul olması diqqət mərkəzindədir. Onun sözlərinə görə, məhz bunun nəticəsi olaraq həm insanların gəlirləri artır, həmçinin ölkənin ərzaq təhlükəsizliyi məsələsi həll olunur, eləcə də Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsulları ölkəyə xarici valyuta gətirir.

«Bu gün tək Azərbaycan bazarları deyil, eləcə də ayrı-ayrı ölkələrin bazarlarında da Azərbaycan məhsulları çox yüksək qiymətləndirilir. Çünki ölkəmizdə istehsal olunan məhsullar ekoloji cəhətdən təmiz, həmçinin keyfiyyətlidir. Ona görə də xarici bazar problemimiz yoxdur. Bu baxımdan kənd təsərrüfatına qoyulan investisiyalar qısa müddət ərzində həm özünü doğruldacaq, həm də ölkəmizə əlavə gəlirlər gətirəcək. Qeyd edim ki, bundan öncə Sabirabad rayonunda Prezidentinin iştirakı ilə keçirilən müşavirədən sonra atılan addımlar nəticəsində kənd təsərrüfatının inkişafına qoyulan investisiyalar artıq öz bəhrəsini verməkdədir. Keçirilən müşavirələrdə ayrı-ayrı rayonlarda istehsal olunacaq məhsulların miqdarı, onların gətirəcəyi gəlirlər, qoyulan investisiyalar və s. məsələlərin müzakirəsi aparılır və öz həllini tapır. Məhz bunun nəticəsidir ki, son zamanlar yüksək göstəricilər əldə edilir. İnanırıq ki, Azərbaycan aqrar sahədə çox böyük uğurlar əldə edəcək»- deyə, S.Novruzov qeyd edib.